ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens iddia edib ki, rəsmi Tehran on bənddən ibarət tələblərinin ilkin variantını ChatGPT-in köməyi ilə hazırlayıb.
Bu barədə "Reuters" məlumat yayıb.
Vitse-prezidentin sözlərinə görə, İran tərəfi ümumilikdə üç müxtəlif təkliflə çıxış edib:
"Daha məntiqli görünən ikinci 10 bəndlik bir təklif mövcud idi. Prezident Donald Tramp həmin sənədə istinad edirdi və o, ötən gündən etibarən aktivliyini qoruyur".
Vensin qənaətincə, üçüncü paket birinciyə nisbətən daha maksimalist xarakter daşıyıb və sosial şəbəkələrdə yayılan versiya da məhz o olub.
Xatırladaq ki, 2026-cı ilin aprel ayının 8-də ABŞ dövlət başçısı Donald Tramp İrana qarşı irəli sürdüyü ultimatumun vaxtının başa çatmasına saatlar qalmış rəsmi Vaşinqtonun iki həftəlik atəşkəs rejimini qəbul etdiyini bəyan etmişdi.
ABŞ lideri özünün "Truth Social" şəbəkəsindəki hesabında qeyd edib ki, Pakistan rəhbərliyinin xahişini nəzərə alaraq və Hörmüz boğazının İran tərəfindən tamamilə açılması şərti müqabilində atəşkəsə razılıq verib. Tramp, həmçinin vurğulayıb ki, ABŞ rəhbərliyi İrandan on bəndlik siyahı əldə edib və respublikaçı siyasətçinin rəyinə görə, bu şərtlər gələcək sülh müqaviləsi üçün baza rolunu oynaya bilər./oxu.az