Azərbaycanda "sülh səfiri" həbs edilib - YARIM MİLYONLUQ DƏLƏDUZLUQ / TƏFƏRRÜAT

Özünü Polşa Respublikasının Azərbaycanda xoşməramlı səfiri kimi təqdim edib, Almaniya, Britaniya və Polşaya viza alacağına inandıraraq xeyli sayda insanın külli miqdarda vəsaitini ələ keçirən qadına hökm oxunub. 

1979-cu il tarixdə Bakı şəhərində doğulmuş Kərimova Sevda Əliheydər qızı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq prosesdə baxılıb. 

Məlum olub ki, Sevda Kərimovanın dələduzluq əməlindən 16 nəfər zərər çəkib. O, özünü Ümumdünya Sülh Federasiyası tərəfindən sülh səfiri,  Polşa Respublikasının Azərbaycanda xoşməramlı səfiri kimi təqdim edərək, xeyli sayda insanı Avropa ölkələrində təhsil, işlə təmin olunmaq və onların oraya göndərilməsi üçün viza alacağına inandıraraq, yarım milyon manatdan çox pullarını ələ keçirib. 

Sevda Kərimova

O, Cəmilə Arifovnadan Britaniya Krallığına getmək üçün viza düzəltmək, orada təhsil almaq, yaşamaq və işlə təmin olunmaq üçün şərait yaradılması kimi yalan vədlər verib müqabilində 10.000 manat, Bağdəsər Mustafayevadan Almaniya Federativ Respublikasına getmək üçün viza düzəltmək, orada təhsil almaq, yaşamaq və işlə təmin olunmaq üçün şərait yaradılması üçün 15.000 manat, Afət adlı qadından Polşa Respublikasına getmək üçün viza düzəltmək, yaşamaq, orada oğlunun təhsil almaq və işlə təmin olunmaq üçün 4900 manat, Zümrüd adlı qadından oğlunun Almaniyada evlə və işlə təmin olunması adı ilə 1 kiloqrama yaxın qızıl, 85 min manata yaxın pulunu alıb və həmçinin digər bir neçə nəfərə qarşı da eyni hərəkətlərlə dələduzluq edib. Kirayə qaldığı evin Ülviyyə adlı sahibinin isə 75 min manatını mənimsəyib. 

Sevda Kərimova bu əməlləri Polşa Respublikasının Azərbaycandakı səfirliyinin Elmira adlı əməkdaşı ilə törətdiyini deyib. 

 

Ən maraqlı məqam odur ki, Sevda Kərimovanın əməlindən zərərçəkən şəxslərdən xeylisi xarici dil kurslarında dərs keçən xanım müəllimlər olub. Belə ki, Sevda Kərimova Xətai rayonu, Məhəmməd Hadi küçəsi 45D ünvanda yerləşən "Qafqaz" hazırlıq kurslarında alman dili dərsi deyib və sözügedən təhsil mərkəzində dərs deyən müəllimlər də onun dələduzluğunun qurbanı olublar. 

"Qafqaz" hazırlıq kurslarının Nigar Əsgərova ad-soyadlı direktoru da Sevda Kərimovanın əməlindən zərərçəkmiş şəxs kimi tanınıb. Belə ki, Nigar Əsgərova həyat yoldaşına Polşaya viza almaq üçün təqsirləndirilən şəxsə 2 min dollar verib. Həmin pulları da Sevda Kərimova mənimsəyib. 

Nigar Əsgərova 

Sevda Kərimova məhkəmədəki son çıxışında deyib ki, 2014-cü ildə Ümumdünya Sülh Federasiyasının himayəsi altında İsraildə konfransda iştirak edib və "sülh səfiri" adını alıb. Bakı şəhərində daimi yaşayış yeri olmadığına görə müxtəlif ünvanlarda kirayədə yaşayıb. Özünün 2019-cu ilə kimi özəl kursları olub. 2019-2020-ci ildə COVID-19-la ələqədar olaraq ölkədə elan olunmuş pandemiya dövründə kursları bağlandığına görə dolanmaq üçün Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalında tibb bacısı işləyib. Rus, alman və ingilis dillərini mükəmməl bildiyindən 2021-ci ildən yenidən tələblər hazırlayıb. Son iş yeri də "Qafqaz" hazırlıq kursları olub. Zərərçəkmişlərdən aldığı pulun çox hissəsini öz ehtiyaclarına xərcləyib. 

Məhkəmənin qərarı ilə Sevda Kərimova 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 

Zərərçəkmişlərin əksəriyyəti Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar İmanovanın qərarından narazı qaldıqlarını, təqsirləndirilən şəxsə daha çox cəza verilməsini və onlara dəyən ziyanın ödənilməsini istəyirlər. /"qaynarinfo"