NARKOTİCARƏTƏ QARŞI MÜBARİZƏ APARANLAR VƏ... – Son 3 ay ərzində hansı rayonlar daha aktiv olub? / SİYAHI

Stopnarkotik.az saytında narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan rayon polis idarə və şöbələrinin fəaliyyəti haqda dəyərli oxucularımıza mütəmadi məlumat verməkdəyik. Eləcə də bu mübarizədən kənarda qalan rayonların da siyahısını təqdim etməkdəyik.

Məsələn, 2024-cü ilin ilk 7 ayı ərzində DİN-in müvafiq idarələri və digər aidiyyəti qurumlarla yanaşı, ay ərzində təxminən 20-30 rayonun polis əməkdaşlarının bu mübarizədə iştirak etdiyini oxucularımıza çatdırmışdıq. Bu isə o deməkdir ki, ölkə üzrə 67 rayondan ən azı yarısı bu prosesdən kənarda qalır. Bakının 12 inzibati rayonunu, eləcə də Naxçıvan, Gəncə və Sumqayıtı da bura daxil etsək, daha acınacaqlı mənzərə ortaya çıxır.

Üstəlik, adı statistik göstəricilərdə qeyd olunan elə rayonlar da var ki, onların fəaliyyəti yalnız yabanı halda bitən çətənə bitkisini aşkarlayaraq məhv etməkdən, yəni yandırmaqdan ibarət olub. Böyük əksəriyyəti isə ay ərzində cəmi bir dəfə hansısa narkomanı yaxalayaraq, üzərində şəxsi istifadəsi üçün saxladığı az miqdarda narkotik maddə, əsasən də marixuana aşkarlayıblar.

Lakin elə rayonlar da var ki, onlar bu mübarizədə ardıcıl olaraq fəallıq nümayiş etdirirlər. Belə demək olar ki, mübarizənin bütün yükü də məhz bu rayonların üzərinə düşür. Bu yazımızda da 3 ayın – avqust, sentyabr və oktyabr aylarının rəsmi statistikasına istinad etməklə, hansı rayonun narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə daha çox töhfə verdiyini aydınlaşdırmağa çalışacağıq.

**

Binəqədi RPİ avqustda birinci olub

Məlumat üçün bildirək ki, avqustda ölkə üzrə cəmi 26 polis idarə və şöbəsi bu mübarizəyə dəstək verməyi bacarıblar. Bunların da əksəriyyəti cəmi 1 fakt üzrə seçilə bilib.

Ümumilikdə isə onu qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsi (RPİ) 4 uğurlu əməliyyata imza ataraq avqustda ilk yerdə qərarlaşıb.

Abşeron RPİ, Şəki Rayon Polis Şöbəsi (RPŞ) və Siyəzən PRŞ hərəyə 2 əməliyyat keçirərək, ikinci yerdə qərarlaşıblar.

Nizami RPİ, Nəsimi RPİ, Nərimanov RPİ, Suraxanı RPİ, Sabunçu RPİ, Ağdam RPŞ, Ağsu RPŞ, Bərdə RPŞ, Biləsuvar RPŞ, Füzuli RPŞ, İmişli RPŞ, İsmayıllı RPŞ, Lerik RPŞ, Lənkəran RPŞ, Masallı RPŞ, Qax RPŞ, Qobustan RPİ, Quba RPŞ, Qusar RPŞ, Şəmkir RPŞ, Xaçmaz RPŞ və Zaqatala RPŞ də hesabat dövründə 1 əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə töhfə verməyə çalışıblar.

Sumqayıt ŞPİ sentyabrda ilk yerdə qərarlaşıb

Sentyabrda paytaxt Bakının inzibati rayonları ilə birlikdə cəmi 28 polis idarə və şöbəsi narkotiklərin qanunsuz dövriyyəsinin və narkomaniyanın qarşısının alınması istiqamətində aparılan mübarizəyə dəstək verməyi bacarıblar. Bunların da əksəriyyəti, yəni 21-i yenə ay ərzində cəmi 1 fakt üzrə seçilə bilib.

Beləliklə, Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) 4 uğurlu əməliyyat keçirməklə, sentyabrda ilk yerdə qərarlaşıb.

Ağcabədi RPŞ 3 uğurlu əməliyyat keçirərək, ikinci olub. Abşeron RPİ, Sabunçu RPİ, Səbail RPİ, Xətair RPİ və Bərdə RPŞ isə üçüncü yeri bölüşürlər.

Balakən RPŞ, Binəqədi RPİ, Cəlilabad RPŞ, Gəncə ŞPŞ, Göygöl RPŞ, Hacıqabul RPŞ, İsmayıllı RPŞ, Lənkəran RPŞ, Lerik RPŞ, Masallı RPŞ, Nərimanov RPİ, Nəsimi RPİ, Oğuz RPŞ, Qazax RPŞ, Qəbələ RPŞ, Sabirabad RPŞ, Şabran RPŞ, Şəmkir RPŞ, Tovuz RPŞ, Xızı RPŞ və Zaqatala RPŞ isə ay hərəyə 1 əməliyyatla fərqlənməyi bacarıblar.

**

Okyabrın “qalibi” Sabunçu RPİ olub

Oktyabrda Naxçıvan MR və paytaxt Bakının inzibati rayonları ilə birlikdə oktyabrda cəmi 23 polis idarə və şöbəsi mübarizəyə dəstək veriblər. Bunların da əksəriyyəti, yəni 15-i yenə ay ərzində cəmi 1 fakt üzrə seçilə bilib.

Hesabat ayında Sabunçu Rayon Polis İdarəsi (RPİ) 4 uğurlu əməliyyat keçirməklə, ilk yerdə qərarlaşıb.

Ayın ikinciləri Nəsimi RPİ, Suraxanı RPİ, Xəzər RPİ, Beyləqan RPŞ və Hacıqabul RPŞ olub.

Gəncə ŞPİ, Sumqayıt ŞPİ, Yasamal RPİ, Füzuli RPŞ, Göyçay RPŞ, İsmayıllı RPŞ, Lənkəran RPŞ, Oğuz RPŞ, Qazax RPŞ, Sabirabad RPŞ, Şəki RPŞ, Şirvan RPŞ, Siyəzən RPŞ, Xaçmaz RPŞ, Yardımlı RPŞ və Zərdab RPŞ isə hərəyə 1 əməliyyatla mübarizəyə töhfə verməyə çalışıblar.

Bütün bunlardan göründüyü kimi, hesabat dövründə - avqust, sentyabr və oktyabr aylarında da əksər rayonlar narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədən kənarda qalıblar. Növbəti yazımızda həmin rayonlarla bağlı araşdırmanın nəticəsini ayrıca təqdim edəcəyik.

Stopnarkotik.az