Bakıda narkotikə görə tanışını öldürən şəxsə hökm oxundu

Bakıda 10 il əvvəl qətl törətməkdə təqsirləndirilən Zaur Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Stopnarkotik.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Zaur Sadıqov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Yasamal rayonunda 2013-cü il martın 30-da İsmayıl Zeynalovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Müəyyən edilib ki, Bakı şəhər sakini Zaur Sadıqovla 29 mart 2013-cü il tarixdə saat 21 radələrində tanışı İsmayıl Zeynalovun arasında avtomobildə mübahisə baş verib, Zaur Sadıqov avtomobili yolda saxlayaraq maşından enməyə çalışan narkotik vasitələrin təsiri altında olan İsmayıl Zeynalova bədəninin müxtəlif nahiyələrinə təpiklə zərbələr vurub əlləri ilə onu boğaraq öldürüb, daha sonra narkotik vasitənin doza həddini aşması səbəbi ilə ölməsi görüntüsünü yaratmaq üçün onu küçədə səki üstünə sürüyüb qoyaraq hadisə yerindən uzaqlaşıb.