Narkotiklərlə əlaqədar 98 faktın niyə cəmi 3-ü haqda cəmiyyətə məlumat verilib? - ARAŞDIRMA

Oxucularımıza da məlum olduğu kimi, Stopnarkotik.az-ın əməkdaşları ay ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə aparan rəsmi qurumların fəaliyyətini yaxından izləyərək, onların “məhsuladarlığı” ilə bağlı müqayisəli təhlil yazısı dərc etməkdədir. Bununla, hər bir qurumun fəaliyyəti ilə əlaqədar geniş bilgilər əldə etməklə yanaşı, bu mübarizəyə daha çox töhfə verənləri də cəmiyyətə tanıtmış oluruq. Əlavə olaraq, hər ayın yekununda bütün dövlət qurumlarının hesabat dövründə gördüyü işlərlə bağlı mətbuatda dərc olunan yazıların statistikasını da sizlərə təqdim etməkdəyik.

Əlbəttə, layihə çərçivəsində təkcə qurumlararası rəqabət mühiti yaratmağa çalışmır, o cümlədən, polis idarələri və rayon polis şöbələrinin narkotik alverinə, narkomaniyaya qarşı apardığı fəaliyyəti də müqayisəli şəkildə təqdim edirik.

Qeyd edək ki, bu araşdırmalar zamanı əsasən rəsmi informasiyalara istinad etsək də, bəzən bu məlumatların özündə də ziddiyətin şahidi oluruq. Bunlardan biri kimi, 2024-cü ilin avqust ayında “lider” seçilən Binəqədi Rayon Polis İdarəsinin (RPİ) fəaliyyətini misal göstərə bilərik. Hansı ki, bizim araşdırmamıza görə, Binəqədi RPİ hesabat ayı ərzində 3 uğurlu əməliyyat imza ataraq ilk yerdə qərarlaşıb.

Məlumat üçün bildirək ki, bu əməliyyatlardan birincisi 8 aqvust tarixində keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan 1979-cu il təvəllüdlü Pərviz Məmmədovun üzərindən heroin və metamfetamin aşkar olunaraq götürülüb: “Saxlanılan şəxslə bağlı aparılan araşdırmalar nəticəsində onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətə görə axtarışda olması da müəyyən edilib”.

17 avqust tarixində Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri ikinci əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş O.Abuşov saxlanılıb. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib, həmçinin şəxsi axtarış zamanı ondan narkotik vasitə olan metamfetamin aşkar olunaraq götürlüb.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən 27 avqustda üçüncü əməliyyat narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı keçirilib. DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a məlumat verilib ki, bu zaman əvvəllər narkotiklə bağlı cinayətlərə görə məhkum olunmuşlar Ruslan Azadzadə, Röyal Feyzullayev, Zaur Abdullayev, Fərid Rəcəbov və Mahir Əliyev saxlanılıblar. Onlardan ümumilikdə 28 kiloqram narkotik vasitə, o cümlədən 15 kiloqram heroin, 6 kiloqram tiryək və 7 kiloqram tərkibi psixotrop maddələlərlə zənginləşdirilən marixuana aşkarlanıb.

Qeyd edək ki, avqust ayında Binəqədi Rayon Polis İdarəsi ilə bağlı verilən dördüncü rəsmi məlumat isə ötən ayın – iyulun satatistik göstəriciləri ilə bağlı olub. DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, “iyul ayı ərzində (Binəqədi Rayon Polis İdarəsi tərəfindən – red.) keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 115 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən 6 kiloqramdan artıq müxtəlif növ narkotik maddə və psixotrop maddələr çıxarılıb.

Eynilə, sentyabr ayının 18-də də Binəqədi Rayon Polis İdarəsinin avquts ayında keçirdiyi əməliyyatların statistikası açıqlanıb.

“Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən odlu silah-sursatların aşkarlanması, eləcə də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir”, - deyə açıqlama verən DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, son 1 ay ərzində (avqust – red.) keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 98 fakt aşkarlanıb. Ümumilikdə 29 kiloqram narkotik vasitə, o cümlədən 15 kiloqram heroin, 6 kiloqram tiryək və 8 kiloqram marixuana qanunsuz dövriyyədən çıxarılıb.

Bir daha dəyərli oxucularımızın diqqətinə çatdıraq ki, Binəqədi Rayon Polis İdarəsinin istər iyul, istər də avqust ayında keçirdiyi tədibrlərlə bağlı saytımızda məlumat vermişik. Bu yazımızda isə sadəcə avqust ayında keçirilən əməliyyatları sadalamağa ehtiyac duyduq. Çünki Binəqədi RPİ avqustda ölkə üzrə narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ən yaxşı mübarizə aparan polis idarəsi olub. Odur ki, Binəqədi Rayon Polis İdarəsinin fəaliyyəti ilə bağlı açıqlama verən DİN-in Mətbuat Xidmətinin istər “iyul ayı ərzində keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 115 fakt aşkarlanıb”, istər də avqustla əlaqədar “son 1 ay ərzində keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 98 fakt aşkarlanıb” açıqlamaları diqqətimizi çəkməyə bilməz. Yəni bir halda ki, avqust ayında cəmi 3 əməliyyatla bağlı mətbuata, yəni cəmiyyətə rəsmi açıqlama verilib, o zaman “aşkar olunan 98 faktın” 95-i haqda nə üçün heç bir məlumat yoxdur?! Bu informasiyalar DİN tərəfindən məqsədli şəkildə gizli saxlanılıb, yoxsa sözügedən 95 faktın hər biri “əhəmiyyətsiz hesab olunduğundan”, bu haqda cəmiyyətə açıqlama verilməsinə ehtiyac duyulmayıb?!

Hər halda, yaxında bu və digər suallara aydınlıq gətirməyə çalışacağıq.

Stopnarkotik.az