Həbsxanalarda narkotiklə bağlı cinayətə görə məhkum olunanların sayı böyük faiz təşkil edir. Amma bəzən narkotik satışı ilə bağlı cinayət işlərində ittiham edilmiş şəxslər bəraət alaraq, elə məhkəmə zalından azadlığa buraxılır. Onlar günahı sübut edilə bilmədiyindən bəraət alırlar.
Bu hallar belə bir ehtimala, yaxud şübhələrə əsas verir ki, narkotik cinayətlərində ittihamla üzləşən şəxslər arasında şərlənmiş, hansısa şəxslərin, yaxud qurumların güdazına getmişlər də ola bilər. Bəlkə də bu vəziyyət insanların törətdikləri əmələ uyğun Cinayət Məcəlləsində əks olunmuş сəza maddələrinə dair məlumatsızlığından irəli gəlir. Ola bilsin ki, burada narkoticarət şəbəkəsinə uzun illər əmək vermiş “zəhmətkeş” narkotik alverçilərinin tələlərinə saldığı, onların güdazına getmiş şəxslərin sadəlövhlüyü də rol oynayır ki, bu da yenə “cinayət və cəza” haqda məlumatsızlıqdan qaynaqlanır. Necə deyərlər, “cinayət və cəza”ya nəzərə salmaq bu baxımdan yararlıdır.
İlk olaraq ondan başlayaq ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər Azərbaycan Respublikasının Cinayət Məcələsinin 26-cı fəslində təsbit olunub və cəzaların təsbiti 234-240-cı maddələri əhatə edir. Gəlin, Azərbaycan məkanında populyar və yayılmış olan narkotiklərin miqdarı və cəzası ilə bağlı aydınlaşdırma aparaq.
234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Burada miqdar önəmlidir. Məsələn, heroin üçün limit miqdarı, Cinayət Məcəlləsinə görə cinayət tərkibli sayılacaq əmələ qədər hədd – xeyli miqdar sayılan 0,15 qramdır. 0,15 qramdan artıq heroin xeyli miqdar həddində sayılır, 2 qram heroin artıq külli miqdar hesab olunur, 800 qram heroin isə xüsusi külli miqdar hesab olunur.
Belə bir nüans maraq doğurur – yəqin ki, satış məqsədi olmadan əldə olunan narkotik yanlız narkotikin bir dozasına aid olunur. Məsələn, 0,15 qramı ötmüş heroin, tutalım 0,5 qram heroinin satış yox, şəxsi istifadə üçün əldə edildiyi nə qədər inandırıcı olar? Necə ki, zatən 2 qramla da məsələ oxşardır. Qiymətinə görə bahalı olan heroinin birdəfəlik istifadə dozası yəqin ki, 0,15 qram civarındadır. Necə ki, 0,15 qramdan artıq heroin xeyli miqdar hesab olunur. Bəs, hansı dozada heroin artıq satış məqsədli hesab olunur?
Diqqət edək - 234.1-1. Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu o anlama gəlir ki, 1 ildən 3 ilədək, yaxud 3 ilədək cəza heroinin 0,15 qramdan 2 qrama qədər olan həddinə aiddir. 0,15 qramdan 2 qrama qədər olan hədd xeyli miqdar sayılır və 2 qram külli mqidarın aşağı həddi hesab olunur. 2 qramdan 800 qrama qədər olan külli miqdara görə cəza 3 ildən 8 ilə qədər həbsdir.
Onu da qeyd edək ki, böyük ehtimalla burada cəza heroinin bir dəfə üçün istifadə miqdarı meyarının aşılmasına görə təyin olunur. Yəni şəxsin bir dəfə üçün istifadə dozasının aşağı həddi 0,15 qramdırsa, o, 2 qramdan çox heroini şəxsi istifadəsi üçün əldə etməyib, burada satış məqsədi ola bilər. Bu səbəbdən, satış məqsədi olmadan, məsələn, heroin əldə etmə külli miqdarda (2 qramdan 800 qrama qədər) baş verirsə, bu hal elə 234.2.-cü bənddə olduğu kimi - Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmağa yaxındır. Əks halda, 2 qramdan 800 qrama qədər tutulan heroin, hansı ki, orada satış məqsədi yoxdur, niyə 3 ildən 8 ilədək həbslə cəzalandırılır? Və 234.2-ci maddədəki satış məqsədi ilə aşkarlanan heroin, hansı ki, konkret miqdarı göstərilmir, niyə 3 ildən 7 ilədək həbsələ cəzalandırılır?
234.4-cü maddəyə gəldikdə, məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər; 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.2. təkrar törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə - 5 ildən 12 ilədək azadlıqdan məhrum etə ilə cəzalandırlır. Yəni şəxs 2 qramdan 800 qram arasında heroinin satışı üstündə tutulubsa, onu 5 ildən 12 ilədək həbs gözləyir. Belə anlaşılır ki, 234.2 – satış məqsədi ilə tutulan heroin miqdarı, hansı ki, ona görə həbs 3 ildən 7 ilə qədər təyin olunub, xeyli miqdara – 0,15 qram 2 qram arası heroin miqdarına tətbiq olunur. Amma faktiki olaraq 234.2 – satış maddəsinin özündə hansısa miqdar qeyd olunmayıb.
234.4-1. Bu Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə – səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İndi gəlin görək sadalanan bəndlər nəyə aiddir?
234.1 - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımadır.
234.2 - satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmadır.
234.3 - Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşımadır.
234.3-1 - Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində, yaxud həbs yerlərində törətmədir.
Deməli, yuxarıda sadalanan – 234.1; 234.2; 234.3; 234.3-1 xüsusilə külii miqdarda törədildikdə 8 ildən 15 ilədək həbslə cəzalandırılır.
İndi isə heroin üçün etdiyimiz hesablamaları geniş yayılmış marixuana üçün edək. Hansı ki, qurudulmuş marixuananın xeyli miqdar meyarı 5 qramdan başlayır. Yəni 5 qramadək qurudulmuş marixuana cinayət məsuliyyəti yaratmır. 5 qramdan 500 qramadək qurudulmuş marixuana külli miqdar, 500 qramdan 50 000 qramadək (50 kq) isə xüsusilə külli miqdar hesab olunur.
Qurudulmamış marixuana üçün isə 25 qramadək cinayət məsuliyyəti yaratmır. 25 qramdan 2 kilqoram 500 qramadək (2,5 kq) xeyli miqdar, 2, kq-dan 250 000 qrama (250 kq) külli miqdar, 250 000 qramdan (250 kq) yuxarı hədd isə xüsusilə külli miqdar hesab olunur.
Əgər şəxs 234.1 bənd, yəni - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə saxlanıbsa, bu narkotik vasitə qurudulmamış marixuanadırsa, o da eyni şəkildə 1 ildən 3 ilədək həbslə cəzalandırılır. Yəni şəxs 25 qramdan 2500 qrama (2 kiloqram 500 qram) qədər marixuana ilə satış məqsədi olmadan saxlanılıbsa, onu 1-3 il arası həbs gözləyir.
234.1-1. Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə isə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yəni şəxs satış məqsədi olmadan qanunusuz olaraq külli miqdarda – 2500 qram (2 kiloqram 500 qram) və ondan çox (250000 qrama qədər) qurudulmamış marixuana əldə edibsə, onu 3 ildən 8 ilədək həbs gözləyir. Burada da marixuananın bir nəfərlik birdəfəlik dozası kimi nə qədər miqdarın götürüldüyü diqqət ediləsi məsələdir.
Eyni şəkildə, 234.4-1. Bu Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə –8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu Məcəllənin 234.1-ci bəndini şərh edərək, bildirək ki, şəxs satış məqsədi olmadan 250.000 qram və ondan çox narkotiki əldə edibsə, saxlayıbsa, hazırlayıbsa, emal edibsə, daşıyıbsa, bu, xüsusilə külli miqdar həddi sayılır, o zaman şəxsi 8 ildən 15 ilə qədər həbs gözləyir.
Amma əgər şəxsin əldə etdiyi qurudulmamış marixuana külli miqdardadırsa, yəni 2500 qram – 250 000 qram arasındadırsa, tutalım 10-20 kiloqram arasındadırsa, bu külli miqdar sayıla bilər. Və burada meydana çıxan sual budur – qurudulmamış marixuananın bir nəfərin birdəfəlik dozası üçün hədd 25 qramdırsa, 25 qramdan 2500 qrama (2,5kq) qədər “xeyi miqdar” ktriteriyasında olan marixuananı qanun yalnız “şəxsi istifadə üçün” kimi qəbul edir? Şəxs bu qədər narkotiki yalnız istifadəsi üçünmü əldə edir, saxlayır, hazırlayır, emal edir və daşıyır? Yoxsa burada satışın adı olmasa da, özü var? Yaxud şəxsin bir dəfəlik marixuana dozası 25 qramdırsa, o, özünün 100 dəfəlik dozasının ehtiyatını təmin edir?
Bu nüans elə də bəsit və sadə deyil. Görünür, bu səbəbdən 234.1-dəki bu əməl külli miqdarda törədildikdə 3 ildən 8 ilədək həbslə cəzalandırlır və bu da - 234.2 - satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma bəndindəki kimi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaya yaxın götürülür. Yəni satış olmayan külli miqdar artıq (miqdarı göstərilməyən) satışa yaxındır.
Daha bir maraqlı məqam. 234.4-1-ci bənddə göstərildiyi kimi, Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə, yəni 234.1 - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma külli miqdarda 3-8 il cəzalandırılır, xüsusilə külli miqdarda törədilirsə 8 ildən 15 ilə qədər həbslə cəzalandırılır və 234.4-cü maddələrdəki əməllərdən biri, bizim fokuslandığımız - 234.2 - satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.2. təkrar törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə 5 ildən 12 ilə qədər həbslə cəzalandırılır, amma xüsusilə külli miqdarda törədildikdə 8 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maraqlıdır, qeyri-satış xüsusilə külli miqdarda edilirsə, o da 8-15 il arası cəzalandırılır, satış da xüsusilə külli miqdarda edilirsə, ona da 8-15 il arası həbs cəzası kəsilir.
Başqa sözlə, şəxs satış məqsədi olmadan – 250.000 qramdan çox /250 kiloqramdan artıq qurdulmamış marixuana ilə saxlanıbsa ki, bu da xüsusilə külli miqdar sayılır, onu 8 ildən 15 ilə qədər həbs gözləyir. 250.000 qram – 250 kiloqramdan çox qurudulmamış marixuananın satışı ilə ələ keçərsə yenə 8-15 il arası həbsə gedir.
Maraqlıdır ki, 234.2-ci maddədə yazıldığı kimi, satış məqsədi ilə qurudulmamış marixuananın miqdarından asılı olmayaraq (satış maddəsində miqdar konkret göstərilmir – 234.2) şəxsi 3 ildən 7 ilədək həbs gözləyir. Satılan narkotikin miqdarı göstərilmirsə, satılan narkotikin ölçüsü nə qədər götürülür? Göstərilmir ki, xeyli miqdardan külli miqdara qədər olan həddə qədər filan miqdar satış kimi qəbul olunur. Satışa görə 5-12 il həbs cəzası burada – (234.4.3.) külli miqdarda törədildikdə göstərilir. Və yenə satışa görə 8-15 il həbs cəzası burada (234.4-1) xüsusilə külli miqdarda törədildikdə göstərilir.
Belə anlaşılır ki, 234.1 satış məqsədi olmadan şəxsin xüsusilə külli miqdarda əldə etdiyi, saxladığı, hazırladığı, emal etdiyi, daşıdığı narkotikə görə aldığı cəza xüsusilə külli miqdarda narkotikin satış cəzası ilə eynidir. Məsələn, şəxs satış məqsədi olmadan 250 kiloqramdan çox xüsusilə külli miqdarda qurudulmamış narkotik əldə edibsə, 8-15 il cəzalandırlır. Eyni zamanda, o, qurudulmamış marixuana satışını bir qrup şəxslə əlbir törədibsə, təkrar törədibsə, yaxud külli miqdarda – 2500 qramdan 250.000 qrama qədər - törədibsə, 5 ildən 12 ilədək cəzalandırılır. Və şəxs xüsusilə külli miqdarda - 250 000 qram və daha çox qurudulmamış marixuananı bir qrup şəxslə əlbir satıbsa, yaxud təkrar satıbsa yenə 8 ildən 15 ilədək həbslə cəzalandırılır.
Hazırladı: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az