Narkotik ticarətinə qarşı mübarizənin "qalibləri"! – OKTYABRDA SABUNÇU POLİSİ DAHA FƏAL OLUB / SİYAHI

Stopnarkotik.az-dan tam fərqli layihə!

Dəyərli oxucular!

Stopnarkotik.az saytı hər ay öz fərqli layihəsi ilə görüşünüzə gəlməkdədir. Sizlərə də məlum olduğu kimi, saytımızın əməkdaşları ay ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə aparan rəsmi qurumların fəaliyyətini yaxından izləyərək, onların “məhsuladarlığı” ilə bağlı müqayisəli təhlil yazısı dərc etməkdədir. Bununla, hər bir qurumun fəaliyyəti ilə əlaqədar geniş bilgilər əldə etməklə yanaşı, ayın “qalibləri”ni də tanımış olursunuz.

Əlavə olaraq, hər ayın yekununda bütün dövlət qurumlarının hesabat dövründə gördüyü işlərlə bağlı mətbuatda dərc olunan yazıların statistikasını da sizlərə təqdim etməkdəyik.

Layihə çərçivəsində təkcə qurumlararası rəqabət mühiti yaratmağa çalışmır, o cümlədən, polis idarələri və rayon polis şöbələrinin narkotik alverinə, narkomaniyaya qarşı apardığı fəaliyyəti də müqayisəli şəkildə təqdim edirik.

Beləliklə, bu dəfə OKTYABR ayının nəticəsi ilə oxucularımızı tanış edirik.

Narkotacirlərin sayında azalma müşahidə olunur

**

İlk öncə onu qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) ötən aylarda olduğu kimi, sentybarda da narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar mətbuata gündəlik rəsmi açıqlamalarını davam etdirib. DİN-in rəsmi məlumatlarına istinadən deyə bilərik ki, oktyabrda həbs olunan narkotik tacirlərinin sayında ötən aya nisbətən ciddi azalma müşahidə olunub. Belə ki, sentybarda narkoticarətlə məşğul olan 502 nəfərin qoluna qandal vurulmuşdusa, oktyabrda saxlanılanların sayı cəmi 389 nəfər olub.

DİN-in sentyabrda keçirdiyi əməliyyatlarla bağlı aşağıdakı linkə daxil olaraq, daha ətraflı informasiya əldə edə bilərsiniz:

 

Bundan əlavə, oktyabrda Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilən əməliyyatlarının sayında da ciddi azalma var. Məsələn, əvvəlki ay Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən 2, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Su Nəqliyyatında Polis İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ayrı-ayrılıqda 1 əməliyyat keçirilsə də, oktyabrda ümumilikdə 2 əməliyyat baş tutub ki, nəticədə 2 nəfər narkotacirlə yanaşı, narkotik istifadə etməkdə ittiham olunan tiktokerin də qoluna qandal vurulub:

Hesabat dövründə Dövlət Sərhəd Xidməti (DSX) yenə passiv fəaliyyəti ilə seçilib. Qurum oktyabr ayında cəmi 2 dəfə fərqlənə bilib və bu zaman İrandan ölkəmizə külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb:

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti də, sentyabrda olduğu kimi, oktyabrda da belə desək, “açıq qapı” prinsipinə sadiq qalıb. Belə ki, avqustada 3 dəfə təcridxanaya (ərinə, qohumuna, tanışına və s.) narkotik maddə keçirilməsinin qarşısı alınsa da, sentyabr və oktyabrda bircə fakt da aşkarlanmayıb.

Dövlət Gömrük Komitəsi (DGK) sentyabrda bir fakt üzrə seçilsə də, hesabat ayında xeyli fəal olub. Gömrükçülər oktyabrda 3 fakt üzrə ölkə sərhədindən keçirilən narkotik vasitələrin qarşısını almağı bacarıb:  

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası da hər ay olduğu kimi, oktyabrda da narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı statistik məlumatları açıqlamaqla işini bitmiş hesab edib:

**

Ölkə üzrə polis idarə və şöbələrinin fəaliyyətinə gəldikdə isə, ötən ay olduğu kimi, oktyabrda da ümumi nəticəni qənaətbəxş hesab etmək olmaz. Hansı ki, Naxçıvan MR və paytaxt Bakının rayonları ilə birlikdə oktyabrda cəmi 23 polis idarə və şöbəsi narkotiklərin qanunsuz dövriyyəsinin və narkomaniyanın qarşısının alınması istiqamətində aparılan mübarizəyə dəstək verməyi bacarıblar. Bunların da əksəriyyəti, yəni 15-i yenə ay ərzində cəmi 1 fakt üzrə seçilə bilib.

Naxçıvan MR-də isə ümumilikdə 3 əməliyyat keçirilib ki, bunlar da yerli polis əməkdaşlarının aktivinə yazılan faktlardır:

Beləliklə, dəyərli oxucularımızı oktyabrda daha fəal olan polis idarə və şöbələrinin fəaliyyəti ilə yaxından tanış edək. Məlumat üçün bildirək ki, ötən ay Sabunçu Rayon Polis İdarəsi (RPİ) 4 uğurlu əməliyyat keçirməklə, ilk yerdə qərarlaşıb. Hətta bu rayonun polis əməkdaşları “narkotik yarışında” özlərindən sonrakı yeri də boş saxlayaraq, ən aktiv həmkarlarına cəmi 2 fakt üzrə seçilmə “şansı tanıyıb”. Bu baxımdan, Sabunçu RPİ əməkdaşlarının oktyabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsini qənaətbəxş hesab etmək olar:

Hesabat ayının ikinciləri Nəsimi RPİ, Suraxanı RPİ, Xəzər RPİ, Beyləqan RPŞ Hacıqabul RPŞ olub. Bu polis idarə və şöbələrinin hər biri ötən ay 2 əməliyyat keçirərək, öz həmkarlarından fərqlənməyi bacarıblar:

Gəncə Şəhər Polis İdarəsi (ŞPİ), Sumqayıt ŞPİ, Yasamal RPİ, Füzuli RPŞ, Göyçay RPŞ, İsmayıllı RPŞ, Lənkəran RPŞ, Oğuz RPŞ, Qazax RPŞ, Sabirabad RPŞ, Şəki RPŞ, Şirvan RPŞ, Siyəzən RPŞ, Xaçmaz RPŞ, Yardımlı RPŞ və Zərdab RPŞ isə ötən ay hərəyə 1 əməliyyatla mübarizəyə töhfə verməyə çalışıblar:

 

Təkrar cinayətkarlıq

Hesabat ayında təkrar cinayətkarlıq sahəsində vəziyyət olduqca acınacaqlı olub. Belə ki, sentyabrda ümumilikdə 45 təkrar cinayətkarlıq faktı qeydə alınsa da, oktyabrda bu rəqəm 69-a yüksəlib. Bunun da 18-i bilavasitə narkotiklə, 51-i isə digər cinayətlərlə bağlı olub:

 

Bu dəfə də qeyd etməyi özümüzə borc bilirik ki, əslində, təkrar cinayətkarlıq faktı ilə bağlı son ayların statistikası cəmiyyətdə SOS siqnalı veriləcək dəhşətli nəticə hesab oluna bilər. Bu, ən azı onu deməyə əsas verir ki, hazırda ölkə həbsxanaları heç də məhbusları islah etmir, əksinə, belə demək mümkündürsə, yeni-yeni kriminal ünsürlər yetişdirərək, topluma ixrac edir.

Onu da nəzərə alsaq ki, bütün statistik göstəricilər üzrə açıqladığımız rəqəmlər sadəcə Stopnarkotik.az saytının aşkarladığı məlumatlardır və əməkdaşlarımızın diqqətindən qaçan, eləcə də mətbuata açıqlanmayan faktların daha çox olduğunu da nəzərə alsaq, ölkədə istər təkrar cinayətkarlığın, istər də narkoticarətin və narkomaniyanın cəmiyyətimiz üçün ciddi problemə çevrildiyini deyə bilərik.

**

Oktyabrda narkotikin təsiri altında avtomobil idarə edən 23 sürücü də saxlanılıb ki, bunlar da yol polisinin aktivinə yazılmalı olan hallardır:

Bundan əlavə, hesabat dövründə narkotik ticarəti ilə bağlı 2 qalmaqallı məhkəmə prosesi də keçirilib ki, bunlar medianın diqqətini cəlb edib:

Beləliklə, 2024-cü il oktyabr ayının yekun mənzərəsinə əsasən qeyd edə bilərik ki, ölkəmizdə narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görüləcək hələ çox işlər var. İnanırıq ki, qarşıdakı aylarda bu bəladan xilas olmaq üçün hər bir vətəndaşımız əlindən gələni əsirgəməyəcək, 44 günlük İkinci Qarabağ Müharibəsində olduğu kimi, yenə də ölkəmizi, gəncliyimizi “narkotik savaşı” ilə məhv etməyə çalışan xarici qüvvələrə qarşı həmrəylik nümayiş etdirəcəyik.

Stopnarkotik.az saytı olaraq hər bir vətəndaşımıza sağlam həyat, sağlam gələcək arzu edirik.

Stopnarkotik.az

P.S. Dəyərli oxucularımızın diqqətinə onu da çatdıraq ki, 2023-cü ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları, eləcə də 2024-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust və sentyabr aylarında narkotik ticarətinə qarşı mübarizənin nəticəsi ilə tanış olmaq üçün aşağıdakı linklərə daxil ola bilərlər: