“Narkotiklərin yaratdığı ən böyük problem yoluxucu xəstəliklərin yayılmasıdır” – NARKOEKSPERT

Emil Maqalov: “İnsanlar narkoman olmaqla təkcə özlərinə ziyan vurmurlar, onlar müxtəlif cür yoluxucu xəstəliklər yayırlar”

Dövlətimizi və cəmiyyətimizi qarabaqara izləyən, hər evə girmək potensialı olan, istənilən ailəni məhv edə biləcək, heç bir kəsin sığortalana bilmədiyi narkomaniya bəlası, əslində, qarşımızda duran ən ciddi problemlərdəndir. Ölkəmizdə “narkomaniya ocağı”nın söndürülməsi üçün bir sıra ekspertlər öz rəylərini səsləndirir, problemldən çıxış yolu axtarmağa dəstək olurlar.

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkoekspert Emil Maqalovla söhbətimizdə də məsələyə dərindən nəzərə salmağa, problemin həlli yollarını araşdırmağa çalışdıq.

- Emil bəy, sizcə, ölkəmizdə narkomaniyanın sürətlə artması nə ilə bağlıdır?

- Bu, hər şeydən öncə onunla bağlıdır ki, indi narkotik daha asan əldə olunur. Yəni hər hansı bir avadanlığı, məsələn, 3-4 avadanlığı tapıb, birlikdə istifadə etməyə ehtiyac yoxdur. Artıq narkotikin özünü müxtəlif asan yollarla tək istifadə etmək olur.

İkinci bir səbəb, narkotiklər o qədər də artmadı, sadəcə polisin işi bir az da gücləndirildi və mətbuat bu haqda çox məlumatlar verdi, bu məsələyə diqqət yönəldi. Çox adam düşündü ki, narkotik əvvəlkinə nisbətən çoxaldı.

Üçüncü bir səbəb İran faktorudur. İran bunu əvvəl bizim işğalda olan torpaqlarımızda istehsal edirdi, oranı narkotrafik yolu etmişdilər. 44 günlük müharibədən sonra bu yol bağlanıb. Narkotacirlər çalışır ki, indi Azərbaycanın özündən istifadə etsin, xüsusilə, İranla sərhədə yaxın olan Masallı, Lənkəran, Lerik rayonlarından istifadə etməyə çalışırlar. Yəni səbəblərdən biri də İranın Azərbaycana qarşı pis hərəkətləridir.

- Bu, əslində İranın bizə qarşı düşmənçiliyidir.

Bildirdiniz ki, səbəblərdən ilki narkotik tapılmasının asanlaşmasıdır. Yəni əvvəl bazarda daha çox təbii narkotik olanda istifadə asan deyildi?

- "Təbii narkotiki", yəni el arasında heroini, kokaini istifadə etmək, damara vurmaq üçün şpris, anhidrid deyilən şey, turşular lazım idi, onları bişirmək, açmaq və istifadə etmək lazım idi. İndi isə narkotiklər kimyəvi yolla istehsal olunduğundan, aludəçilər ondan çox asan yolla istifadə edirlər. 

- Siz hazırda narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizəni yetərli hesab edirsinizmi?

- Bəli, yetərli hesab edirəm. Məsələ ondadır ki, mən digərləri kimi nağıl danışmıram, əsaslı danışıram. Mən deyirəmsə ki, Avropada bu sahədə vəziyyət daha pisdir, gedib videolar çəkib, araşdırıb sonra deyirəm. Bu gün Azərbaycanda, coğrafi mövqeyinə görə, cox yüksək səviyyədə mübarizə aparılır. Bunun qarşısını almaq mümkün deyil. Mümkün olsaydı, bütün inkişaf etmiş ölkələr bunu edərdi.

Son zamanlar görürük ki, narkomanlar da, narkotacirlər də azalıb. Ətraf ölkələri, məsələn, Gürcüstanı, Dağıstanı, İranı və Türkiyəni götürsək, biz onlardan minimum 70 faiz qabaqdayıq. Amma bizim müalicəmiz onlardan qat-qat zəifdir. Bizim dövlət narkodispanserlərində effekt demək olar ki, yox səviyyəsindədir.

- Bunun hansı aspketdən zəif olduğunu düşünürsünüz?

- Birincisi, insanlar narkodispanserlərdə yer tapmır, dispanserə yazıla bilmirlər. Yazıldıqdan sonra dispanserdən çıxanların 90%-i yenidən narkotiklərə başlayır, çünki reabilitasiyadan keçmirlər. Reabilitasiya mərkəzləri var, onlar özəldir. Özəl reabilitasiya mərkəzlərində müalicə 1000-1500 manatdır, ona hər adamın maddi imkanı çatmır. Mən bunları öz araşdırmalarım əsasında deyirəm.

Mən AZ TV-də də, digər kanallarda da təkliflər səsləndirmişəm. Cənab nazirlərlə və aidiyyatlı qurumlarla görüşlərim əsnasında da təklif etmişəm ki, reabilitasiya mərkəzləri açılsın. Amma burada bir məsələ var - reabilitasiya mərkəzləri pulsuz olsa, onda hamı narkotikdən istifadə etməyə başlayar ki, müalicə pulsuzdur. Reabilitasiya mərkəzlərində pulsuz müalicə cəmiyyətə lazım olan insanlar - həyatında böyük nailiyyətləri olmuş idmançı, alim, mühəndis və s. bu qəbildən olan insanları üçün tətbiq edilməlidir. Yaxud 3 uşağı olmuş atalar da bu cərgəyə aid ola bilər, hansı ki, onu cəmiyyətə qaytarmaq lazımdır. Yaxud liderlər də bura aid edilə bilər ki, həmin insanlar cəmiyyətə qaytarılsın və digərlərinə təsir göstərilsin. Mənim belə bir layihəm var idi. Avropanın layihəsi idi…

- Hansı layihədən söhbət gedir? Mümkünsə, bir qədər ətraflı məlumat verin…

- Bu, "Zərərin azaldılması" adlanır. Qlobal Fondun dəstəyi ilə maliyyələşirdi. Layihə narkomanlar arasında QİÇS və digər yoluxucu xəstəliklərlə bağlı idi. Hal-hazırda da layihə fəaliyyət göstərir, amma çox zəif işləyir. Gələcəkdə layihəni tam gücü ilə işlətməyə müvəffəq olacağıq.  

- Emil bəy, seçilmiş insanların reabilitasiya mərkəzlərində pulsuz müalicə olunmasının gərəkli olduğunu bildirdiniz. Amma aztəminatlı aludəçilərin də özəl reabilitasiya mərkəzlərində müalicəyə maddi imkanı çatmır və onlar həddən çoxdurlar. Çıxış yolunu nədə görürsünüz?

- Onların imkanı çatmadığına görə, mən dövlətdən, aidiyyəti qurumlardan xahiş etmişəm ki, ya “Zərərin azaldılması” layihəsi gücləndirilsin - tutaq ki, bu layihədə əvvəl 32 QHT işləyirdi, nəticələr var idi… İnsanlar narkoman olmaqla təkcə özlərinə ziyan vurmurlar, onlar müxtəlif cür yoluxucu xəstəliklər yayırlar. Ən böyük problem QİÇS-dir, hepatitdir, onların yaydığı xəstəliklərdir. Məsələ burasındadır ki, tibbi iynədən (şpris) damar daxili inyeksiya ilə narkotik vurulması zamanı onların 50%-i 1 qramlıq "insulin" iynələrindən istifadə edirlər. Apteklər bu iynələri satmır. Kim o iynələri istəsə ona narkoman kimi baxırlar. Bunu satmadıqlarına görə, mən aptekləri də başa düşürəm. Onlara problem yaratmaq istəmirlər, çünki narkotik aludəçilərinin axını ola bilər. Narkomanlar da iynə tapmadıqlarına görə, fiziki-psixoloji ağrılar içində olan zaman özündən əvvəl iynə vuran narkoman yoldaşının iynəsindən istifadə edir. Mən bu gün 10-a yaxın QİÇS xəstəsi tanıyıram ki, həyat yoldaşını yoluxdurub. Onları müalicəyə göndərirəm, bəziləri getmir, gizlənir.

Yəni narkotiklərin yaratdığı ən böyük problem xəstəliklərin yayılmasıdır. Bunun üçün də əlimizdə nə maliyyəmiz, nə müalicə mərkəzimiz var, amma Qlobal Fondun maliyyələşdirdiyi "Zərərin azaldılması" layihəsinin üstünə düşsək, burada həm pulsuz müayinə, həm pulsuz müalicə, anonim vəkillər, narkoloqlar var və pulsuz tibbi materiallar var.

- Maliyyəni yalnız Qlobal Fond təmin edir?

- Qlobal Fondla Səhiyyə Nazirliyi.

- Yəni siz problemin köklü çıxış yolunu bunda görürsünüz…

- Başqa yolumuz yoxdur. Mənim “Facebook”da 4 səhifədən ibarət yazım var. Orada mən Əfqanıstanla İranın bu layihədən 1978-ci ildə istifadə edərək narkomaniyanı 54%-dən aşağı salmasını faktlarla göstərə bilərəm. Ondan əvvəl də biz bunu işləyirdik, əlimizdə də həmin nəticələrimiz var. Biz o sənədləri saxlamışıq. Hazırda bundan başqa çıxış yolumuz yoxdur. Bu gün Azərbaycanda 6 ədəd narkodispanser var. Tutaq ki, daha 6 ədəd də narkodispanser açsaq, buna minumum 15 milyon manat lazımdır. Hətta 15  milyon manat da problem deyil, onu da xaricdən taparıq, məsələ odur ki, narkoloqumuz yoxdur. Narkoloqların 80%-i ixtisasını dəyişdi.

- Səbəb?

- Çünki bu sahə problemli məsələdir və burada maliyyə yoxdur. Yəni müalicəyə gələnlərin 90%-i milyonçu olsa da, 5-6 aydan sonra var-dövlətlərini itirib dilənçiyə çevrilirlər. Bu, heç bir həkimə sərf etmir.

Mən AZ TV-də danışmışam, deputatlarla da danışmışam. O həkim-narkoloqlara stimul lazımdır, minimum 3-4 min əməkhaqqı verilməlidir. Əgər biz bunu təşkil etsək, bundan sonra 100 narkoloqu geri qaytarsaq belə, qənaətbəxş nəticə üçün minumum 5 il vaxt lazımdır. Amma bu gün 15-20 milyon manat pul tapaq, daha 6 narkodispanser tikək, sonra orada işləmək üçün narkoloqlar tapaq - bütün bunları 5 il ərzində etmək üçün vaxtımız yoxdur. Ona görə, bu gün əlimzdə olan çıxış yolu "Zərərin azaldılması" layihəsidir ki, bunun içində hər şey var. Məsələ orasındadır ki, bu layihənin içində “autriclər” – çöl işçiləri var, hansı ki, çöldəki narkomanlarla QHT-lərdəki həmin bu çöl işçiləri işləyir. Çünki nə dövlət komissiyası, nə polis, nə digər orqanların heç bir tindəki narkotik istifadəçiləriylə işləmir. Bizə də problem yaradan məhz o tindəki, küçədəki, el arasında deyildiyi kimi, adam arasına çıxmayan narkomanlardır. Çöl işçiləri onları aşkarlaya, adam arasına çıxarda, lazım olan yerə yönəldə bilir. Əgər, dediyim kimi, biz yeni narkodispanser də açsaq, narkoloq da yığsaq, bəs, həmin gizli narkomanları kim ora yığacaq?! Bizə lazım olan risk qruplarını kim tapacaq?! Yenə də QHT-lər, QHT-lərdəki bu sahəni bilən insanlar lazımdır. Onla görə deyirəm ki, narkoloqumuz olmasa belə, həmin layihədə işləyənlərin 50%-i köhnə narkomanlardır. 

- Özəl reabilitasiya mərkəzlərindəki kimi?

(Ardı var)

Söhbətləşdi: Asya ŞÜKÜROVA,

Stopnarkotik.az