Sahib Məmmədov: “Əmək Məcəlləsinə dəyişiklikdən sonra hansısa tənzimləmələrə ehtiyac olacaq…”
Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərdə narkoloji xəstələrin fəaliyyətinə məhdudiyyət qoyulan işlərə qəbul qaydaları sərtləşdirildi. Yeni dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən işçilər dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibbi yoxlama) haqqında rəy təqdim etməlidirlər. Bu rəy, o cümlədən sağlamlığı haqqında tibbi arayış olmadan işçinin müvafiq peşə və vəzifəyə işə qəbul edilməsi qadağan edilir.
Eləcə də tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları sırasına isə, tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanıldığının aşkarlanması və ya belə peşə növləri və vəzifələr üzrə əmək münasibətləri dövründə tibbi müayinə (tibbi yoxlama) zamanı şəxsin narkoloji xəstə olmasının müəyyən edilməsi daxil edilir.
Sözsüz ki, narkotik asılılığının əsirinə çevrilən şəxsin məsul vəzifələrdə, yaxud cəmiyyət üçün həyati əhəmiyyət kəsb edən peşələrdə əmək fəaliyyəti ilə məşğul olması öz-özlüyündə narahatedici məsələdir. Çünki burada söhbət şəxsin cəmiyyət üçün məsuliyyət daşıyıb-daşıya bilməyəcəyindən gedir. Bəlkə bu, insanları karyeralarını alt-üst etməmək naminə narkotik, alkoqol, qumar kimi pis əməllərdən uzaq durmağa da təşviq edə bilər. Bununla belə, keçmişində narkotik istifadəçisi olmuş, amma təmiz həyata qayıtmış şəxslərin əmək fəaliyyətinə bərpası da önəmli məsələdir. Ələlxüsus, söhbət belə şəxslərin sağlam cəmiyyətə yenidən dönüşü, onun bir fərdi olması, keçmiş neqativ əməllərinin kompensasiyası və s. kimi müsbət hədəfləri daşımasından, onlara daha bir şans verilməsindən və bu yolla kriminal narkotik fonunun aşağı salınmasından gedirsə. Bəs, bizim cəmiyyət olaraq bu insanlara əmək müstəvisində münasibətimiz necə olmalıdır? Onlara necə kömək edə bilərik? Axı onları yox saya, görməməzliyə vura bilmərik. Bu mövzuda Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sahib Məmmədovun fikrini öyrəndik.
- Sahib bəy, Əmək Məcəlləsinə edilən yeni dəyişikliklər nətcəsində narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən işçilər dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə haqqında rəy təqdim etməlidirlər. Qanuna görə, işlədiyi dövrdə şəxsin narkoloji xəstə olması müayinə ilə aşkarlanarsa, o, işdən uzaqlaşdırılır. Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növləri və vəzifələr kateqoriyasına hansı sahələr aiddir?
- Gərək onların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq oluna. Təbii, bəlli işlər var, siyahı olmadan da bilinir ki, hansı peşələr və vəzifələrdir. Məsələn, özlərinə və başqalarına təhlükə yetirəcək iş sahələri, tutalım uşaqların tərbiyə aldığı sahələr, məktəblər, bağçalar, hquq-mühafizə orqanları və s. ola bilər
- Sözügedən rəylə, o cümlədən sağlamlığı haqqında tibbi arayış olmadan işçinin müvafiq peşə və vəzifəyə işə qəbul edilməsi qadağan edilir. Burada “sağlamlıq arayışı haqında tibbi arayış” dedikdə psixoloji baxımdan da sağlamlıq haqda arayış nəzərdə tutulur?
- Başa düşdüyüm qədər orada uzağa gediş anlayışı var. Çünki, görünür, psixoloqdan da sənəd təqdim etməli olacaq. Qanunda yazılıb. Yəqin onun açıqlaması xüsusi qərarla olacaq. İndiki dövrdə də elə iş yerləri var ki, müvafiq tibb arayış olmadan işə qəbul etmək qadağandır. Əmək Məcəlləsində də göstərilib hansı işlərdir. Belə çıxır ki, burada məsələ yalnız narkotiklə yekunlaşmır. Həm də işçinin daha geniş psixoloji durumu da müəyyən olunmalıdır.
- Psixoloqlar bildirir ki, fiziki əməklə məşğul olmaq insanı stressdən xilas edir. Elə keçmiş narkotik istifadəçilərinin praktkasında da əmək fəaliyyətinə cəlb etmək kimi işlər var. Bu, onları bir növ islah edir. Yəni ətraflarına verdikləri zərəri pulsuz işləməklə kompensasiya edirlər. Azərbaycanda da məcburi əməyə cəlb etmə formasında deyil, könüllülük prinsipi əsasında analoji qaydaları tətbiq etmək mümkündür?
-Bu könüllü olsa işləyən işləyəcək. Əlbəttə, bizdə məcburi əmək qadağandır. Xüsusi hallar istisna olmaqla, heç kəs məcburi işlədilə bilməz. Amma könüllü şəxs işləmək istəyirsə, işləyəcək. Amma məsələ ondadır ki, bəli, məşğuliyyət insanların pis vərdişlərdən uzaqlaşdırılmasında kömək edən vasitədir. Məsələn, əvvəllər cəzaçəkmə müəssisələrində işləyirdilər, ona görə onların adını islah-əmək koloniyası müəssisələri qoymuşdular. Yəni cəzaçəkən şəxslər üçün əmək nəzərdə tutulur. Amma bu şəxslər o kateqoriyaya aid deyil. Ona görə də gərək bunun üçün hansısa proqramlar həyata keçirilsin ki, şəxsləri cəlb etsinlər və s. Amma könüllülük əsasında iş onların şəxsi iradəsindən olacaq.
- Sizcə, bunu qanun formasına salmaq asılıların müalicəsinə, narkomaniya tendensiyasının azalmasına gətirib çıxarmazmı?
- Qanunvericilikdə onsuz da müəyyən hallar var. Nəzərdə tutulub ki, psixoloji durumundan asılı olmayaraq şəxslərin məcburi müalicəsi və s. var. Həmin bu edilən dəyişiklikdən sonra hansısa tənzimləmələrə ehtiyac olacaq. Çoxdan belə müzakirə gedirdi, indi daxil edildi. Yəqin ki, məsələyə kompleks yanaşılacaq.
- Yeri gəlmişkən, bir sıra Avropa ölkələrində, elcə də Çində narkotik istifadəçilərini əmək koloniyalarına, əmək qruplarına cəlb etmək prosesi var. Bizdə bu məsələ sistematik xarakter daşımır. Və bizdə reabilitasiya keçmiş adamlar iş tapa bilmirlər. Reabilitasiya keçərək bərpa olunmuş keçmiş narkotik istifadəçilərini işlə, əməklə təmin etməməklə onları yenidən asılılığa tərk etmiş olmurmu? Bunun üçün bir dövlət proqramı qəbul olunmalıdırmı?
- Bütün cəmiyyətlərdə, məsələn kriminal keçmişi olan şəxslərə, hansı ki, bu və ya digər səbbədən cəza çəkib, onlara qarşı işlə təminat məsələsində diskriminasiya mövcuddur. İndi bu kateqoriya təxminən onlara da aid oldu. Cəmiyyətdə bu cür keçmişi olan şəxslər, hətta reabilitasiya prosesini keçsə də belə, onlar barəsində tarixçə məlumdursa, işə qəbul etmək problem olacaq. Elə iş yerləri var ki, onlar oraya heç ümumiyyətlə qəbul olunmamalıdırlar. Ona görə də təbii ki, belə bir problem olacaq. Şəxslər reabilitasiya proqramı keçibsə və bu onların tarixçəsində (tərcümeyi-halında) varsa, ayrı-seçkiliyin olacağı mümkündür.
- Bəs, sizicə, dövlət bunula bağlı bir fəaliyyət proqramı qəbul etsə, bu, çıxış yolu ola bilərmi? Ən azından hansı peşələrə imkan varsa. Təbii ki, bütün peşə və vəzifələr barəsində bu mümkün deyil.
- Cəzasını başa vurmuş şəxslərin sosial adaptasiyası haqqında qanun var. Həmin qanunda göstərilir ki, cəza çəkmiş şəxslər məşğulluqla təmin olunmalıdır. Burada da eyni şeyi əlavə etsələr, onsuz praktikada hər şeyi həll etmək mümkün olmayacaq.
- Necə düşünürsünüz, Əmək Məcəlləsinə edilən yeni dəyişikliklər işini itirməmək xətrinə insanları narkotikdən və s. neqativ əməllərdən çəkindirəcəkmi?
- Yox, burada çəkindiricilik çətin məsələdir. Çünki burada asılılıq onlar üçün qorxu deyil, mən bildiyim qədər. Buna psixoloq, psixiatr cavab versə daha yaxşı olar. Amma mən hesab edirəm ki, şəxsdə asılılıq varsa, o, istifadə edəcək. Bu qanun onu çəkindirməyəcək.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az