Avropada həbsxanalardakı məhbus sayı açıqlandı: Fransa və Türkiyə liderdir, Azərbaycan isə...

Fransa və Türkiyə Avropa Şurasına üzv ölkələr arasında həbsxanaların ən çox dolu olduğu dövlətlər olub.

Bu barədə AFP agentliyi Avropa Şurasının sifarişi ilə Lozanna Universitetinin hazırladığı hesabata istinadən məlumat yayıb.

Araşdırmaya əsasən, hər 100 həbsxana yerinə Fransada və Türkiyədə 131 məhbus düşür.

Qeyd edək ki, məlumatlar 2025-ci ilin əvvəlinə aiddir.

Bununla yanaşı, Fransa hakimiyyətinin təqdim etdiyi daha yeni statistikaya görə, 2026-cı ilin aprelində ölkədə həbsxanaların doluluq səviyyəsi artıq 139,1 faizə çatıb.

Hesabatda qeyd olunur ki, məlumat təqdim edən 51 penitensiar idarədən 14-də məhbus sayı mövcud yerləri üstələyib.

Həbsxanaların doluluq səviyyəsinə görə Fransa və Türkiyədən sonra aşağıdakı ölkələr qərarlaşıb:

Xorvatiya - hər 100 yerə 123 məhbus
İtaliya - 121
Malta - 118
Kipr - 117
Macarıstan - 115
Belçika - 114
İrlandiya - 112

Penitensiar sistemdə yükün daha az olduğu ölkələr arasında isə Ukrayna (50), İspaniya (77) və Almaniya (80) göstərilib.

Əhalinin hər 100 min nəfərinə düşən məhbus sayına görə isə Türkiyə lider olub - 458 nəfər.

Bu siyahıda Azərbaycan 271 məhbus göstəricisi ilə ikinci yerdə qərarlaşıb. Moldovada isə bu rəqəm 245 olub.

Avropa İttifaqı ölkələri arasında ən yüksək göstəricilər Macarıstan (206), Polşa (189) və Çexiyada (178) qeydə alınıb.

Hesabata əsasən, 2025-ci il yanvarın 31-nə olan vəziyyətə görə, araşdırmaya daxil edilən ölkələrdə ümumilikdə 1,1 milyondan çox məhbus saxlanılıb. Bu, əvvəlki illə müqayisədə 8,5 faiz çoxdur.

Bundan başqa, qadın məhbusların payı da artıb. Belə ki, 2024-cü ilin yanvarında bu göstərici 4,8 faiz olduğu halda, 2025-ci ilin yanvarında 5,2 faizə yüksəlib./publika.az