Narkotik asılılarının müalicəsində “YENİ PƏNCƏRƏ” – İndi xroniki xəstələr də sağala bilər...

Artıq “Metadon proqramı” bir çox ölkələrdə dayandırılır

Ölkəmizdə narkotik asılılarının müalicəsində “Metadon proqramı”ndan istifadə olunur. Amma “metadon” əsasən xroniki xəstələrə tətbiq olunur. O xəstələrə ki, uzun müddətdir narkotik istifadəçisidir, aktiv opioid qəbul edir, dəfələrlə xəstəxanada yatsa da müalicə səmərə vermir, narkotikdən uzaq dura bilmir.

Burada da məsələ ondan ibarətdir ki, xəstələr “metadon”u həyatlarını davam etdirmək üçün içirlər. Başlıca hədəf sadəcə zərərin azaldılmasıdır.

“Metadon” opiumdan, heroindən, tiryəkdən daha yüngül, daha rahatdır, amma narkotik asılılığını müaicə etmir. Xəstə sadəcə gündəlik həyatına davam edə bilmək və iş qabiliyyətini saxlamaq üçün “Metadon proqramı”na cəlb olunur.

“Zərərin azaldılması” dedikdə o nəzərdə tutulur ki, asılı şəxs ağır narkotiklərin ucbatından kriminal folklorda “lomka” deyilən ağrı sindromu yaşamasın, aşırı dozadan həyatını itirməsin, aqressivləşməsin, narkotik əldə etmək üçün heç kimə hücum etməsin və s. Amma “metadon”la asılılıqdan müalicə olunmaqdan, sağalmaqdan söhbət gedə bilməz. Bu baxımdan, indi əksər inkişaf etmiş ölkələrdə bu kimi metodlara paralel olaraq, xəstələrin tədricən sağalması üzərində də iş gedir…

**

Ümumiyyətlə, dünyada narkotik asılılığından müalicədə müxtəlif yanaşmalar var. Narkotikin yaratdığı asılılığın daha çox kəskinləşməsi, aşırı dozadan ölüm hallarının çoxalmasının səbəbi əsasən narkotik dozasına qarışdırılan sintetik kimyəvi qarışıqlardır. Yəni sintetik narkotiklərdir. Bu qarışıqlar narkotikdən müalicə faktorunu çətinləşdirir, azaldır. Dünya bununla mübarizənin fərqli metodlarını tətbiq edir. Məsələn, “buprenorfin” və “nalokson” preparatlarını misal çəkə bilərk. Hansı ki, Azərbaycanda da “buprenorfin”lə müalicəni “Metadon proqramı”na qoşmaq olar. Yəni xəstənin “metadon” qəbulunu tam dayandırmayaraq, mərhələ ilə metadonun qəbulunu azaltmaq və “buprenorfin”ə keçmək mümkündür. Bu, həm də daha faydalıdır. Çünki “metadon” xəstənin narkotikdən qopmasını təmin etmir, sadəcə yuxarıda sadaladığımız ağırlaşmaların qarşısını almaq üçün prosesin süründürülməsinə xidmət edir.

Bu baxımdan, xəstələrin narkotikdən, kimyəvi asılılıqdan qurtulmasını hədəfləyir və onların həqiqətən sağalmasını istəyiriksə, müalicə prosesinə “buprenorfin”i daxil edə bilərik.

Yeri gəlmişkən, “buprenorfin” tətbiqi ilə müalicə “Bernes metodu” adlanır. “Bernes metodu”nun müsbət tərəfi odur ki, “buprenorfin”lə müalicə daha az asılılıq yaradır və aşırı dozadan ölüm riski çox aşağı olur. Həm də "sağalmaz" hesab edilən narkotik aludəçilərinin “metadon”la mülicədən “buprenorfin”ə keçid edərək sağalma imkanları da var. Bir halda ki, ümumiyyətlə “metadon”la sağalma mümkün deyil, deməli, “Bernes metodu” ilə xroniki ağrıları, psixi pozğunluqları olan xəstələri sağltmaq haqda düşünməyin zamanı gəlib çatıb. Təbii ki, burada paralel olaraq psixoloji reabilitasiya da prosesə inteqrasiya olunmalıdır.

**

Onu da qeyd edək ki, dünya praktikasında narkotik asılılığından müalicədə digər bir üsul da geniş yayılıb. Söhbət opioidlərin aşırı dozası ilə mübarizədə əsas vasitələrdən biri olan “nalokson” preparatının tətbiqidir. “Nalokson müalicəsi” səhiyyə işçiləri tərəfindən və ya evə çatdırılma proqramları vasitəsilə aparıla bilər. Heç də təsadüfi deyil ki, hazırda bu proqramı təklif edən ölkələrin də sayı artır. 2023-cü ildə Avropa İttifqazına üzv olan 15 dövləti “Nalokson müalicəsi”ni tətbiq edib. 2024-cü ildə isə Aİ-nin daha üç ölkəsi bu metodla müalicənin aparıldığı pilot proqramı işə salıb.

**

Sözümüzün canı odur ki, narkotik asılılarının müalicəsi prosesində ənənəvi üsullardan daha yeni, effektiv metodlara keçməliyik. Əlbəttə, əgər görüntü xətrinə yox, həqiqətən narkotik asılılarının müalicəsi prosesinə real uğurlara nail olmaq istəyiriksə.

Ülviyyə ŞÜKÜROBA

Stopnarkotik.az