Qazaxıstanda narkotiklə əlaqədar cinayət törədən gənclərin müddətdən qabaq həbsdən azadedilmə variantlarının tətbiqi nəzərdə tutulur. Stopnarkotik.az yerli KİV-lərə istinadən xəbər verir ki, 2025-ci il martın 3-də Qazaxıstanda narkotik cinayətlərinə qarşı mübarizə ilə bağlı qanunvericilikdə mühüm dəyişikliklər qüvvəyə minib. Bu dəyişikliklər bir sıra sahələri, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, xüsusilə “zakladçik” adlanan şəxslərin əməllərinə görə cinayət məsuliyyətini, habelə narkotik maddələrin istehsalı və email ilə bağlı cəzaların artırılmasını əhatə edir.
Qazax ekspertlər deyir ki, ölkədə gənclər arasında məhkumluq hallarının artması qanunvericiləri bu problemə yanaşmanı yenidən nəzərdən keçirməyə məcbur edib. Onları bu sual düşündürür: ilk dəfə “büdrəyib” yolunu azan 18 yaşlı gənc nəhəng narkotik kartelinin təşkilatçısı kimi sərt cəzalandırılmalıdırmı? Etdikləri səhvin ardından dərhal uzun müddətə barmaqlıqlar arxasına göndərilirsə, gənclərin sağalmaq şansı varmı? Bu və digər məsələlər yeni qanunun formalaşmasında əsas məqamlar olub.
Qazaxıstanda yeni qanunun əsas müddəaları bu istiqamətdədir ki, narkotiklərlə bağlı cinayəti ilk dəfə törətmiş, lakin cinayətkar əməllərin və narkotik biznesinin təşkilatçısı olmayan gənclərin vaxtından əvvəl azadlığa buraxılması imkanı nəzərdən keçirilsin.
Əsas dəyişikliklərə aşağıdakılar daxildir:
- 25 yaşına çatmamış, cinayət törətmiş şəxslərə yanaşmanın nəzərdən keçirilməsi;
- cəza müddətinin azaldılması və ya onun alternativ islah növləri ilə əvəz edilməsi imkanı;
- keçmiş məhkumlar üçün reabilitasiya və sosial adaptasiya proqramlarının sərtləşdirilməsi;
- korrupsiya sxemlərinin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarına nəzarətin artırılması.
Bu dəyişikliklər təkcə residivlərin azaldılmasına deyil, həm də gənclərin gənclik illərində buraxdıqları səhvlərdən sonra doğru yola qayıtmasına kömək etmək məqsədi daşıyır.
İctimai reaksiya və mümkün nəticələr
Qeyd edək ki, Qazaxıstanda qanunvericiliyə edilən bu dəyişikliklər bəzi mübahisələrə də səbəb olub. Bəziləri hər bir gəncin ikinci bir şansa layiq olduğuna inanaraq hesab edir ki, xüsusən də hansısa gənc əmlindən peşman olub, səmimi şəkildə tövbə etsə, onu bağışlamaq olar. Digərləri isə düşünürlər ki, bu, cəzasızlığa və narkotik cinayətlərinin artmasına səbəb ola bilər.
Hüquq müdafiəçiləri bu addımı müsbət qiymətləndirərək qeyd ediblər ki, sivil ölkələrdə cinayətkarlara standart, şablon cəza yox, fərdi yanaşma prinsipi çoxdan qüvvədədir.
Eyni zamanda, təhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edirlər ki, yüngülləşdirilmiş cəzalar cinayətkar qruplar tərəfindən cəzanın daha yüngül olacağını bilərək, gəncləri öz sıralarına cəlb etmək üçün sui-istifadə halına çevrilə bilər.
Nəticələr və perspektivlər
Ümumiyyətlə, narkotik cinayəti ilə həbsə düşmüş gənclər üçün erkən azadlıq variantlarının tətbiqi bir çox insana həyatda yeni başlanğıc verə biləcək iddialı bir addımdır. Lakin bu təşəbbüsün uğuru reabilitasiya proqramlarının nə dərəcədə effektiv işləməsindən və dövlətin bundan irəli gələn proseslərə nə dərəcədə ciddi nəzarət etməsindən asılı olacaq.
Bu qanunun uzunmüddətli nəticələrini proqnozlaşdırmaq çətindir. Bir şey aydındır: cəmiyyət təkcə cəzalandırmaq deyil, həm də insanların islah olunaraq düzəlməsinə kömək etməlidir. Ola bilsin ki, bu yanaşma Qazaxıstanda narkotik cinayəti probleminin həllinə müsbət təsir göstərəcək. Belə olarsa, Azərbaycanda da analoji qanunun qəbuluna ehtiyac yarana bilər. Unutmayaq ki, hazırda Qazaxıstanla müqayisədə bizim ölkəmizdə bu sahədə vəziyyət daha acınacaqlıdır. Belə ki, İrandakı molla rejiminin Azərbaycana qarşı açdığı “narkotik savaşı” yeniyetmə və gənclərimiz arasında narkotik alidəçilərinin sayını artırmaqla yanaşı, narkotik alverçilərinə də geniş meydan verib. Bu baxımdan, Azərbaycanda da narkotiklə əlaqədar qanunvericiliyə “əl gəzdirməyin” zamanı çoxdan çatıb…
Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az