Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Xəyal Abdıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin olunub və təqsirləndirilən şəxsin cəzası 3 ay azaldılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Xəyal Abdinov 7 il müddətində azadlıqdan məhrum edilib.
İttihama görə, Xəyal Abdıyev taksi fəaliyyəti ilə məşğul olduğu maşına müştəri qismində əyləşmiş qadını Hövsandan Yasamalda yerləşən xəstəxanaya aparıb. Yolda o, özünü SOCAR-ın Səngəçalda yerləşən terminalının direktoru kimi təqdim edib, geniş maddi imkanlara və əlaqələrə malik olduğunu bildirib.
O, qadının həyat yoldaşını SOCAR-da sürücü kimi işə düzəldəcəyini, 2 qohumunu gəmidə aşpaz vəzifəsinə təyin etdirəcəyini, onun həyat yoldaşı ilə Salyanda üzüm bağı salaraq böyük gəlir əldə edəcəklərinə dair vədlər verib.
İttiham olunan şəxs bununla bağlı qadının özündən və bir neçə qohumundan külli miqdarda pul alıb. Təkcə üzüm bağı salmaq adı ilə 60 min manat pul alaraq ələ keçirib.
X.Abdıyev daha 2 nəfəri aldadaraq birini məktəbdə müəllim kimi işə düzəldəcəyi və digərinin ali məktəbə qəbul olmaq üçün balını artıracağına vəd verərək hər birindən 10 min manat alıb. O, həmin şəxsləri buna guya Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ilə qohum olduğunu deyərək inandırıb.
Qeyd edək ki, XəyalAbdinov Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib./apa