Müsadirə olunan narkotiklərin həcmi azalıbsa, istehlak niyə azalmır? – DÖVLƏT KOMİSSİYASININ HESABATINA SÖZARDI

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində 2025-ci ilin yanvar ayına olan göstəriciləri açıqlayıb.

Stopnarkotik.az xəbər verir ki, aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 750 kq 328,026 qram narkotik vasitələrin və psixotrop maddələrin 681 kq 035,96 qramını marixuana, 28 kq 335,05 qramını heroin, 13 kq 146,382 qramını tiryək, 9 kq 230,5 qramını həşiş, 3kq 621,6 qramını digər narkotik vasitələr və 14 kq 958,534 qramını psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 1475 ədəd metadon qanunsuz dövriyyədən götürülmüşdür.

2024-cü ilin yanvar ayında isə müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının mqdarı belə olub: marixuana – 681 kq 712,79 qr, həşiş 22 kq 833,55 qr, tiryək 16 kq 104,876 qr, heroin 86 kq 213,9 qr, psixotrop maddələr 23 kq 078,491 qr, digər narkotik vasitələr 1 kq 078 qr.

**

Müqayisədən görünür ki, müsadirə üzrə göstəricilər azalıb. Marixuanaya dair göstəricidə azalma 676,83 qramdır. Bu, elə də böyük miqyaslı azalma deyil. Burada yalnız narkotiklərin müsadirə göstəricisini yox, onların qeyri-leqal bazarda alıcısına çatmasının statsitikasını da əldə etmək vacibdir. Çünki, narkomaniya bazarda alıcısına çatan narkotik sayəsində ayaqda qalır. Elə rəqəmlərdən göründüyü kimi, marixuananı istehsal etmək daha asan başa gəldiyi üçün onun miqdarında elə də azalma yoxdur. Məsələn, tiryək çətənənin şirəsindən alındığı üçün istehsal prosesi getməlidir, amma marixuana çətənənin yarpaqlarından alınır deyə daha asan başa gəlir. Həm də marixuana istifadəsi narkotik asılılığına gedən yolun əvvəlində durur. Narkotik asılılığı prosesini marixuana başladır, çünki istifadəyə alışma ondan başlayır. Sonra isə prosesin ardı gəlir, insan “həzz almağa” alışdıqdan sonra bu həzzin mübtəlasına çevrilir, narkotik maddə çevrəsini genişləndirir, daha ağır narkotiklər sınanır, asılılıq dərinləşir, artıq xilas çətinləşir. 

Psixoloji olaraq, əgər müsadirə olunan marixuananın miqdarında azalma yoxdursa, onun daxili bazardakı realizasiyası da elə problemli məsələ deyil. Müsadirə olunması azalmayıbsa, təxmin etmək olar ki, satışı da azalmayıb. Yaxud çətənənin müsadirə rəqəmləri dəyişməyibsə və daxili bazarda da satışı dayanmayıbsa, deməli, bu narkotikin ölkəmizə axını davam edir. Bunu dəqiqləşdirmək üçünsə, daxili bazarda hansı narkotikin nə qədər istehlak olunduğunu rəqəmlərlə ortaya qoymaq lazımdır.

**

Məsələn, 2025-ci ilin yanvarında müsadirə olunan heroinin miqdarı 28 kq 335,05 qramdırsa, daxili bazarda heroin istehlakı nə qədər olub? Yəni müsadirə bazarda narkotik alqı-satqısının qarşısını alırmı, yoxsa daxili bazara təsirsiz ötüşür? Əgər təsirsiz ötüşürsə, niyə müsadirə ümumölkə narkotik bazarını tam əhatə edə bilmir? Ümumiyyətlə, ən azı qeydiyyata alınan narkomanların istehlak göstəricilərinin də statistikası aparılırmı? Hansı yaş qrupunda hansı çeşid narkotiklərdən, hansı zaman aralığında, hansı mqidarda istifadənin monitorinqi müşahidə olunurmu? Narkomanların istifadə etdiyi malın çeşidi baxımından daxili bazardakı narkotik dövriyyəsinə, daxili istehlak statistikasına nəzarət varmı? Eləcə də “peredoz”dan ölənlərin statistikası aparılırmı? “Peredoz”dan ölənlər əsasən hansı narkotiklərdən və onlardan hansı müddətdə, hansı miqdarda istifadə edərkən “peredoz” olurlar? Yoxsa, ölkədə “peredoz”dan ölənlərə rast gəlinmir? Halbuki, narkotik istifadəçiləri kontingenti arasında belə məlumatlar yox deyil.

Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az