"İnstaqram"da tanış olduğu 13 yaşlı qızı aldadıb 80 min manatlıq qızıl aldı - ÖZÜNƏ BİZNES QURDU

Bakıda 13 yaşlı qızdan külli miqdarda qızıl və pul alan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəlilabad rayon Göytəpə şəhər sakini 2003-cü il təvəllüdlü E.Məmmədova 6 il həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-Külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, E.Məmmədov instaqram sosial şəbəkəsində orta məktəbin 7-ci sinif şagirdi olan Aytacla (ad şərtidir) tanış olub. Onlar arasında səmimi münasibət yaranıb və E.Məmmədov yeniyetmə qıza biznes qurmaq istədiyini bildirib.

Bundan sonra Aytac yaşadığı evdəki seyfdən gizli şəkildə 2500 manat, 3 min dollar və 80 min manata yaxın dəyəri olan qızıl-zinət əşyalarını götürərək yaşadığı Xətai rayonu Süleyman Vəzirov küçəsindəki binanın dəhlizində E.Məmmədov​a verib.

Hadisənin üstü açılandan sonra Aytac E.Məmmədovun ona hədə-qorxu gələrək pul və qızılları aldığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş başlanılıb. Lakin məhkəmə istintaqı zamanı hədə-qorxu iddiası təsdiqini tapmayıb və gənc oğlanın məktəbli qızı aldadaraq külli miqdarda qızıl və pul alması müəyyən edilib. Bu səbəbdən məhkəmə ona dələduzluq cinayəti üzrə cəza təyin edib.

Qeyd edək ki, E.Məmmədov əldə etdiyi pul və qızıl-zinət əşyaları vasitəsilə özünə 8-ci kilometr bazarında ayaqqabı mağazası açıbmış./“qafqazinfo”