Stopnarkotik.az xəbər verir ki, Azərbaycanda dələduzluq halları günbəgün artır. Hansı ki, dələduzlar müxtəlif yollarla – kimisə işə düzəltmək, kiminsə məhkəmədə problemini həll etmək, kimisə həbsdən azad etdirmək və s. yalan vədlərlə insanların pulunu mənimsəyir, onları daha böyük problemlərlə üz-üzə qoyurlar.
Etibarlı qanyaqlardan əldə etdiyi məlumata əsasən, bu kimi hallarla əlaqədar həbsxanada cəza çəkən şəxslərin sayı ötən ilin birinci yarısında 1000 nəfərdən çox olub. 2024-cü ilin ikinci yarısında isə bu rəqəm xeyli artıb. Əslində, bunu hər ay apardığımız araşdırmanın nəticəsi də ortaya qoyur.
Araşdırmalara əsasən deyə bilərik ki, ölkəmizdə dələduzluq hallarının artmasının bir neçə səbəbi var. O cümlədən, qanunvercilikdə mövcud olan bəzi boşluqlar da dələduzlar üçün əlavə imkanlar yaradır. Məsələn, milyonlarla manatlıq vəsaiti dələduzlulqa mənimsəyən şəxslərlə 3-5 min manatın “arxasına keçənlər”ə verilən cəzada elə də ciddi fərq qoyulmur. Nəticədə “kiçik dələduzlar” kimi, böyük məbləğləri mənimsəyən insanlar da, təkrar törədilmə faktı istisna olmaqla, maksimum 5-7 il müddətinə həbsdə yatır, azadlığa çıxdıqdan sonra isə ələ keçirdiyi milyonları rahat şəkildə xərcləyir.
Bundan əlavə, qanunvericilikdə iri məbləğlərin zərərçəkmişə geri qaytarılması məsələsində də normal mexanizm işlənib hazırlanmayıb. Hansı ki, bəzi hallarda dələduzların adına heç bir əmlak və rəsmi gəliri olmayanda, məhkəmə onun qarşısına mənimsədiyi külli miqdarda vəsaiti hər ay xırda-xırda qaytarmaq məcburiyyəti qoyur. Bu isə, şübəsiz, zərərçəkəni qane etmir. Həmçinin, ələ keçirilən məbləğin uzun müddətdə qaytarılması haqq-ədalətin bərpasını da yetərli səviyyədə təmin etmir. Odur ki, bu məsələdə ciddi hüquqi tədbirlərin görülməsi vacibdir.
Bir daha qeyd edək ki, ölkədə dələduzluq hallarının artması haqda qənaətimiz heç də əsassız deyil. Təkcə son bir neçə ayda saytımızda dərc olunan rəsmi informasiyalara əsasən deyə bilərik ki, bu sahədə SOS siqnalı verməyin zamanıdır. Əks halda, vəziyyət günbəgün daha acınacaqlı duruma gəlib çata bilər.
Artıq dəyərli oxucularımıza məlumat verdiyimiz kimi, 2024-cü ilin oktaybr ayından etibarən Stopnarkotik.az olaraq, ölkəmizdə baş verən dələduzluq faktları ilə bağlı rəsmi statistikanı aybay izləməyə və bununla bağlı oxucularımıza məlumat verməkdəyik. Daxili İşlər Nazirliyi (DİN) tərəfindən açıqlanan rəsmi statistikaya istinadən deyə bilərik ki, oktyabrda Azərbaycanda 148, noyabrda isə bundan 90 fakt çox - 238 dələduzluq faktı qeydə alınıb. 2024-cü ilin sonuncu ayında – dekabrda isə 217 faktla bağlı açıqlama verilib ki, aşağıdakı linkə daxil olaraq, bu haqda daha ətraflı məlumat ala bilərsiniz:
P.S. Bir daha qeyd edək ki, təqdim etdiyimiz göstəricilər sadəcə Stopnarkotik.az saytının aşkarladığı məlumatlardır və əməkdaşlarımızın diqqətindən qaçan, eləcə də mətbuata açıqlanmayan faktların rəsmi statistik rəqəmlərdən 5-7 dəfə çox olduğunu da nəzərə alsaq, ölkədə dələduzluq hallarının ciddi problemə çevrildiyini deyə bilərik.
Stopnarkotik.az