Azərbaycanda narkomanların sayı artır – STATİSTİK RƏQƏMLƏR VƏ REAL MƏNZƏRƏ / ARAŞDIRMA

Azərbaycanda narkotk istifadəçilərinin artım tendensiyası rəsmi və qeyri-rəsmi müstəvidə fərqli əks olunur. Əksər ekspertlər narkotik istifadəçilərinin real sayının rəsmi statistikada göstərildiyindən dəfələrlə, hətta konkret desək 5-7 dəfə çox olduğunu bildirirlər. Bu, tamamilə məntiqə uyğundur, çünki bütün narkotk istifadəçiləri müalicə üçün müraciət etmir. Rəsmi qeydiyyatda olanlar əsasən müalicə məqsədilə dispanserlərə müraciət edənlərdir. Bu durumun aydınlaşması üçün bir neçə il öncənin rəsmi statistik göstəricilərinə nəzər salmaqda fayda var.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatında göstərilir ki, 2020-ci ilin 31 dekabr tarixində ölkə üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33 788 nəfər təşkil edib. Həmin şəxslərdən 28 318 nəfəri dispanser, 5 470 nəfəri profilaktik qeydiyyatda olanlar olub. Bu şəxslərdən 618 nəfəri qadın olub. 23 537 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 10 251 nəfəri kannabinoid qrupuna aid narkotik istifadəçiləri olub. 2020-ci ildə müvafiq diaqnozla 2 723 nəfər qeydiyyata götürülüb, 1 856 nəfər isə qeydiyyatdan çıxarılıb.

2021-ci ildə isə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 34 602 nəfər təşkil edib. Həmin şəxslərin 27 106 nəfəri dispanserdə, 7 496 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 556 nəfəri qadın olub. 24 850 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 9 752 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləri olub. 2021-ci ildə müvafiq diaqnozla 5 603 nəfər qeydiyyata götürülüb, 4 789 nəfər isə qeydiyyatdan çıxarılıb.

Səhiyyə Nazirliyinin məlumatında göstərilir ki, 2022-ci ildə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 35 097 nəfər olub. Həmin şəxslərdən 28 648 nəfərini dispanser, 6 449 nəfərini isə profilaktik qeydiyyatda olanlar təşkil edib. Onlardan 572 nəfəri qadın olub. 24 628 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 10 469 nəfə kanabinoid qrupuna aid narkotik istifadəçiləri olub. 2022-ci ildə müvafiq diaqnozla 3 689 nəfər qeydiyyata götürülüb və 3 194 nəfər isə qeydiyyatdan çıxarılıb.

2023-cü ilin statistik hesabatında respublika üzrə narkomaniya, narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə əlaqədar dispanser nəzarətində olanların sayı 36 659 nəfər təşkil etmişdir. Onlardan 20 246 nəfəri opioidlərin, 7 955 nəfəri kannabioidlərin, 8 458 nəfəri isə eyni zamanda bir neçə narkotik maddənin qəbul edilməsi nəticəsində psixi və davranış pozuntuları yaranmış şəxslərdir. Həmin şəxslərdən 802 nəfəri qadındır. 2023-cü ildə dispanser nəzarətinə müvafiq diaqnozla 3 796 nəfər götürülmüş, 2 153 nəfər isə nəzarətdən, yəni qeydiyyatdan çıxarılıb.

Səhiyyə Nazirliyi tərəfindən qəbul olunmuş yeni statistik hesabat formasına uyğun təqdim edilmiş məlumata əsasən, 2024-cü il 31 dekabr tarixində respublika üzrə narkomaniya, narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə əlaqədar dispanser nəzarətində olanların sayı 40 490 nəfər təşkil etmişdir. Onlardan 20 182 nəfəri opioidlərin, 8 611 nəfəri kannabioidlərin, 11 697 nəfəri isə bir neçə narkotik maddəni eyni zamanda qəbul etməsi nəticəsində psixikası və davranışı pozulmuş şəxslərdir. Bunlarda 1005 nəfəri isə qadındır.

Beləliklə, son 5 ilin rəsmi narkotik istifadəçisi statistikası ortadadır. Bir daha xatırladaq ki, 2020-ci ildə ölkə üzrə rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 33 788 nəfər, 2021-ci ildə 34 602 nəfər, 2022-ci ildə 35 097 nəfər, 2023-cü ildə 36 659 nəfər, 2024-cü ildə isə 40 490 nəfər təşkil edib. Hazırda 2025-ci ilin ilk yarısının göstəricilərinə əsasən deyə bilərik ki, bu il artım tempi davam edəcək.

Əlbəttə, narkotiklərin vurduğu zərərin azaldılması və narkofonun aşağı salınmasında, narkomaniyaya qarşı mübarizədə dövlət qurumları ilə yanaşı, özəl reabilitasiya mərkəzləri də gözlə görüləsi dəstək verirlər. Zənnimizcə, məhz onların işinin sayəsində keçmiş narkotik istifadəçilərinin sırasından çox sayda ayıq və sağlam həyata qayıdanlar var. Amma burada söhbət təkcə narkotik istifadəsindən yox, həm də qumar, alkoqolizm və digər asılılıqlardan gedir. Yəni özəl reabilitasiya mərkəzlərinin pasientləri təkcə narkotik istifadəçiləri yox, qumar və alkoqol asılıları da olur. Maraqlıdır ki, hazırda reabilitasiya prosesinin bu üç istiqaməti arasında artım tempi necədir?

“Narkotik istifadəçilərinin real sayında azalma yoxdur

**

İlqar Ağayev

Stopnarkotik.az-a bu haqda açıqlama verən "Güvən" Reabilitasiya Mərkəzinin proqram rəhbəri İlqar Ağayev bildirir ki, onların rezidentlərinin 90 faizi narkotik asılılığı ilə, 10 faizi iqromaniya və alkoqolizmlə bağlı müraciət edənlərdir. Ağayevin sözlərinə görə, reabilitasiyaya müraciət edənlərdən başqa, "çöldə" xeyli yeni narkotik istifadəçiləri var: “Onların sağalmaq istəməməsinin səbəbləri bizə aydındır. Çünki əksəriyyəti "özüm sağalaram" kimi düşünür. Eləcə də qorxanlar, "hələ dib yaşamamış" yeni istifadəçilər, maddi imkansızlıqdan müalicəyə gələ bilməyənlər də kifayət qədərdir. Yəni narkotik istifadəçilərinin real sayında azalma yoxdur.

Eləcə də müalicədən sonra ayıq həyata qədəm qoymuş şəxslərin "srıv"ının səbəbi "Anonim Narkomanlar Cəmiyyəti" ilə əlaqələrinin davam etdirilməsinə "barmaqarası" baxmaqdır. Yəni bir keçmiş istifadəçinin reabilitasiyası onun ömür boyu mənəvi inkişafı üzərində işləməsidir. Bu, sonu olmayan prosesdir”.

“İqromanların sayı artsa da, narkotik istifadəçilərinin müraciəti də dayanmır”

**

Rəşad Eyvazov

"Çıxış Yolu" Reabilitasiya Mərkəzinin rəhbəri Rəşad Eyvazov bildirdi ki, rəhbərlik etdiyi mərkəzə narkotik istifadəçilərinin müraciəti dayanmır: “Amma onu da deyim ki, 1 il əvvəl mərkəzə müalicə üçün müraciət edənlərin içində 30 nəfər narkotik istifadəçisi, 2 qumar asılısı, var idisə, indi bu rəqəmlər fəqrlidir. Belə ki, indi mərkəzə 11 iqroman, 14 narkotik istifadəçisi, 4 nəfər isə alkoqolizmdən əziyyət çəkən şəxs müraciət edir. Yəni iqromanların sayı artsa da, narkotik istifadəçilərinin müraciəti də dayanmır və bu şəxslər daha çox "srıvniklər"dir. Reablitasiya mərkəzini bitirənlər və ayıq həyata addım atanların hamısını sağaldığı mərkəzlərdə işlə təmin etmək mümkün deyil. Bu onların "srıv" etməsinə və qurtulduğu köhnə şakərinə qayıtmasına səbəb olur”.

R.Eyvazov deyir ki, mərkəzdə reabilitasiya prosesi keçən şəxslər sağaldıqdan sonra "Anonim Narkomanlar" cəmiyyəti ilə əlaqələrini daim saxlamalıdırlar. Belə ki, bu amil onların islah olunmasında önəmli rol oynayır - əmək kimi. Odur ki, reabilitasiya prosesindən sonra keçmiş rezidentləri başıboş, diqqətsiz, mənəvi-iqtisadi təminatsız buraxmaq olmaz”.

“Yeni narkomanlar venadaxili narkotik istifadəsindən qorxduqarı üçün əsasən “patı”, “kokos” və marixuanaya yönəlirlər”

**

"Sağlam addım" Reabilitasiya Mərkəzinin rəhbəri Anar Əliyevin fikrincə, narkotik istifadəsində yeni tendensiya yaranıb ki, burada da "patı" (metamfetamin) və "nəşə" deyilən marixuanadan söhbət gedir: “Yeni narkomanlar yetişir, onlar da venadaxili narkotik istifadəsindən qorxduqarı üçün əsasən “patı”, “kokos” və marixuanaya yönəlirlər”. Mərkəz rəhbəri bildirir ki, sön dönəm müalicəyə gələnlərin çox sözügedən narkotiklərin istifadəçiləridir: “Damara narkotik vuran istifadəçi 20 ilə çökürsə, “patı” ilə marixuananı bir yerdə istifadə edən istifadəçilərin çöküşü 1 il çəkir: "Küçələrdə əcaib şəkildə gəzdiklərini gördüyünüz şəxslər bu iki narkotiki bir yerdə istifadə edənlərdir”.

A.Əliyevin sözlərinə görə, ölkədə qumar asılılarının sayında da ciddi artım var: “Qumar asılıları bizə çox müraciət edirlər, amma müalicəyə gələ bilmirlər.Və bir il əvvəl qumar asıllığı olan şəxslər daha çox inkarda idilər, indi onlar asılılıq xəstəsi olduqlarını etiraf edirlər. Bir tərəfdən də, narkotik və alkoqol istifadə edən qumar asılılarını sağaltmaq daha asandır. Amma yalnız qumar asılıları müalicəyə çox meyl etmirlər. Tv-lərdə, sosial şəbəkələrdə intihar xəbərləri çıxanlar qumarbazlardır. Bir il əvvəl müalicə üçün zəng edən şəxslərin 5-6 nəfəri qumarbaz olurdu, indi isə bu say 20-30 nəfər civarındadır. Belə desək, narkotik istifadəçiləri ilə qumar asılıları yarı-yarıyadır".

Anar Əliyev onu da vurğuladı ki, son vaxtlar narkotik istifadəsi ilə bağlı müalicəyə gələnlərin əksəriyyəti xanımlardır və onlar arasında qumar asılılığı ilə bağlı da müalicə keçənlər var.

“Narkotik istifadəçilərinin müraciəti azalmayıb, əksinə çoxdur”

**

İlqar Xəlilov

“Step” Reabilitasiya Mərkəzinin rəhbəri İlqar Xəlilovun dediyinə görə, son vaxtlar rəhbərlik etdiyi mərkəzə narkotiklə bağlı müraciət edənlərin sayı daha çoxdur: “Əvvəlki illərdə də bu say çox olub. İndi də çoxdur. Sadəcə, əvvəl qumar asılılığı ilə əlaqədar müraciət edənlərin sayı az idi, indi bu say artıb. Amma narkotik istifadəçilərinin sağalma müraciəti azalmayıb, əksinə çoxdur. Çünki qumar və alkoqol qəbul etmək qeyri-leqal deyil, narkotik istifadəsi isə qeyri-leqaldır, ona görə bu say yüksək olaraq qalır”.

İ. Xəlilov bildirir ki, hazırda qumar asılılığı ilə bağlı müraciət edənlərin arasında qızlar da var. Onun sözlərinə görə, reabilitasiyaya gəlməyən kifayət qədər narkotik asılısı da var və onların vaxtında müalicəyə gəlməməsinə valideyinlər səbəb olur: “Valideynlər övladları narkotik istifadə etdiyi zaman “mənim övladım narkoman deyil” deyə münasibət sərgiləyirlər, vaxtında onları müalicəyə gətirmirlər. Vaxtında müdaxilə edilsə, bunun qarısını dərinləşmədən almaq olar”.

“Narkotik istifadəçilərinin sayı norma etibarilə həmişə çox olub, indi də çoxdur”

“Live” Reabilitasiya Mərkəzindən isə Stopnarkotik.az-a bildirilib ki, mərkəzə müraciət edən narkotik istifadəçilərinin sayı norma etibarilə həmişə çox olub, indi də çoxdur: “Ümumiyyətlə, bizdə müalicəyə qəbul meyarı zamanı psixi pozğunluğu olan xəstələrin reabilitasiya prosesi əsas götürülür. Çünki hər bir asılılığın arxasında psixi pozuntu yaşanır. Elə xəstələr var ki, hər üç asılılıqdan əziyyət çəkir. Müalicəyə qumarla gəlirlər, amma kökündə narkotik asılılığı var. Yaxud narkotiki içki ilə, içkini qumarla əvəz ediblər. Amma qumar asılılığının sayının artdığı birmənalıdır. Asılılıqlar arasında keçidlər daha çoxdur. Narkotik asılılısı olan insanların əksəriyyəti qumara qoşulurlar. Bir il bundan əvvəl isə qumar faktoru narkotikdən az idi, indi qumar asılılarının sayı narkotik asılılarının sayına çatmasa da, xeyli artıb”.

“İndi qumar asılılığı ilə bağlı kömək istəyən 5 nəfər, narkotiklə bağlı kömək istəyən 25 nəfərdir”

“Sağlam Yaşa” Reabilitasiya Mərkəzinin rəhbəri Məmməd Abbasov isə bildirir ki, bir il öncə narkotiklə bağlı 25-30 nəfər, qumar asılılığı ilə əlaqədar 1 nəfər müalicəyə gəlirdisə, bu gün qumar asılılığı ilə bağlı kömək istəyən 5 nəfər, narkotiklə bağlı kömək istəyən 25 nəfərdir: “Təxminən oyun asılılığı ilə bağlı müraciət edən 4-5 nəfər artıb”.

Mərkəz rəhbəri onu da qeyd edir ki, qız və qadınların arasında da qumar asılıları artıb: “Məsələn, Ağstafa rayonunda qumar oynayan qadınlar var”.

Məmməd Abbasov belə fikir səsləndirdi ki, narkotik istifadəçilərinin sayında azalma müşahidə olunur: “Ola bilsin ki, bu, narkotik istifadəsinə yeni gələnlərin hələ “dib” yaşamamasından qaynaqlanır. Çünki onların müalicəyə gəlmək istəməsini həyatlarının bütün sferasının dağılması şərtləndirir. Buna qədər isə müəyyən vaxt keçir. Yaxud sağalmanın mümkün olduğunu bilən valideynlər övladlarını reabilitasiyaya gətirirlər. Xəbərsiz olanlar isə sağalmağa cəhd etmirlər. Necə ki, mən sağalmanın mümkün olduğuna inanmırdım. Amma biz pasientlərə münasib qiymətlər təklif edirik ki, maddi imkansızlıq ucbatından müalicə imkanı olmayanlar da reabilitasiya keçə bilsin”.

Zənnimizcə, reabilitasiya mərkəzlərinin rəhbərləri ölkədə narkomaniyanın ümumi mənzərəsinə işıq saldı. Reallıq ondan ibarətdir ki, istər rəsmi statistik rəqəmlərdə, istər də reabilitasiya mərkəzlərinin açıqlamalarında narkomanların sayında nəinki azalma müşahidə olunduğu, əksinə artım yaşandığı açıq görünür. Doğrudur, qumar asılılarının artımı fonunda narkotik istifadəçilərinin sayı nisbi azalmış kimi görünsə də, amma bu yəqinləşmiş mənzərə deyil. Çünki onların arasına yeni qatılanlar ağır nəticələrdən, daha dəqiqi “peredoz”dan – aşırı dozadan ölümdən qorxub əsasən “patı”, “kokos” və marixuanaya üstünlük verirlər. Amma bunun çöküşü daha da tezləşdirdiyini anlamırlar. Ola bilsin ki, onlarda bu rəy narkotiki onlara satan şəxslərin təbliğatının nəticəsində yaranır. Amma nəzərə alsaq ki, asılılığın təzahüri olan narkotik, qumar və alkoqol bəlasının kökü əsasən psixoloji pozuntudan yaranır, deməli, qaynağı qurutmaq üçün psixoloji pozuntunu aradan qaldırmaq və əməyə yönəltmək vacibdir. Hər iki faktor islahedici mahiyyət daşıyır.

Hazırladı: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az