I YAZI
Azərbaycanın 44 günlük Qarabağ savaşından qalib çıxması ilk gündən hər bir ölkə vətəndaşında 30 illik müharibənin bitdiyi qənaəti yaratmışdı. Lakin döyüş meydanında məğlub olan mənfur düşmənlərimiz, eləcə də onların havadarları bu dəfə ölkəmizə qarşı ikinci “savaşı açdılar”. Bu savaş daha çox can almağa, xüsusilə də dövlətimizin gələcəyi olan yeniyetmə və gənclərimizi kütləvi şəkildə məhv etməyə hesablanmışdı. Söhbət “narkotik müharibəsi”ndən gedir. Hansı ki, 2020-ci ildən bu yana, İrandakı molla rejimi də daxil olmaqla, bir sıra xarici düşmənlərimiz bütün vasitələrlə ölkəmizə narkotik vasitələr soxmağa çalışır. Onlar bununla “bir daşla iki quş” vurmağı hədəfləyiblər. Yəni həm narkotik satışından milyardlarla dollar qazanmağa, həm də yeniyetmə və gənclərimizi sıradan çıxarmağa, onların döyüş ruhunu öldürməyə çalışırlar.
Əlbəttə, düşmənin bu cür məkrli planı diqqətdən kənarda qala bilməzdi. Heç də təsadüfi deyil ki, İkinci Qarabağ Müharibəsindən dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə yeni müstəviyə daşındı. Nəticədə düşmənin çirkin əməllərinin qarşısının alınması üçün bir çox dövlət qurumları bu mübarizəyə cəlb olundu və belə demək olarsa, ölkədə narkotik mafiyasına qarşı “səfərbərlik elan olundu”.
Bütün bunlarla yanaşı, Azərbaycanda artıq sayları qeyri-rəsmi olaraq yüzminlərə çatan narkomanların müalicəsi üçün özəl reabilitasiya mərkəzləri yaranmağa başladı. Təxminən, 150 reabilitasiya mərkəzi hazırda da öz fəaliyyətini davam etdirməkdə, cəmiyyətimizi bu bəladan xilas etmək üçün var gücləri ilə çalışmaqdadırlar. Doğrudur, hələ istənilən nəticəni əldə etmək mümkün olmayıb. Amma görülən işləri də gözardı etmək olmaz.
Məlumat üçün bildirək ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə yeni müstəviyə keçdikdən sonra bütün dövlət qurumları, o cümlədən də polis idarələri görülən fəaliyyətlə bağlı gündəlik açıqlamalar verməyə başladılar. İlk vaxtlar, bəzi hallarda gün ərzində 100 nəfərdən çox narkotacirin qandallanması bu sahədə vəziyyətin kifayət qədər kritik olduğunu göstərməklə yanaşı, tezliklə ölkədə narkotik alverinin qarşısının alınacağına da ümid yaradırdı. Son günlər Daxili İşlər Nazirliyinin (DİN) açıqladığı rəsmi statistikaya istinad etsək, narkotik tacirlərinin “kökünün kəsilməsi” istiqamətində xeyli irəliləyiş əldə olunduğunu deyə bilərik. Çünki hazırda gün ərzində saxlanılanların rəsmi sayı təxminən 20-30 nəfər göstərilir. Amma narkomanların ümumi sayında hələ də ciddi dəyişiklik müşahidə olunmaması bir qədər təzadlı olmaqla yanaşı, bəzi sualları da meydana çıxarır. Ən başlıcası isə odur ki, görəsən, DİN narkomaniyaya qarşı mübarizənin “effekt verdiyini” göstərmək üçün rəqəmləri məqsədli şəkildə azaldır?!
Əlbəttə, biz Stopnarkotik.az olaraq heç bir qurumun, o cümlədən də DİN-in narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəsini, belə desək, gözdən salmaq fikrində deyilik. Əksinə, bir çox rayonların polis əməkdaşlarının bu sahədə gördüyü işləri hər zaman təqdir edir, üstəlik, hər ay oxucularımıza təqdim etdiyimiz hesabat xarakterli məqalələrimizdə onların fəaliyyətini geniş şəkildə işıqlandırırıq. Lakin son aylarda DİN tərəfindən verilən bəzi rəsmi informasiyalar bizdə belə qənaət formalaşdırıb ki, hansısa səbəbdən narkotiklə əlaqədar həyata keçirilən əməliyyatların bir çoxu ictimaiyyətə detallı şəkildə açıqlanmır. Onun üçün də istər gündəlik, istər də aylıq statistik nəticəni ortaya tam şəkildə çıxarmaq mümkün deyil, ancaq DİN-in açıqladığı rəqəmlərə istinad etməli oluruq.
Məsələn, DİN-in mətbuat xidmətindən Stopnarkotik.az-a bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları iyul ayı (2024-cü il – red.) ərzində keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 115 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən 6 kiloqramdan artıq müxtəlif növ narkotik maddə və psixotrop maddələr çıxarılıb.
Nazirlikdən növbəti ay verilən rəsmi açıqlamada isə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avqustda keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 98 fakt aşkarlandığı bildirilir. Əlavə olunur ki, bu zaman ümumilikdə 29 kiloqram narkotik vasitə, o cümlədən 15 kiloqram heroin, 6 kiloqram tiryək və 8 kiloqram marixuana qanunsuz dövriyyədən çıxarılıb.
Bununla belə, DİN-in mətbuat xidməti Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının iyulda keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli aşkar olunan 115 faktdan yalnız ikisi, avqustda aşkarlanan 98 faktdan isə dördü haqda mətbuata detallı şəkildə, yəni neçə nəfərin saxlanıldığı, nə qədər narkotikin ələ keçirildiyi haqda məlumat verir. Beləliklə, iyulda aşkar olunan 115 faktın 113-ü, avqustda aşkar olunan 98 faktın 94-ü ilə bağlı cəmiyyətə hər hansı informasiya verilmir. Bu səbəbdən də, təbii olaraq, narkotik ticarəti ilə əlaqədar saxlanılan şəxslərin sayının reallığı əks etdirmədiyi haqda görüntü ortaya çıxır.
Digər tərəfdən, bir sıra özəl reabilitasiya mərkəzləri ilə apardığımız sorğunun nəticəsi də ölkədə narkotik istifadəçilərinin statistikasında ciddi dəyişiklik müşahidə edilmədiyini deməyə əsas verir.
Bütün bunlarla bağlı növbəti yazımızda daha ətraflı məlumat verəcəyik. Bizi izləyin.
Stopnarkotik.az