Macarıstanda oğurlandığı iddia edilən Ukraynanın “Oşçadbank” bankına məxsus inkassasiya avtomobillərinin Budapeştdə Antiterror Mərkəzinin ərazisində saxlanıldığı bildirilir.
Bu barədə Ukrayna mediası məlumat yayıb .
Məlumata görə, Antiterror Mərkəzi Macarıstanın Daxili İşlər Nazirliyinə tabe olan xüsusi güc strukturu hesab olunur.
Ukrayna Milli Bankı isə açıqlamasında bildirib ki, avtomobilləri müşayiət edən “Oşçadbank”ın yeddi əməkdaşının harada olduğu hələ də məlum deyil və onlarla mobil əlaqə yoxdur.
Bankın məlumatına görə, GPS siqnallarına əsasən, inkassasiya avtomobilləri Budapeştin mərkəzi hissəsində ola bilər.
Ukrayna Milli Bankı qeyd edib ki, inkassasiya briqadaları Avstriyanın "Raiffeisen Bank International AG" bankı ilə “Oşçadbank” arasında bağlanmış beynəlxalq müqavilə çərçivəsində böyük həcmdə xarici valyuta və bank metalları daşıyırdı. Bildirilir ki, yük beynəlxalq daşımalar qaydalarına və Avropa gömrük prosedurlarına uyğun şəkildə rəsmiləşdirilmişdi.
Rəsmi Kiyev Macarıstandan Ukrayna vətəndaşlarının dərhal azad edilməsini, onların saxlanmasının səbəblərinə dair rəsmi izahat verilməsini, həmçinin inkassasiya avtomobillərinin və daşınan yükün taleyi barədə məlumat təqdim olunmasını tələb edib.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa isə bəyan edib ki, Macarıstan hakimiyyəti faktiki olaraq Ukraynanın yeddi vətəndaşını girov götürüb. Onun sözlərinə görə, Ukrayna Xarici İşlər Nazirliyi bununla bağlı Budapeştə rəsmi nota göndərib və məsələ ilə bağlı Avropa İttifaqına müraciət etməyə hazırlaşır./azpolitika.info