BU RAYONLAR NARKOTİCARƏTƏ QARŞI MÜBARİZƏNİ “DONDURUB”? – Ölkədə narkotik ticarəti zəifləyibsə, niyə narkomanların sayı azalmır?

Stopnarkotik.az saytında narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan rayonlar haqda dəyərli oxucularımıza mütəmadi məlumat verməkdəyik. Eləcə də bu mübarizədən kənarda qalan rayon polis idarə və şöbələrinin də adlarını açıqlamaqdayıq.

Məsələn, 2024-cü ilin ilk 7 ayı ərzində DİN-in müvafiq idarələri və digər aidiyyəti qurumlarla yanaşı, ay ərzində təxminən 20-30 rayonun polis əməkdaşlarının bu mübarizədə iştirak etdiyini oxucularımıza çatdırmışdıq. Bu isə o deməkdir ki, Bakının 12 rayonundan, Naxçıvan Muxtar Respublikasının (MR) 6 rayonundan və ölkə üzrə 67 rayondan ən azı yarısı bu prosesdən kənarda qalır.

Üstəlik, adı statistik göstəricilərdə qeyd olunan elə rayonlar da var ki, onların fəaliyyəti yalnız yabanı halda bitən çətənə bitkisini aşkarlayaraq məhv etməkdən, yəni yandırmaqdan ibarət olub. Böyük əksəriyyəti isə ay ərzində cəmi bir dəfə hansısa narkomanı yaxalayaraq, üzərində şəxsi istifadəsi üçün saxladığı az miqdarda narkotik maddə, əsasən də marixuana aşkarlayıblar.

Əlbəttə, bir sıra rayonlar da var ki, onlar bu mübarizədə ardıcıl olaraq fəallıq nümayiş etdirirlər. Belə demək olar ki, mübarizənin bütün yükü də məhz bu rayonların üzərinə düşür. Bu haqda artıq oxucularımıza “NARKOTİCARƏTƏ QARŞI MÜBARİZƏ APARANLAR VƏ... – Son 3 ay ərzində hansı rayonlar daha aktiv olub?” sərlövhəli yazımızda, 3 ayın – avqust, sentyabr və oktyabrın rəsmi statistikasına istinad etməklə, məlumat vermişik. Bu dəfə isə narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədən kənarda qalan, sanki bu sahədə öz fəaliyyətini “donduran” rayonlar haqda informasiya verməyə çalışacağıq.

**

Xatırladaq ki, avqustda ölkə üzrə cəmi 26 polis idarə və şöbəsi - narkotiklərin qanunsuz dövriyyəsinin və narkomaniyanın qarşısının alınması istiqamətində aparılan mübarizəyə dəstək veriblər. Bunların da 22-si ay ərzində cəmi 1 fakt üzrə seçilə bilib. Bu isə o deməkdir ki, Bakının 12 rayonunda cəmi 6-sı - Binəqədi RPİ, Nizami RPİ, Nəsimi RPİ, Nərimanov RPİ, Suraxanı RPİ, Sabunçu RPİ aktiv olub. Qalan 6 rayon - Xətai, Xəzər, Qaradağ, Pirallahı, Səbail və Yasamal mübarizədən kənarda qalıb. Üstəlik, respublikanın paytaxtdan sonra 2 böyük şəhəri – Gəncə və Sumqayıt da avqustda mübarizəyə töhfə verə bilməyiblər.

Ölkə üzrə, Naxçıvan Muxtar Respublikasının 6 rayonu -  Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur da daxil olmaqla, daha 47 rayon - Ağcabədi, Ağdaş, Ağdərə, Ağstafa, Astara, Babək, Balakən, Beyləqan, Cəbrayıl, Cəlilabad, Culfa, Daşkəsən, Gədəbəy, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, Xızı, Xocalı, Xocavənd, Kəlbəcər, Kəngərli, Kürdəmir, Qazax, Qəbələ, Qubadlı, Laçın, Neftçala, Oğuz, Ordubad, Saatlı, Sabirabad, Salyan, Samux, Sədərək, Şabran, Şirvan, Şamaxı, Şərur, Şuşa, Tərtər, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zəngilan və Zərdab rayonun polis əməkdaşları avqustda tam fəaliyyətsiz olublar.

**

Sentyabrda Bakının rayonları ilə birlikdə cəmi 28 polis idarə və şöbəsi mübarizəyə töhfə verməyi bacarıblar. Bunların da əksəriyyəti, yəni 21-i yenə ay ərzində cəmi 1 fakt üzrə seçilə bilib. Bu ay Sumqayıt ŞPİ və Gəncə ŞPŞ də mübarizəyə dəstək olublar. Bakının 12 rayonundan isə cəmi 3-ü - Sabunçu RPİ, Səbail RPİ, Xətai RPİ fərqlənsə də, qalan 9 rayon - Binəqədi, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Pirallahı, Suraxanı, Yasamal payızın ilk ayında “qış yuxusu”na gedib.

Ölkə üzrə, Naxçıvan MR-in 6 rayonundan - Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərurdan əlavə, yenə daha 47 rayon - Ağdam, Ağdaş, Ağdərə, Ağstafa, Ağsu, Astara, Babək, Beyləqan, Biləsuvar, Cəbrayıl, Culfa, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, Xaçmaz, Xocalı, Xocavənd, İmişli, Kəlbəcər, Kəngərli, Kürdəmir, Qax, Qobustan, Quba, Qubadlı, Qusar, Laçın, Neftçala, Ordubad, Saatlı, Salyan, Samux, Sədərək, Siyəzən, Şirvan, Şamaxı, Şəki, Şərur, Şuşa, Tərtər, Ucar, Yardımlı, Yevlax, Zəngilan, Zərdab tam fəaliyyətsiz qalıb.

**

Oktyabrda da Naxçıvan MR və paytaxt Bakının rayonları ilə birlikdə cəmi 23 polis idarə və şöbəsi narkotiklərin qanunsuz dövriyyəsinin və narkomaniyanın qarşısının alınması istiqamətində aparılan mübarizəyə dəstək olublar. Bunların da əksəriyyəti, yəni 15-i yenə ay ərzində cəmi 1 fakt üzrə seçilə bilib. Beləliklə, Bakının 12 inzibati rayonundan cəmi 4-ü - Sabunçu RPİ, Nəsimi RPİ, Suraxanı RPİ, Xəzər RPİ, Yasamal RPİ seçilməyi bacarıb, qalan 8 rayon - Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nizami, Pirallahı, Səbail oktyabrda fəaliyyətini dondurub. Hesabat ayında Gəncə ŞPİ, Sumqayıt ŞPİ də mübarizəyə dəstək olmağı bacarıblar.

Hesabat ayında ölkə üzrə, Naxçıvan MR-in 6 rayonundan əlavə, daha 53 rayon - Abşeron, Ağcabədi, Ağdam, Ağdaş, Ağdərə, Ağstafa, Ağsu, Astara, Babək, Balakən, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Culfa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocalı, Xocavənd, İmişli, Kəlbəcər, Kəngərli, Kürdəmir, Qax, Qəbələ, Qobustan, Quba, Qubadlı, Qusar, Laçın, Lerik, Masallı, Neftçala, Ordubad, Saatlı, Salyan, Samux, Sədərək, Şabran, Şamaxı, Şəki, Şəmkir, Şərur, Şuşa, Tərtər, Tovuz, Ucar, Yevlax, Zaqatala və Zəngilan narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədən kənarda qalıblar.

Ədalət naminə bildirək ki, işğaldan azad olunan əksər rayonlarda hələ tam yaşayış olmadığından, onları bu siyahıya daxil etmək düzgün olmaz. Lakin yenə də hər ay narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə cəmi 20-25 rayonun dəstək olması, onların da böyük əksəriyyətinin, az qala 20-nin 1 fakt üzrə seçilməsi o deməkdir ki, ölkəmizdə narkomaniya bəlasının kökünün kəsilməsi istiqamətində görülən işlər hələ istənilən səviyyədə deyil. Məsələn, narkomaniyanın ən çox yayıldığı paytaxt Bakıda avqust ayında 6 rayon (Xətai, Xəzər, Qaradağ, Pirallahı, Səbail və Yasamal), sentyabr ayında 9 rayon (Binəqədi, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Pirallahı, Suraxanı, Yasamal), oktyabrda 8 rayon (Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nizami, Pirallahı, Səbail) bircə fakt aşkar etməyiblərsə, deməli, mübarizə yetərli səviyyədə deyil. Hətta diqqət etdikdə o da aydın olur ki, 3 ay ərzində bəzi rayonlar, məsələn, Xəzər, Qaradağ, Pirallahı və s. heç “əllərini də tərpətməyiblər”.

Sonda bir daha vurğulayaq ki, biz Stopnarkotik.az olaraq polis əməkdaşlarının fəaliyyətini aşağılamaq, görməzdən gəlmək fikrində deyilik. Əksinə, bu sahədə mübarizə aparan dəyərli polislərimizin fəaliyyətini hər zaman təqdir edir, onların gördüyü işləri gün ərzində işıqlandırırıq. Amma çox təəssüflə qeyd edirik ki, bəzi rayonların bu mübarizədən tamamilə kənarda qalması da normal hal deyil. Hətta 50-100 min nəfər əhalisi olan elə rayonlar var ki, orada ay ərzində bir dəfə də olsun narkotik aşkar olunmayıb. Həmçinin, yuxarıda da dəyərli oxucuların diqqətinə çatdırdığımız kimi, Bakının 12 rayonu (Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Pirallahı, Sabunçu, Səbail, Suraxanı, Yasamal) arasında da elələri var ki, ardıcıl olaraq 2-3 ay müddətində bu mübarizəyə töhfə verə bilməyiblər...

Əlbəttə, biz rayonları aşkarladıqları narkotik vasitələrin həcminə görə müqayisələndirmək istəmədik. Ən azı ona görə ki, hər bir rayon öz imkanı və mövcud şərtlər daxilində bu prosesə təkan verməyə çalışır. Üstəlik, ölkəmizə narkotik əsasən İrandan daxil olduğundan, digər rayonlara nisbətən cənub bölgəmizdə daha çox narkotik maddə aşkarlanması normal haldır.

Lakin bu mübarizədən tamamilə kənarda qalan rayonlarun aylarla bu sahədə tam fəaliyyətsiz olmaları anlaşılan deyil. O mənada ki, sanki bu rayonlarda bir nəfər də olsun narkoman yoxdur və bu səbəbdən də narkotacirlərin buraya “yolu düşmür”. Lakin cəmiyyətdə gündəlik müşahidə etdiyimiz çoxsaylı faktlar, ölkədə narkomaniyanın daha da yayılması məsələyə bu qədər nikbin yanaşmağa imkan vermir.

Stopnarkotik.az

P.S. Məlumat üçün bildirək ki, qeyd etdiyimiz məlumatlar Daxili İşlər Nazirliyinin gündəlik açıqladığı rəsmi statistikaya istinad olunaraq, oxucularımıza təqdim olunub.