“Birinci növbədə apteklərə nəzarət olunmalıdır” - Həkim-terapevtdən narkomaniyanın yayılma səbəbləri haqda AÇIQLAMA

Məlahət Qədirova: Yeniyetmə və gənclərimizi narkomaniyadan qorumaq üçün ilk növbədə cəmiyyətdəki sosial problemləri - işsizliyi, yoxsulluğu aradan qaldırmaq lazımdır”

“Bütün zərərli vərdişlər insan psixologiyasına gedən yoldan başlayır. Bir insanın iradəsi zəifdirsə, onu nə qədər maarifləndirsən də, xeyri yoxdur. O, öz bildiyi, öz düşüncəsi istiqamətə yönələcək”.

Bunu Stopnarkotik.az saytına açıqlamasında Sabunçu rayonundan yerləşən 11 saylı Şəhər Poliklinikasının həkim-terapevti Məlahət Qədirova bildirir.

Psixologiyada insan iradəsinin “özünə nəzarət” demək olduğunu bildirən Məlahət xanım hesab edir ki, ümumiyyətlə, zərərli vərdişlər aludəçilik ailədən başlayır: “Ailənin davranışı iradənin inkişafında müstəsna rola malikdir. Uşaq böyüdükcə ətrafındakı insanları müşahidə edir və davranışlarını onlardan öyrənir. Bu səbəbdən də, özünə nəzarətin aşağı olduğu ailələrin övladlarında iradə zəifliyi olur. Yaşadığımız həyatda insanı idarə edən əsas qüvvə iradədir. Məsələn, bir uşaq dərsə hazırlaşır, lakin bu zaman televiziya kanalında onun çox sevdiyi film nümayiş olunur. Əgər onun özünə nəzarəti güclüdürsə, yenə də dərsləri ilə məşğul olmağa davam edəcək. Bütün pis vərdişlərin qarşısını almaq üçün birinci növbədə özünə nəzarət lazımdır. Ailədə uşaqlara nəzarət güclü olmalıdır”.

Məlahət Qədirova deyir ki, bütün sadalananlardan əlavə, yeniyetmə və gənclərimizi narkomaniyadan qorumaq üçün ilk növbədə cəmiyyətdəki sosial problemləri - işsizliyi, yoxsulluğu aradan qaldırmaq lazımdır: “Məktəblərdə müəllim-şagird arasındakı konflikt, ailələrdə uşaqlara qarşı şiddət, valideyn-övlad arasında ziddiyətlər aradan qaldırılmalıdır. Bunlarla yanaşı, ətraf mühitin təsirləri də yeniyetmə və gəncləri narkotik aludəçiliyinə gətirib çıxara bilən əsas səbəblərdəndir”.

Həkim-terapevt bu fikirdədir ki, narkomanlara qarşı təzyiq mexanizmindən istifadə etmək, sərt cəzalar vermək çıxış yolu deyil: “Bir həkim olaraq, hər hansı bir mövzuda cəzaların sərtləşdirilməsinin tərafdarı deyiləm. İnsan elə bir varlıqdır ki, təzyiqə məruz qaldıqda daha da sərtləşir. Belə hesab edirəm ki, ən başda maarifləndirmə işi durmalıdır. Orta və ali məktəblərdə, televiziya kanallarında bu mövzuda söhbətlər və maarifləndirmə işləri aparılmalıdır. Evdə valideynlər, yaşayış məhəllələrində isə uşaq sahə müvəkkilləri, uşaq və böyük poliklinikalarında işləyən, insanların sağlamlığının keşiyində duran fədakar ailə həkimlərimizin çiyninə böyük yük düşür. Biz həkimlər demək olar ki, hər gün ərazidə oluruq. İnsanlarla görüşürük, çağırışlara gedirik. Dünyanı başına alan, insanı ölümə sürükləyən dilsiz-ağızsız düşmənlə mübarizəyə qalxırıq, “Narkotikə yox deyək!” mövzusunda yeniyetmə və gənclərlə mütəmadi söhbətlər aparırıq. Təkcə narkotikin deyil, digər zərərli vərdişlərin də insan orqanizminə vurduğu zərərlərdən söhbət açırıq. Bu mövzuda təkcə gənclərimizi yox, yaşlı insanları da bacardığımız qədər təlimatlandırırıq”.

M.Qədirova təklif edir ki, narkomaniyaya qarşı mübarizə çərçivəsində apteklərin fəaliyyəti də nəzarət altına alınmalıdır: Birinci növbədə apteklərə nəzarət olunmalıdır. Reseptsiz və həkimin möhürü olmadan narkotik tərkibli dərmanlar və ağrıkəsicilər satılmamalıdır. İradəsi zəif olan bəzi insanlar bədənləri ağrıyanda həkimə deyil, ilk növbədə aptekə üz tutur və ağrıkəsici alıb içir. Bu ağrıkəsicilər effekt vermədikdə isə daha güclü dərman axtarışına çıxırılar. Nəticədə, ətraf mühit amili öz təsirini göstərir.

Narkomaniya bütün bəşəriyyəti düşündürən ən böyük problemlərdən biridir. Təhsil müəssisələrində təbliğat və maarifləndirmə işləri aparılmalıdır. Gənclərə sağlam həyat tərzini aşılamaq üçün müxtəlif mövzular üzrə toplantılar, görüşlər, müzakirələr keçirilməli, bu istiqamətdə müvafiq işlər görülməlidir.

Əlbəttə ki, dərs vəsaitlərinin hazırlanması da bu müstəvidə ən mühüm işlərdən biridir”.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az