Sonu ölümlə, fəlakətlə, rəzilliklə bitən narkomaniya müasir dövrdə bəşəriyyəti ən çox düşündürən, narahat edən ağır problemlərin əsasında durur. İşin daha pis tərəfi odur ki, gənclər arasında narkomaniyaya meylli olanlar çoxalmaqdadır. Bu gün artıq 13-14 yaşlı yeniyetmələrin arasında da narkotik maddənin “tamını” bilənlər vardır.
Azərbaycanda gəncləri bu bəladan uzaq salmaq üçün müxtəlif tədbirlər görülür. Bütün bunlara baxmayaraq, hər il narkomanların sayı artır. Odur ki, onunla mübarizə aparmaq nəinki dövlətin, hər birimizin vətəndaşlıq borcudur.
Astara Pedaqoji Kollecində “Narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və problemlər”, “Erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadları” mövzusunda təşkil edilən maarifləndirici tədbirdə də bunlar deyildi.
Tədbirdə öncə Vətən uğrunda canından keçən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Astara Pedaqoji Kollecinin direktoru, professor, şəhid atası Kamran Kazımov tədbiri açaraq bildirdi ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin səmərəliliyi üçün birgə səylərlə ciddi, barışmaz və ardıcıl tədbirlərin görülməsi olduqca zəruridir. Doğrudur, dövlətimiz həmişə bu dəhşətli bəlaya qarşıdır. Elə tədbirimiz Azərbaycan Respublikası Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü il üçün İş Planına əsasən keçirilir. Hazırda narkomaniya qarşı mübarizə bütün dünyada qlobal çağırışlardan biri olduğuna görə, belə bir şəraitdə maarifləndirmə işlərinin əhəmiyyəti böyükdür. Bir sözlə, öz gələcəyini düşünən bütün vətəndaşlarımız birləşib, vaxtında “ağ ölüm”ə “ölüm hökmü” verməlidir.
Kollecin Biologiya müəllimi Aygün Səfərova isə “Narkomaniyaya yox deyək” mövzusunda məruzə etdi: “Narkomaniya təhlükəli və sosial əhəmiyyətli xəstəlikdir. Narkomanlar psixi, fiziki sağlamlığı itirməklə özlərinə, həmçinin olduğu cəmiyyətə böyük zərər vururlar. Bir də onu deməyi vacib sayıram ki, bu yolu seçənlərin nə şəxsiyyəti, nə düşüncəsi, nə də hissiyyatı olur”.
Digər çıxışçılar - Müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatının sədri, istefada olan polis polkovnik-leytenantı, Astara Pedaqoji Kollecində İctimai Şura sədri Rafiq Əliyev, Astara Rayon İcra Hakimiyyətində humanitar şöbənin məsul əməkdaşı Fikrət Talıbov, Astara rayon Mərkəzi Xəstəxanasının həkimi Fuad Səmədov, Astara rayon 1 saylı orta məktəbin direktoru, Astara Pedaqoji Kollecində İctimai Şura üzvü Xədicə Əliyeva, YAP Astara rayon təşkilatının təşkilati məsələlər üzrə məsləhətçisi Elçin Məmmədəliyev, Astara rayon Şüvi kənd məktəbinin direktoru, Astara Pedaqoji Kollecində İctimai Şura üzvü Adil Rzayev, Mərkəzi Kitabxananın müdiri Emin Baxşiyev, kollecinin kimya-biologiya müəllimi Nilufər Baxşiyeva narkomaniyanın yaratdığı problem və fəsadlardan, dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün təhlükələrdən, narkotik vasitələrə yaranan asılılıqdan, ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən, eləcə də erkən nikahın və qohumlar arasında nikahın insan həyatına gətirdiyi mənfi hallardan söz açdılar, bu istiqamətdə zəruri maarifləndirmə işlərinin müntəzəm görülməsinin olduqca vacibliyini dedilər.
Daha sonra tələbələrin verdiyi suallar cavablandırıldı, video-çarx nümayiş olundu.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü