Ölkəmizdə narkomaniyaya qarşı mübarizənin nəticəsi olaraq, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun mətamadi olaraq hesabatlar dərc edir. Bu hesabatlarda müvafiq qurumlar tərəfindən hansı işlərin görüldüyü, hansı məsələlərdə müsbət nəticələrin əldə edildiyi, yaxud hələ də gözlə görülən effektiv nəticənin əldə edilə bilmədiyi və s. sərgilənir. Açıqlanan rəqəmlərə əsasən deyə bilərik ki, cəmiyyət olaraq mübarizənin hansı nöqtəsindəyik və nə qədər məsafə qət edə bilmişik.
Artıq 2025-ci ilin yarısı ötüb. Yarım illik hesabata əsasən təxmin edə bilərik ki, ölkədə narkomaniyanın və narkotik ticarətinin səviyyəsi hansı həddədir. Şübhəsiz, ilk 7 ayda görülən işlər ilin yekununa da təsir göstərəcək və bu yekundan asılı olaraq 2025-ci ildə narkomaniya və narkoticarətə qarşı mübarizənin effektivliyindən, yaxud uğursuzuğundan danışa biləcəyik. Bəs, ilk 7 aylıq nəticənin mənzərəsi necədir? Əlbəttə, bu sahədə dəqiq bilgi əldə etmək üçün ən azı ötən 2 ilin statistikasını da göz önünə gətirməliyik.
Aşkar olunan narkotikin həcmi artıb
Məlumat üçün bildirək ki, 2023-cü ilin yekununda müsadirə olunmuş narkotikin miqdarı 6 ton 719 kq 031,413 qr olub. 2024-cü ildə isə illik müsadirə 6 ton 832 kq 879,937 qram təşkil edib. 2025-ci ilin yanvar-iyul ayında dövriyyədən çıxarılmış qeyri-leqal narkotikin və psixotrop maddələrin miqdarı 4 ton 949 kq 473,018 qramdır. Göründüyü kimi, artıq 2025-ci ilin ilk 7 ayında müsadirə olunan “narkotik hasilatı” 5 tona yaxınlaşıb. Bu isə, ötən illərin ümumi həcminə yaxındır.
Onu da qeyd edək ki, cari ilin ilk 7 ayı ərzində ələ keçirilən narkotik vasitələrin 4 ton 335 kq 708,473 qramını marixuana, 229 kq 897,55 qramını heroin, 93 kq 162,747 qramını tiryək, 51 kq 263,838 qramını həşiş, 138 kq 937,107 qramını digər narkotik vasitələr və 100 kq 503,303 qramını psixotrop maddələr təşkil edir. Həmçinin, göstərilən dövr ərzində 5183 ədəd metadon, 14808 ədəd çətənə bitkisi, eləcə də 588,2 qram, 95 həb, 39 kapsul güclü təsir edən maddə dövriyyədən çıxarılmışdır. Həmən 4 ton 949 kq 473,018 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 126 milyon 71 min kimi qiymətləndirilir.
2024-cü ilin yanvar-iyul aylarında isə müsadirə edilən 4 ton 299 kq 831, 849 qramı narkotik vasitələrin və psixotrop maddələrin 443 kq 879, 659 qramını heroin, 3 ton 477 kq 782,82 qramını marixuana, 103 kq 273, 041 qramını tiryək, 29 kq 400, 501 qramını həşiş, 137 kq 768 528 qramını psixotrop maddələr, 107 kq 727, 3 qramını digər narkotik vasitələr təşkil edib. İki ilin eyni dövrü ilə 2025-ci ilin yanvar-iyul ayını müqayisə etdikdə, aşkar olunan narkotik vasitələrin həcmində 649 kq 641,169 qram artım olub. Yəni ötən ilin 7 ayından bu ilin 7 ayına müsadirə edilən “narkotik hasilatı” 649 kq 641,169 qram artıb. Demək, məntiqlə “qara bazar”da fırlanan, alıcısına çatan narkotik də paralel olaraq artıb ki, bu da ölkədə rəsmi qeydiyyata düşən narkotik istifadəçilərinin sayının da artdığını deməyə əsas verir. Başqa sözlə, ölkəyə daxil olan və satılan narkotikin miqdarı artdığına görə, müsadirə olunan narkotik də artıb ki, tibb müəssisələrində qeydiyyatda olan narkomanların sayı da parallel olara yüksəlib. Deməli, ümumilikdə ölkədə qeydiyyata düşməyən narkotik istifadəçilərinin sayı da artıb.
Narkomanların sayı çoxalır
Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin nəşr etdirdiyi "Azərbaycanda hüquqpozmalar" məcmuəsində öz əksini tapan məlumata görə, ötən 2024-cü il üzrə 4 967 nəfər narkomaniyadan ilk dəfə xəstələnən şəxs kimi qeydiyyata alınıb. 2023-cü ildə isə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 36 659 nəfər idi, amma 2023-cü il ərzində ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata alınanların sayı 3 796 nəfər idi.
Bu arada, ekspertlər tərəfindən ölkədə ümumi narotik istifadəçilərinin sayının 300-350 min nəfər arasında olduğu iddia edilir. Nəzərə alsaq ki, qeyri-rəsmi narkotik istifadəçilərinin sayı rəsmi qeydiyyata düşən narkotik istifadəçilərinin sayından 5-7 dəfə çox olur, bu iddiaları heç də əsassız hesab etmək olmaz. Qeyd etdiyimiz kimi, yalnız 2024-cü il üzrə ilk dəfə narkotik istifadəçisi kimi qeydə alınanlarn sayı 4967 nəfər artıb, ümumi olaraqsa tibb müəssisələrində qeydiyyata düşən narkomanların sayı 40 min 490 nəfər olub. Bu, 2023-cü ilə nisbətən 3 min 831 nəfər çoxdur.
350 min nəfərə yaxın gəncimiz narkotik asılısıdır
Az öncə deyildiyi kimi, nəzərə alsaq ki, narkotik istifadəçilərinin real sayı rəsmi qeydiyyata düşənlərin sayından 5-7 dəfə çoxdur, real narkotik istifadəçilərinin sayının təxminən 350 min nəfərə yaxın olması anlaşılandır. Bu isə ölkədə vəziyyətin heç də ürəkaçan olmadığını ortaya qoyur, ələlxüsus da, narkotik istifadəçilərinin əksəriyyətinin əhalinin gənc təbəqəsini təşkil etdiyini nəzərə alsaq. Bu o deməkdir ki, Azərbaycanın gənc əhalisinin 300-350 min nəfərə yaxını narkotik istifadəçisidir.

2024-cü ilin statistikasında əsasən, Azərbaycan əhalisinin sayı 10 milyon 180 min 770 nəfərdir. 2024-cü ilin əvvəlində ölkənin 14-29 yaşda olan əhalisinin sayı 2 301,500 nəfər olubr. Əslində, narkotik istifadəçilərinin yaş dönəmi 29-la məhdudlaşmır, yəni daha çox 14-15 yaşda başlayan narkotik “sərgüzəşti” 30-44 yaşdakıları da əhatə edir. Bu baxımdan, 14-29 yaşdakı 2301500 nəfərə 30-44 yaşdakıları da əlavə etsək, bu say 4 milyon 882 min 505 nəfər olur. 10 milyon əhainin 4 milyon yeniyetmə və cavan insanının 350 min nəfərinin narkotik asılısı olması fəlakətdir.
Bundan başqa, rəsmi qeydiyyatda olan 40 min 490 nəfərin 20.182 nəfəri opioidlərin, 8.611 nəfəri kannabioidlərin, 11.697 nəfəri isə bir neçə narkotik maddəni eyni zamanda qəbul etməsi nəticəsində psikası və davranışı pozulmuş şəxslərdir ki, bu ümumi sayın da 1 005 nəfəri qadın olub. Buradan da görünür ki, qeyri-rəsmi narkotik istifadəçilərinin təqribi yarısı sintetk opioidlərin qurbanı olur. Hansı ki, “qara bazar”da sintetik opioidlərin payı daha çoxdur.
5 ildir mübarizə gedir, amma...
Məsələnin digər tərəfinə baxsaq görərik ki, ölkədə narkotik müsadirəsi çoxalır, amma rəsmi statistikada narkotiklə əlaqəli cinayət sayı azalır. Məsələn, 2023-cü ilin yekununda narkotiklə bağlı 9758 cinayət faktı aşkarlanıb. 2024-cü ilin yekununda 8871 cinayət faktı aşkarlanıb. Bu 2023-cü ilə nisbətlə 887 fakt azdır. Baxmayaraq ki, 2 il arasında narkotik müsadirəsi 113 min kq 848,524 qram çoxalıb. Belə anlaşılır ki, müsadirənin artmasına baxmayaraq, cinayətin statistikası azalır. Halbuki, bazarda narkotik dövriyyəsi və qeydiyyata düşən narkoitk istifadəçisi, dolayısı ilə qeydiyyata düşməyən narkotik istifadəçilərinin sayı dəfələrlə artırsa, cinayət faktının azalması anlaşılan deyil. Bu o deməkdir ki, cinayət sayının azalmasına və statistikada az olmalarına rəğmən ya cinayət törədənlər bu əməli hansısa xüsusi qabiliyyətlər, bacarıqlar sayəsində "SUPERMEN" tərzində törədirlər (daha az cani daha çox cinayət törədir), ya da törədilən cinayətlər qeydə alınmır. Bu qeydə alınmamaq isə hansısa təmənna qarşılığında baş verə bilər.
Narkomaniyaya qarşı 5 ildir mübarizə gedir, nəticələr də var, amma reallıq odur ki, narkomanların sayında hələ də artim var. Öncəki illərdə 280-300 min civarında narkomanın olması qəbul olunurdusa, rəsmi 40 490 nəfər nisbətilə real narkotik istifadəçisinin qeyri-rəsmi çoxluğunun mövcudluğu da qəbul olunmalıdır. Baxmayaraq ki, 150-dən çox özəl reabilitasiya mərkəzi fəaliyyət göstərir, dövlət onların işinə dəstək verir, amma rəqəmlərdən göründüyü kimi narkomaniyanını kökünü faktiki kəsmək olmur.
Narkobaronlar niyə “toxunulmaz” qalıb?
Bəs aidiyyatı qurumların öz vəzifələrini yetərli şəkildə yerinə yetirdiyi halda, hansı səbəblər mübarizənin qeyri-effektiv olmasına gətirir? Bəllidir ki, ölkəmizə narkotik istehsal edilmir, böyük hissəsi ölkə xaricindən gətirilir. Tutaq ki, ayıq-sayıqlığa rəğmən narkoticarətin başındakılar hansısa şəkildə narkotiki sərhəddən keçirməyə nail olurlar. Sərhəddən keçəndən sonra alıcısına çatdırılmaq üçün narkotikin ölkə içində hərəkəti başlayır. Amma ölkə içində narkotikin satılmasının reallaşması, alıcısına çatması hüquq-mühafizə orqanları tərəfindən izlənilir. Görülən işlərə baxmayaraq, narkoticarət hər gün yeniyetmələri və gəncləri qurbanına çevirməkdə davam edir. Və nə qədər paradoksal olsa da, illərdir hüquq-mühafizə orqanlarına Azərbaycan daxilində narkoticarət şəbəkəsinin başında duran narkobaronu həbs etmək müyəssər olmayıb. Əksinə, narkotik gəlişi də davam edir, narkotik satışı da gedir, “peredoz”dan ölən, yaxud reabilitasiyalarda min bir əziyyət hesabına sağalan asılıların yerini daha gənc nəsil asılılar alır. Narkoticarət ocağı aşkarlanıb, söndürülə bilmir. Heç cür həbs edilə, barmaqlıqlar arasına salına bilməyən narkobaronlar yeni qurbanlar üçün yeni metodlar icad edirlər.
Baronları toxunulmaz və ələkeçməz edən “anlaşılmaz səbəblər toplusu” ucbatından ölkənin insan resursları viran qalır. Rəqəmlər var, faktlar var, amma nədənsə hüquq-mühafizə oqanlarından xəbərsiz “quşun uça bilmədiyi” ölkəmizdə narkobaronlar “it-bat” olur.
Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az