Sabunçu rayonu ərazisində bir nəfərin geyim əşyası, təmir alətləri və avtomobilindən bank kartının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı S.Əhmədov saxlanılıb.
Araşdırma zamanı onun oğurladığı bank kartı ilə alış-veriş etdiyi də müəyyən olunub.
Eyni zamanda Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində yerləşən evlərin birindən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 46 yaşlı M.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.
Araşdırma aparılır.