Narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs məhkəmə zalında həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddəsi ilə təqsirli bilinən Cəlilov Mirzədadaş Əbdülcabar oğlunun məhkəmə prosesində hökm oxunub.

Dövlət ittihamçısı ötən prosesdə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilən Mirzədadaş Cəlilovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili Toğrul Məmmədov müvəkkilinin ilk dəfə məhkum olunmasını, cinayətin açılmasında polisə kömək etməsini, himayəsində xəstə həyat yoldaşının olmasını nəzərə almasını xahiş edib. Sonra son söz nitqi ilə çıxış edən Mirzədadaş Cəlilov hakimdən ona aşağı cəza verməyini xahiş edib. 

Çıxışlar bitdikdən sonra hakimlər müşavirəyə gedib. Müşavirədən sonra hökm elan olunub. Hökmə əsasən Mirzədadaş Cəlilov barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunaraq 5 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Mirzədadaş Cəlilov ötən ilin iyul ayında Sabunçu rayonu ərazisində çətənə kollarının kultivasiyası və narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə həbs edilib. Ancaq onun ilk dəfə cinayət törətməsini nəzərə alaraq barəsində həbslə olmayan qətimkan tədbiri seçilib./"unikal"