Məlumat verdiyimiz kimi, narkomaniyanın müalicə olunmasında geniş yayılmış üsullardan biri "Metadon proqramı"dır.
Stopnarkotik.az xəbər verir ki, Qazaxıstanda "Metadon proqramı"nın dövlət hesabına keçirilməsi mübahisə doğurur. Bununla belə, ölkənin Respublika Psixi Sağlamlıq Elmi-Praktik Mərkəzinin psixiatr-narkoloqu Nadejda Çerçenko hesab edir ki, Qazaxıstanda metadon terapiyasının potensialı var. Mütəxəssis opioid agonistləriylə müalicənin nə olduğu, eləcə də onun üstünlükləri və mənfi cəhətləri barədə ətraflı danışıb. Belə ki, metadon terapiyasının faydalarından danışan Çerçenko misal kimi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmalarının nəticələrini göstərir.
“ÜST-nin Şərqi Avropa və Asiyada apardığı tədqiqatın elmi sübutları göstərir ki, proqram heroin və digər opioid narkotiklərin istifadəsini azaltmaqda, HİV və digər yoluxucu xəstəliklər riskini, habelə cinayət nisbətlərini azaltmaqda, xəstələrin vəziyyəti və ümumi fiziki rifahını, psixo-emosional vəziyyəti yaxşılaşdırmaqda effektivdir. Bundan əlavə, anlamaq lazımdır ki, Metadon proqramı yalnız dərmanın buraxılması ilə bitmir, psixososial dəstəyə böyük diqqət yetirildiyi kompleks terapiyadır”, deyə Çerçenko ifadə edir.
Ekspert qeyd edir ki, bu gün OATP Avropa İttifaqının bir çox ölkələrində, ABŞ, Kanada, Çin, Avstraliya, Gürcüstan, İran, Malayziya, Hindistan, Vyetnam, Şərqi Avropa ölkələri, Baltikyanı ölkələr, MDB ölkələrində - Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Moldova, Ukrayna, Tacikistan fəal şəkildə istifadə olunur.
Mütəxəssisin fikrincə, bu üsuldan istifadə etməklə həm xəstələrin özləri, həm onların ailələri, həm də bütövlükdə cəmiyyət üçün opioid asılılığı ilə bağlı bahalı xərcləri azaltmaq mümkündür. Proqram əsasən heroindən istifadəni azaldır, həm də heroinə bağlı ölümcül dozanın, buna bağlı cinayətlərin sayını və QİÇS infeksiyası riskinin azaldır.
“OATP həmçinin QİÇS, hepatit B və C-yə yoluxma riski ilə bağlı ehtimalı azaltmağa, inyeksiya ilə narkotik istifadəçilərinin antiretrovirus müalicəyə meylini artırmağa, onların cinayət fəaliyyətini azaltmağa və sosial adaptasiyanı yaxşılaşdırmağa kömək edir. Opioid asılılığı problemi və onun nəticələri (işsizlik, ailə həyatının pozulması, kriminal davranış, müşayiət olunan yoluxucu xəstəliklər və s. şəklində) ilə qarşılaşan xəstələr və onların yaxınları üçün bu terapiya ən təsirli müalicə üsullardan biridir”, deyərək Metadon terapiyasını müsbət səciyyələndirən psixiatr-narkoloq qeyd edir ki, bu metodun çatışmazlıqları da var və OATP universal deyil, çünki bu terapiya yalnız opioid asılılığı olan xəstələrə yönəlib. Xəstə spirt, trankvilizatorlar, yuxu həbləri və ya digər maddələrdən asılıdırsa, kompleks müalicə lazımdır. Həm də başa düşmək lazımdır ki, metadon terapiyası insanı asılılıqdan azad etmir, yalnız ona nəzarət etmək imkanı verir.
“Unutmaq olmaz ki, Metadon insanı asılılıqdan azad etmir, ona nəzarət etməyə imkan verir. Metadon bir “opioid agonisti”dir və onun qəbulu dayandırılsa, xəstədə “lomka” başlayacaq. Buna görə də, əgər xəstə terapiyanı dayandırmaq qərarına gəlsə, bu, həkim nəzarəti altında və lomka olmadan tədricən baş verir", deyə narkoloq bildirir. Bəs niyə müalicənin opioid agonistlərlə dəstəklənməsinə qarşı ictimai rəy mənfidir? Nadejda Çerçenko hesab edir ki, bu, Qazaxıstanın yaxın vaxtlarda narkomaniyaya qarşı mübarizədə bu üsuldan istifadə etməyə başlaması ilə bağlıdır və bu proqram haqqında hələ də yanlış təsəvvürlər yaradan miflər mövcuddur.
Məsələn, proqram haqda əsas mif ondan budur ki, metadon müalicəsi guya narkomanlara sadəcə sakitləşdirici maddə verməkdir.
"Qanuni nöqteyi-nəzərindən metadondan istifadə tamamilə qanunidir, çünki bu narkotik maddə Qazaxıstan Respublikasında qeydiyyatdan keçib və xəstə opioidlərdən asılı olduqda tibbi yardım forması kimi, yəni həkim tərəfindən qoyulmuş diaqnozla tətbiq edilir. Proqram gedişində beyin reseptorlarının blokadası narkotik "istəyini" aradan qaldırmağa imkan verir, normallaşma baş verir və xəstələrin həm fiziki, həm də psixo-emosional rifahı dəstəklənir", deyə Çerçenko fikrini ifadə edir.
Ekspertin fikrincə, metadonun təyin edilməsi o demək deyil ki, xəstə bütün həyatı boyu onun "üstündə oturacaq”. Metadon müalicəsində olmaq könüllüdür, yəni xəstələrin özlərinə uyğun terapiya tapmaq şansı daha yüksəkdir. Bundan əlavə, "Metadon proqramı"nın da bir hissəsi olduğu ambulator müalicə ilə yanaşı, stasionar müalicə və tibbi-sosial reabilitasiya da mövcuddur.
Bu müalicə ilə bağlı başqa bir ümumi mif metadonun daha ağır “lomka” simptomuna səbəb olmasıdır. Bununla belə, ekspertin fikrincə, farmakoloji xüsusiyyətlərinə görə metadonun "lomka" sindromu heroinin "lomka" sindromundan daha gec başlayır və daha uzun davam edir, amma metadonun dozası tədricən azaldığına görə ona dözmək daha asandır.
Metadonun zəhərli olduğuna dair bir fikir də var. Ancaq Nadejda Çerçenkonun izah etdiyi kimi, bu, mifdən başqa bir şey deyil:
“Dünya təcrübəsi göstərir ki, bəzi xəstələr 30 il və daha çox metadon qəbul edirlər. Eyni zamanda, metadondan uzun müddət istifadənin orqanizmə zərər verdiyini təsdiqləyən heç bir fakt yoxdur. Bəzi xəstələr metadon qəbul edərkən qəbizlik, çox tərləmə, ağız quruluğu kimi yan təsirlərlə qarşılaşa bilərlər. Lakin bu simptomlar zamanla dozanın tənzimlənməsindən sonra yox olur. Metadon orqanizm üçün heroindən daha zərərli deyil. Qanunsuz küçə narkotiklərinin tərkibində çox vaxt heroini “sulandırmaq” kimi zərərli əlavələr olur”.
Metadonun qaraciyəri parçaladığına dair bir mif də var. Ancaq narkoloq bildirir ki, qaraciyərdə yalnız onun işlənməsi baş verir və metadon ona zərər vermir. Mütəxəssisin sözlərinə görə, metadon bir çox digər dərmanlarla müqayisədə qaraciyər tərəfindən daha asan emal olunur.
“Metadon hepatiti və ağır qaraciyər zədəsi olan xəstələr üçün təhlükəsizdir. O immunitet sisteminə zərər vermir. Əksinə, tədqiqat nəticələri göstərir ki, metadon qəbul edən QİÇS xəstələrində antiretrovirus terapiyaya daha çox riayət olunur və sağlamlıq problemləri daha azdır. Müvafiq olaraq, onlar metadon müalicəsi görməyən narkotik istifadəçilərindən daha uzun yaşayırlar”, deyə Çerçenko bildirir.
Stopnarkotik.az