Azərbaycanda cinayətkarlığın azalması kimləri narahat edir? - VƏ YAXUD ÖZƏL REABİLİTASİYA MƏRKƏZLƏRİ QAPADILMALIDIR?

Azərbaycanda özəl reabilitasiya mərkəzlərinin qapadılmasına cəhdlər olunduğu haqda Stopnarkotik.az saytında yazmışdıq. Qeyd etmişdik ki, dövlət qurumlarından biri belə bir təşəbbüslə çıxış edib, lakin Səhiyyə Nazirliyinin müvafiq rəyindən sonra bu mərkəzlərin bağlanılması məqsədəuyğun hesab olunmayıb. Çünki ölkəmizdə sayları yüzminlərlə olan narkomanları dövlət tibb müəssisələrinin imkanları daxilində müalicə etmək mümkünsüzdür.

Bütün bunlara baxmayaraq, son vaxtlar bəzi deputatlar tərəfindən özəl reabilitasiya mərkəzlərinin qapadılması istiqamətində çağırışlar səslənir. O cümlədən, bir sıra media subyektləri də məsələni doğru-düzgün analiz etmədən bu kampaniyaya dəstək verirlər. Halbuki, bu sahədə kiçik araşdırma aparmaqla, nəinki özəl reabilitasiya mərkəzlərinin qapadılması, əksinə onlara dövlət dəstəyinin zəruri olduğu qənaətinə gəlmək olar. Əlbəttə, bu mərkəzlər arasında öz məqsəd və məramından kənara çıxanlar, yaranmış vəziyyətdən sui-istifadə edənlər də ola bilər. O cümlədən, bəzi mərkəzlərdə ölüm hadisəsi, pasiyentlərə işgəncə verilməsi faktlarının olduğu da mətbuatdan çoxlarına bəllidir. Lakin 2-3 və daha çox mərkəzdə bu cür anormal mühit varsa, ölkəmizdə mövcud olan 150-yə yaxın özəl reabilitasiya mərkəzinin hamısını qaralamaq, onlara qarşı açıq hücumlar təşkil etmək və yaxud etdirmək heç də ədalətli deyil.

Məsələn, bu gün bəzi media qurumları “belə mərkəzlərin bir çoxu radikal dini təmayüllü şəxslər tərəfindən idarə olunur. Onların necə, harada fəaliyyət göstərdiyi isə gizli saxlanılır”, - deyə yazırlar. Öncə onu qeyd edək ki, bu mərkəzlərin heç biri öz ünvanını gizli saxlaya bilməz və bu, mümkün də deyil. Ən azı ona görə ki, həmin mərkəzlər onlara müraciət edən pasiyentlərin hesabına ayaqda qalırlar. Bu səbəbdən də, istər sosial şəbəkələrdə, istər də mediada öz fəaliyyətləri haqda ardıcıl çıxışlar edirlər ki, narkomaniyadan, eləcə də digər asılılıq növündən xilas olmaq istəyən şəxslər onlarla əlaqə qura bilsin. Təbii ki, bu səbəbdən də hər birinin ünvanı və telefon nömrələri açıq şəkildə təqdim olunur.

Haşiyə olaraq qeyd edək ki, Stopnarkotik.az olaraq, indiyədək şəxsi təşəbbüsümüzlə 20-yə yaxın mərkəzdə çəkiliş aparmışıq və heç biri bundan imtina etməyib. Əksinə, bəziləri xahiş edib ki, çəkiliş zamanı mərkəzin adı, ünvanı və telefon nömrəsi də qeyd olunsun, müalicə almaq istəyənlər onlara müraciət etsin. Maraqlananlar bu haqda saytımıza məxsus “Stop narkotik” adlı Youtube və TikTok kanallarında məlumat əldə edə bilərlər.

O ki qaldı bu mərkəzlərin başında “radikal dini təmayüllü şəxslərin” durması haqda iddialara, sözsüz ki, bu da absurddur. Kimsəyə sirr deyil ki, xüsusilə İranın “din pərdəsi” adı altında ölkəmizə qarşı çoxsaylı təxribatlarından sonra dindarların bir yerə toplanmasını xüsusi xidmət orqanları heç bir halda gözdən qoya bilməz. Belə olduğu halda, radikal dini təmayüllü şəxslərin özəl reabilitasiya mərkəzi açıb, orada onlarla şəxsi öz nəzarətləri altında saxlaması necə gözdən qaça bilər? Və yaxud necə mümkün ola bilər ki, hansısa media bu şəxslərin “radikal dini təmayüllü” olduğunu bilsin, xüsusi xidmət orqanları isə bundan xəbərsiz olsun?! Əlbəttə, bu, mümkün deyil və belə mərkəzlərin daim nəzarətdə olduğu şübhəsizdir.

**

Əksər reabilitasiya mərkəzlərinə dindar şəxlərin rəhbərlik etməsi faktına gəldikdə isə, zənnimizcə, burda qeyri-adi heç nə yoxdur. Kimsəyə sirr deyil ki, bu mərkəzlərin bir çoxu “12 addım” proqramı əsasında fəaliyyət göstərir və bu proqramın əksər maddələri Qurani-Kərimlə üst-üstə düşür. Yəni orada Allahın öz bəndələrinə buyurduğu kəlamlardan fərqli bir tövsiyyə yoxdur. Bu baxımdan, rəhbər şəxsin dindar olması ümumi işə daha çox töhfə verə bilər. Digər tərəfdən, çoxillik təcrübə də onu göstərir ki, istənilən narkomanı, yaxud digər asılılıqlardan əziyyət çəkən insanları müalicə etməyin ən yaxşı yolu onları dinə gətirmək, ibadətlə məşğul olmalarına nail olmaqdır. Belə oldu halda, hansısa reabilitasiya mərkəzinə dindar bir şəxsin rəhbərlik etməsini cəmiyyətə fərqli formada təqdim etmək, həmin mərkəzləri “radikal dindarların ocağı” kimi göstərmək qərəzli olar. Unutmaq olmaz ki, bu mərkəzlərdə hər il onlarla, yüzlərlə narkotik aludəçisi sağlam həyata qovuşur, pis vərdişlərdən uzaq, normal həyat yaşayır.

Bəli, təəssüf ki, eyni fikri bütün müalicə alan insanlar üçün demək mümkün deyil. Elə şəxslər var ki, 6 aylıq müalicə müddətini başa vursa da, qısa müddət sonra yenidən narkomaniyaya qayıdır. Amma buna görə birmənalı şəkildə reabilitasiya mərkəzlərini ittiham etmək də doğru deyil. Çünki insanların hamısı eyni xarakterli olmur, kimi sağalmaq üçün ortaya iradə qoyur, bir başqasının isə ya buna iradəsi çatmır, yaxud sonradan düşdüyü mühit, ailə vəziyyəti, işsizlik və s. səbəblər onu yenidən narkotik istifadəsinə sürükləyir, narkomanların təbirincə desək, “srıv” edir. Təbii ki, bu da son deyil və həmin insanlar yenidən mərkəzə qaytarılır və bu dəfə 6 aylıq deyil, 3 aylıq müalicə alır.

**

Sözsüz ki, bu gün özəl reabilitasiya mərkəzlərində müalicə almaq hər kəs üçün əlçatan deyil. Bunun üçün ay ərzində təxminən 1000-1500 manat tələb olunur. Bu isə imkansız ailələr üçün çox yüksək bir məbləğdir. Üstəlik, bu mərkəzə müraciət etmək istəyən ailələrin əksəriyyəti artıq var-yoxdan çıxmış olurlar ki, onlar üçün 6 ay ərzində 6000-9000 min manat ödəniş etmək mümkün deyil. Amma onu da nəzərə almaq lazımdır ki, özəl reabilitasiya mərkəzləri məhz pasiyentlərin ailələrindən alınan vəsait hesabına fəaliyyət göstərirlər. Onların böyük əksəriyyətinin başqa yerdən heç bir gəliri olmur. Bu mərkəzlərin hovuzu, idman zalı, çox sayda otağı olan villalarda fəaliyyət göstərdiyini də diqqətdən qaçırmasaq və bura çalışanların xidmət haqqını, pasiyentlərin gündəlik yemək xərclərini və s. əlavə etsək, özəl reqabilitasiya mərkəzlərinin çoxgəlirli biznes sahəsi olmadığını da aydınlaşdırmaq mümkündür. O cümlədən, bu mərkəzlərin demək olar ki, hamısının ən azı 3-4 nəfər imkansız gənci öz hesabına müalicə etdiyi də həqiqətdir. Belə olduğu halda, onları “qanunsuz biznes” qurmaqda ittiham etmək heç də ədalətli hesab oluna bilməz.

Yeri gəlmişkən, deputat Çingiz Qənizadə mətbuata açıqlamasında iddia edib ki, “Azərbaycan qanunvericiliyinə əsasən, reabilitasiya mərkəzi müvafiq lisenziya almalı və qanuni fəaliyyət göstərməlidir”. Doğrusu, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi olan hörmətli deputatın hansı qanuna əsasən özəl reabilitasiya mərkəzlərinin lisenziya almalı olduğunu iddia etməsini müəyyən edə bilmədik. Çünki, özəl reabilitasiya mərkəzləri ölkəmizdə cəmi 3-4 ildir fəaliyyət göstərir, bu müddət ərzində də onların mövcudluğunu tənzimləyən hər hansı bir qanun qəbul edilməyib. Faktiki olaraq əvvəlki dövrdə də Azərbaycanda özəl reabilitasiya mərkəzləri ilə bağlı hansısa qanun mövcud olmayıb. Odur ki, indi bu mərkəzlərin hər biri Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi fəaliyyət göstərir və bildiyimizə görə, dövlətin də vergisini ödəyirlər.

Ən qəribəsi isə odur ki, bu gün Azərbaycanda özəl reabilitasiya mərkəzlərinə lisenziya verəcək, yəni onlara “sahib çıxan” bir rəsmi qurum da mövcud deyil. Məsələn, Səhiyyə Nazirliyindən Stopnarkotik.az-ın əməkdaşına bildirilir ki, bu mərkəzlərin fəaliyyətinə Elm və Təhsil Nazirliyi (?) cavabdehdir. Deyirlər ki, biz ancaq dərmanla müalicə apardıqları halda onların fəaliyyətinə müdaxilə edə bilərik. Qarşı tərəf - Elm və Təhsil Nazirliyi isə ümumiyyətlə öz “cavabdehlik” missiyasından xəbərsizdir. Belə bir vəziyyətdə bu mərkəzləri qanunsuz fəaliyyət göstərməkdə ittiham etmək də yanlışdır.

**

Təbii ki, biz, Stopnarkotik.az olaraq, özəl reabilitasiya mərkəzlərinin “özbaşına”, nəzarətsiz fəaliyyət göstərmələrini təqdir etmirik. Əksinə, bu mərkəzlərin fəaliyyətinin dövlət tərəfindən nəzarətə götürülməsi təklifini də ilk dəfə biz irəli sürmüşük. Bununla əlaqədar deputatlarla çoxsaylı müsahibələr də götürmüşük ki, reabilitasiya mərkəzlərinin fəaliyyəti qanunla tənzimlənsin, bu sahədə mövcud olan neqativlər aradan qaldırılsın. Lakin çox təəssüf ki, bizim bəzi deputatlar qurucu bir təklif irəli sürməkdənsə, adətən qurulanı dağıtmaqdan yana olublar...

Çingiz Qənizadə öz müsahibəsində haqlı olaraq narkomaniya sahəsindəki kadr problemindən də söhbət açır: “...Həmin fəaliyyət növü ilə məşğul olanlar özlərini xeyirxah qrup kimi təqdim etməklə guya insanları müalicə edirlər. Əslində bunun arxasında maddi və digər maraqlar durur və qeyri-professional şəxslər tərəfindən qəbul olunmayan metodlarla insanları bu bəladan qurtarmağa guya kömək edirlər”. Əlbəttə, Azərbaycanda bu sahədə ixtisaslı kadr çatışmazlığının olduğu kimsəyə sirr deyil. Məsələn, ölkəmizdəki narkoloqların böyük əksəriyyəti sovet dönəmində təhsil alan kadrlardır. Hazırda onların sayı isə, belə desək, barmaqla sayılacaq qədərdir. Çünki bir çoxu faktiki olaraq bu sahədən uzaqlaşıb. Və bir halda ki, bu gün ölkəmizdə rəsmi olaraq 45 min, qeyri-rəsmi isə 280 min nəfərə yaxın narkoman var, o halda diplomlu narkoloqlar, psixiatrlar, psixoterapevtlər və s. hesabına narkomaniyanın qarşısını almaq mümkündürmü? Fikrimizcə, bu suala hörmətli Ç.Qənizadənin özü cavab versə, daha yaxşı olar.

Sonda isə bir məsələni də xüsusi olaraq vurğulamaq istərdik. Kimsəyə sirr deyil ki, narkomanlar potensiyal cinayətkarlardır. Tərəfimizdən aparılan çoxsaylı araşdırmalar zamanı sübut etmişik ki, son illərdə ölkədə cinayətkarlığın artması bilavasitə narkomaniyanın genişlənməsi ilə əlaqədardır. Xüsusilə, oğurluq, talançılıq, quldurluq, dəhşətli qətl hadisələrinin və s. artması birbaşa narkomanların sayının çoxalması ilə bağlıdır. Nəzərə alsaq ki, bu gün ölkəmizdə təxminən 150 özəl reabilitasiya mərkəzi var və burada il ərzində ümumilikdə 10-12 min nəfər müalicə alır və orta hesabla 50 faizi sağlam həyata qayıdır, beləliklə ölkədə cinayətkarlığın səviyyəsi də aşağı düşür, o zaman bu mərkəzlərin fəaliyyəti niyə kimlərisə narahat etməlidir?!

Stopnarkotik.az