“Maarifləndirmə işinin yox dərəcədə olduğu bir mühitdə çətənəyə azadlıq versək, əndişəmiz azalmayacaq, birə beş artacaq”
“Sağlam olmadan xoşbəxt olmaq mümkün deyil”
Narkomaniyanın yayılmasında sosial, psixoloji, iqtisadi səbəblərlə yanaşı, əsas amillərdən biri kimi asılılıq olduğu da qəbul edilir. Bir sıra ekspertlər bildirirlər ki, asılılığın səbəbinin aradan qaldırılmasına psixoloji tərəfdən yanaşmaq lazımdır. Amma onu da qəbul etmək lazımdır ki, insanın yaşadığı bir çox hallarda, o cümlədən xəstəliklərdə, sağlamlıqda qidalanmanın çox böyük rolu var. Necə deyirlər, “nə yeyirsənsə o-san”.
Elə asılılığın qarşısının alınmasında, ilk növbədə profilaktikasında çətənə bitksindən hazırlanan qidaların rasiona daxil edilməsinin gərəkliliyi də irəli sürülür. Xarici ölkələrdə çətənə bitkisi nəinki qidalanmada, hətta sənayenin bir sıra sahələrində istifadə olunur. Məsələn, ABŞ-da çətənədən hazırlanmış parçalardan eko-geyimlər hazırlanır. Portuqaliyada çətənədən eko-daş və eko-kərpic istehsal olunur və bu materiallardan binalar tikilir.
Çətənə bitkisi tibb sahəsində də geniş istifadə olunur. Hətta qardaş Türkiyədə 21 vilayətdə çətənənin sənaye növünün nəzarət altında əkilməsinə rəsmi icazə verilib.
26 fevral 2026-cı il tarixində Qırğızıstan parlamentində millət vəkili Dastan Bekeşev də sənaye miqyasında kannabis yetişdirilməsini təklif edib. O bildirib ki, ondan çanta və geyim hazırlamaq üçün xammal kimi istifadə etmək olar. “Türkiyə və Çindən tikiş materialları sifariş etmək əvəzinə, sənaye kannabisindən xammal kimi istifadə etmək olar. Məsələn, Amerikada və Avropada sənaye kannabisindən hazırlanmış köynək və çanta alırsınız", - deyə millət vəkili əlavə edib. Kənd təsərrüfatı nazirinin müavini Janıbek Kərimaliyev isə cavab olaraq bildirib: "Sənaye kannabisindən keyfiyyətli hərbi geyimlərin hazırlanmasında istifadə edilə biləcəyi məlum olduğundan, biz bu təklifi nəzərdən keçirəcəyik”.
Stopnarkotik.az sözügedən mövzu ətrafında “Ana Təbiət” Natural Gigiyena mərkəzinin rəhbəri, yazıçı-jurnalist Ərşad Əzimzadənin fikirlərini öyrənib.
-Ərşad müəllim, çətənə bitkisi tərkibindəki tetrahidrokannabinol səbəbilə narkotik kimi təsbit olunur. Amma bir sıra ölkələrdə bu bitki tibb sahəsində, geyim, tikinti materialı, kosmetik-yuyucu vasitələri istehsalında istifadə olunur. Artıq Türkiyədə də bu sahədə işlər görülür, bir sıra vilayətlərdə sənaye çətənəsi əkininə icazə verilib. Necə düşünürsünüz, Azərbaycanda bu sahəni gözdən keçirməyin vaxtı çatmayıbmı?
- Mən özümü narkotik maddələr üzrə mütəxəssis saymıram. Amma, taleyinə İkinci Dünya Mühribəsinin (1941-1945-ci illər) qara möhürü vurulmuş nəslin nümayəndəsi kimi, bitki səltənəti ilə çox erkən və çox yaxından tanış olmuşam. Çünki müharibə illərində çörək, düyü, ət, yağ kimi ərzaq növləri qəhətə çıxdı, “Hər şey cəbhə üçün” şüarı çörək təhnəmizi boş qoydu. Biz uşaqlar mədəmizi çiy pencərlə (yabanı göyərti), şülulla (yabanı meyvələr) doldurmalı olurduq. Onların arasında lalə və südlü qanqal xüsusi yer tuturdu. Onların həm “ətini” yeyirdik, həm də yetişəndə “yağını”. Lalənin başında üskükvari “papaqda” əmələ gələn narın tumlar çox yağlı olurdu. Eyni cür tumlar südlü qanqalın “papağında” da da əmələ gəlirdi. Bizim Seyidlər kəndində onlara “çətənə” deyirdilər. Onları çox yemək olmurdu - adamı məst edirdi. Nağıllardakı “behişt darısı”, çox güman ki, çətənədir. Deməyim budur ki, hər şeyin həddi, çərçivəsi var.
Sizin haqqında danışdığınız çətənəni də norma çərçivəsində qəbul etmək, zənn edirəm, fayda verə bilər. Lakin, gəlin görək, toy süfrəsinə 20-30 növ ət xörəyi düzən şənbaz millətimiz, “qoy keçinin ölümü palıddan olsun” deyib qarınqulu olmağına haqq qazandıran, kişiliyi kabab yeməklə və araq içməklə ölçən bir xalq orqanizmə güclü təsir göstərən çətənəni hədd çərçivəsində işlədə biləcəkmi? Ağrı-acını, müvəqqəti olsa da, unutduran bitkini qara biznes bazarının şahına çevirməyəcəkmi? Hələ indi, narkotik malların ciddi şəkildə qadağan olunduğu bir zamanda, yetişən nəslin narkomana çevrilməsi təhlükəsi başımızın üstünü kəsib. Belə bir halda “Çətənəyə azadlıq” şüarı nə dərəcə təhlükəsizdir?
Düzünü bilmək istəsəniz, millətimiz elə çətənəsiz də narkomandır. Ət narkomanıyıq, içki narkomanıyıq, maşın narkomanıyıq, vəzifə narkomanıyıq, pul narkomanıyıq. Əgər biz maarifləndirmə işinin yox dərəcədə olduğu bir mühitdə çətənəyə də azadlıq versək, orqanizm ona tab gətirə biməyəcək əndişəmiz azalmayacaq, birə beş artacaq.
Şair demişkən, biz “mən salim olum, cümlə-cahan batsa da batsın” fəlsəfəsi ilə yaşadığımız üçün, bizə verilmiş azadlıqdan yalnız bir məqsədlə istifadə edirik – mümkün qədər çox pul qazanmaq. Ölkəmizdə özəlləşdirmə həyata keçəndən sonra bağban bağı, maldar heyvanı, tərəvəzçi tərəvəzi, bostançı bostanı narkomana çevirib. Qabaqlar meyvə ağaclarına ildə 2 dəfə dərman vurardılar. İndi 10-12 dəfə vururlar. Broyler toyuqlarına göy ot əvəzinə “şprislə” zəhərli qida verirlər. Mən qorxuram ki, millətimiz çətənə azadlığınıdan da yalnız bir məqsədlə - çox pul qazanmaq və qısa müddətdə varlanmaq üçün istifadə etsin.
- Bəs sizcə, insanda xoşbəxtlik hormonunun çatışmazlığını aradan qaldırmaq üçün çətənədən hazırlanmış qidalara yönəlmək asılılığın müalicəsində çıxış yollarından biri ola bilərmi?
- Maraqlı sualdır. Cavabını isə dahilərə istinadan vermək daha düzgün olar. Sokrat deyirdi ki, sağlamlıq hər şey deyil, lakin sağlamlıq yoxdursa – hər şey heç nədir. Yəni sağlam olmadan – xoşbəxt olmaq mümkün deyil. Konfutsi ərz edib: “Pul itirdin – heç nə itirmədin, vaxt itirdin – çox şey itirdin, sağlamlığı itirdin – hər şeyi itirdin”. Yenə də eyni fikir: xoşbəxt olmaq üçün – mütləq sağlam olmalısan. Məhəmməd peyqəmbər isə sağlam olmağın yeganə düzgün yolunu göstərib: “Bütün dərdlərin çarəsi – pəhrizdir”. Pəhriz düzgün qidalanmaq, qidalanma prinsiplərinə dəqiq əməl etmək deməkdir. Əgər menyuda kifayət qədər canlı qida (çiy meyvə, çiy tərəvəz, çiy su və s.) yoxdursa, əgər insan uzlaşmayan (həzm olmaq üçün müxtəlif mədə şirəsi tələb edən) qidaları qarışıdırısa, çox yeyib, az hərəkət edirsə, heç cürə sağlam ola bilməz. Sağlam olmayan şəxs xoşbəxt ola bilməz. Burda “xoşbəxtlik hormonu yaradan” digər vasitələr kimi, çətənə də çox aciz qalar. Xoşbəxt olmağın yeganə yolu – SAĞLAM HƏYAT TƏRZİİNƏ keçməkdir.
- Bildiyimizə görə, sizdə loğman İbn Sinanın çətənə əsasında hazırlanmış tibbi reseptləri var. Onların itməməsi üçün qeydə almısınızmı və müasir dövrümüzdə o reseptləri tətbiq etmək olarmı?
- Mən dahi loğman İbni Sinanın Özbəkstanda buraxılmış 6 cildlik böyük həcmli kitablarını əldə edib, dönə-dönə oxumuşam. O əsərlərin, təxminən, 90 faizi reseptlərdi. Onların hamısı qidalar üzərində qurulub. Bu da təsadüfi deyil. İnsanın xəstə və ya sağlam olması qanın həcmindən və tərkibindən asılıdır. Saf qan, faydalı elementlərlə zəngin olan qan hüceyrələri gümrah saxlayır, onlar da öz funksiyalarını yaxşı yerinə yetirirlər. Bu halda immun sistemi (müdafiə xətti) güclü olur və insan sağlam, gümrah yaşayır. Qan çürük olanda - hüceyrələr xəstələnir, kütləvi şəkildə qırılır, nəsl artırmaq qabliyyəti zəyifləyir. Yemi (çürük qan və şlak) bol olan mikroblar və bakteriyalar isə güclənir. Və biz xəstələnirik. Pis vərdişləri tərgidib, Sağlam Həyat Tərzinə keçmək əvəzinə, başlayırıq daha yuksək kalorili qidalar qəbul etməyə, orqanizm tərəfindən həzm olunmayan və mənimsinilməyən, kristallar şəkilində oynaqlarda yığışıb qalan, öd kisəsində daşlar əmələ gətirən kimyəvi preparatları qəbul etməyə. Çətənə belə insana necə kömək edə bilər?
Mən “Bizi yaşadan da qidadır, öldürən də” adlı əsərimdə xoşbəxtliyin “yol xəritəsini” belə cızmışam: “Canlı qida – sağlam qandır, sağlam qan – sağlam candır, sağlam can – sağlam düşüncədir, sağlam düşüncə - faydalı qərardı, faydalı qərərar – faydalı əməldir, faydalı əməl – səadətdir”. Canlı qidaya, digər tumlar kimi, çətənəni də əlavə etmək olar.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az