Penitensiar Xidmətə işə düzəltmək adı ilə dələduzluq edən şəxsə HÖKM OXUNDU

Bir neçə nəfərə qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən Abbas Hətəmovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı təqsirləndirilənin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il 6 ay azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.

Müşavirədən sonra Abbas Hətəmovun 5 il azadlıqdan məhrum olunması ilə bağlı hökm elan edilib.

Qeyd edək ki, istintaqla məlum olub ki, Abbas Hətəmov 2022-ci ilin oktyabr ayında Azər Babaşovun 6700 manatlıq xırdabuynuzlu heyvanlarını dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa 2023-ci ilin dekabr ayında Səxavət Məmmədovun oğlunu 22 min manata Penitensiar Xidmətə işə düzəltməyə söz verərək həmin məbləği sonuncudan alıb.

Həmçinin Abbas Hətəmov Gültəkin Rəhimovadan 67.2 kvadratmetr mənzil üçün 2024-cü il avqustun 13-də 101 min 500 manat pulu alaraq qadına qarşı külli miqdarda dələduzluq edib.

Onu da qeyd edək ki, təqsirləndirilən Abbas Hətəmov 2020-ci ildə də dələduzluğa görə 3 il azadlıqdan məhrum edilib. O, həmin vaxt da özünü Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək Hacıqabul rayonunda vətəndaşlardan xeyli miqdarda, yəni 21 min manat pul alıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.