Azərbaycanda narkotik ticarətinin qarşısını almağın yeganə yolu... – İRANLA SƏRHƏD XƏTTİ BOYUNCA HASAR ÇƏKİLMƏLİ VƏ... + AUDİO

Azərbaycanda təkrar cinayətkarlığın göstəricisi 60 faizin üzərindədir...

Son 2 il ərzində Azərbaycanda narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparıldığı kimsəyə sirr deyil. Doğrudur, bu sahədə problem hələ də qalmaqda, hətta, günbəgün daha da dərinləşməkdədir. Stopnarkotik.az saytı olaraq, biz bunun səbəbləri ilə bağlı dəfələrlə ekspertlərin mövqeyini dərc etmiş, problemdən çıxış yolunu göstərməyə çalışmışıq.

Lakin görünən odur ki, ölkəmizdə narkomaniyaya qarşı mübarizənin hələ də ənənəvi qaydada aparılması məqbul hesab olunur. Məsələn, narkomanları həbs etməklə onların bu bəladan uzaq duracağı düşünülür. Və yaxud uzun illər narkotik istifadəçisi olan bir şəxsin əlini-qolunu bağlayıb, hansısa narkoloji mərkəzə atırlar ki, ən çoxu 21 gün ərzində “tövbə” edəcək. Halbuki, apardığımız müşahidələrə əsasən deyə bilərik ki, bu cür metodlarla çox deyil, 1 faiz belə, müsbət nəticə almaq mümkün olmur...

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə də ciddi nəticələr əldə etdiyimizi düşünə bilmərik. Təbii ki, hər gün narkotik ticarəti ilə məşğul olan onlarla şəxs həbs olunur, böyük miqdarda narkotik vasitələr ələ keçirilir və s. Ancaq bu ticarətin başında duran əsas fiqurlar – “narkotik baronları” bir növ “toxunulmaz” olduğundan, bu sahədə istənilən nəticəni əldə etmək müşkülə çevrilir. Digər tərəfdən, polisin, eləcə də digər müvafiq qurumların həbs etdiyi şəxslər bəzi hallarda məhkəmədən əlini-qolunu sallayaraq çıxır ki, bu da ümumi işə böyük zərər vurur.

Məhbusların 55-60 faizi məhz narkotiklə əlaqədar cəza çəkir

Bütün bunlara baxmayaraq, ən azı həbs olunanların sayı ilə bağlı ortada ciddi nəticə olduğunu da görməzdən gələ bilmərik. Belə ki, statistik göstəricilərə görə, Azərbaycanda məhbusların 55-60 faizi məhz narkotiklə əlaqədar cəza çəkir (Məlumat üçün bildirək ki, 2019-cu ildə 28,1 faiz təşkil edirdi - red.). Bu, ilk baxışdan sıradan bir rəqəm kimi görünsə də, əslində, SOS verilməli bir hadisədir. Çünki, bu, Azərbaycanın “narkotik bataqlığı”nda boğulmaq üzrə olduğunun göstəricisidir. Bu, həm də o deməkdir ki, 44 günlük Qarabağ savaşından sonra ölkəmizə qarşı “narkotik müharibəsi” aparan İran istədiyinə nail ola bilir. Belə ki, molla rejimi Azərbaycanı ucuz sintetik maddələrlə doldurub, narkotiki bütün təbəqələr, yəni maddi imkan zəif olan insanlar üçün də əlçatan etməklə, öz çirkin niyyətinə çatmaqdadır. Hansı ki, bu siyasətin qarşısı tezliklə alınmasa, gəncliyimiz məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaq.

Bir daha qeyd edək ki, aidiyyəti qurumlar narkotik ticarətinə qarşı ciddi mübarizə aparır və onların xidmətini görməzdən gəlmək olmaz. Lakin o da etiraf olunmalıdır ki, nəinki bu bəlanın kökünü kəsmək olur, əksinə, ölkəmizdə narkotik ticarəti getdikcə “çiçəklənir”. Görünür, metodologiyanı dəyişmək lazımdır ki, bu sahədə müsbət nəticə əldə etmək mümkün olsun. Yaxud, bəzi ekspertlərin də təklif etdiyi kimi, yeni və daha sərt qanunvericilik bazası formalaşdırmaq lazımdır ki, narkotik alverçisi 3-5 il həbsdə yatdıqdan sonra, yenidən qayıdıb o işlə məşğul olmasın.

İndi SOS siqnalı verməyin zamanıdır...

Hər bir halda narkotik probleminin ciddiliyini ən yüksək səviyyələrdə qəbul etməliyik. Ən azı statistik göstəricilər onu deməyə əsas verir ki, indi SOS siqnalı verməyin zamanıdır. Hətta belə demək olarsa, biz bu sahədə çox gecikmişik. Diqqət edək, əgər təkcə Penitensiar Xidmətin həbsxanalarında 27 min nəfər məhbus varsa və onların 55-60 faizi məhz narkotiklə əlaqədar cəza çəkirsə, deməli, söhbət təxminən 15-16 min nəfərdən gedir. Heç şübhəsiz, bu məhbusların da böyük əksəriyyəti kriminala, cinayətkarlığa meylli olurlar ki, onların bir neçə il sonra azadlığa çıxması cəmiyyətimiz üçün heç də yaxşı nəticələr vəd etmir.

Ən dəhşətli faktlardan biri də odur ki, hazırda Azərbaycanda təkrar cinayətkarlığın göstəricisi 60 faizin üzərindədir. Yəni ölkəmizdə müxtəlif səbəblərdən cinayət törədib həbsxanaya göndərilən 100 nəfərdən ən azı 60 nəfəri islah olunmur. Əksinə, həmin 60 nəfər azadlığa çıxan kimi öz çevərisini genişləndirməyə çalışır ki, bununla, digər insanları da cinayətə cəlb edirlər. Bu isə o deməkdir ki, biz, toplum olaraq, yaxında daha ciddi problemlərlə üz-üzə qala bilərik...

Yeri gəlmişkən, onu da qeyd edək ki, bəzi hallarda müəyyən statistikaların gizlədildiyi, məsələn, cinayətkarlıq hallarının aşağı göstərildiyi ilə bağlı faktlarla da rastlaşırıq. Amma bu çıxış yolu deyil. Çünki biz problemin ciddiliyini dərk etmədən, ona qarşı effektiv mübarizə apara bilmərik.

Reabilitasiya mərkəzlərinin sayı 130-u keçib...

Azərbaycanda narkomaniyanın sürətlə yayılması və problemin getdikcə daha da böyüməsi ilə bağlı bir fakta da diqqət edək. Dəyərli oxucuların diqqətinə çatdıraq ki, cəmi 2 il əvvəl ölkəmizdə narkotik asılılarının müalicə oluna biləcəyi 2 reabilitasiya mərkəzi vardı, bu gün isə onların sayı 130-dan çoxdur. Deməli, təlabat var ki, bu mərkəzlərin sayı günbəgün artır. Doğrudur, bu sahədə müəyyən nəticə də var. Belə ki, bu mərkəzlərdə müalicə olunan narkomanların heç olmasa 50 faizi sağalıb, normal həyata qayıda bilirlər.

Lakin nəzərə alsaq ki, ölkədə narkotik asılılarının sayı sürətlə artır və biz gələcəkdə daha ciddi problemlərlə qarşılaşa bilərik, deməli, daha köklü mübarizəyə start verilməlidir. Stopnarkotik.az saytının da dəfələrlə bəyan etdiyi kimi, bu mübarizə İranla istər dəniz, istər də quru sərhədimizin tam nəzarətə götürülməsi ilə başlamalıdır. Necə deyərlər, çalışmaq lazımdır ki, İrandan ölkəmizə “quş da uçmasın”, hansı ki, SSRİ dönəmində məhz belə idi. Bunun isə ən optimal yolu sərhəd boyunca müasir tələblərə cavab verən istehkam qurğularının qurulmasıdır. Hesab edirik ki, hazırkı vəziyyətdə İranın Azərbaycana qarşı “narkotik müharibəsi”nin qarşısını tam almaq üçün başqa çıxış yolu yoxdur. Hər halda, Stoprnakotik.az saytının çoxsaylı ekspertlərlə müsahibələrdən sonra gəldiyi qənaət budur ki, İranla sərhədimiz tam nəzarətə götürülməsə, Azərbaycan vətəndaşlarının yarısını zindana atsaq belə, ölkəmizdə narkotik ticarətinin qarşısını almaq mümkün olmayacaq.

Stopnarkotik.az

P.S. Əlbəttə, Azərbaycan-İran sərhədd xətti boyunca beton divarların çəkilməsi təkcə ölkəmizə narkotik axınının qarşısını almayacaq, bununla, həm də qaçaqmalçılığın və qanunsuz miqrasiyanın da önünü kəsmək mümkün olacaq. Təsadüfi deyil ki, qardaş Türkiyə də 2015-ci ildə İŞİD yaraqlılarının ölkəyə girişinin qarşısını almaq üçün Suriya ilə sərhəddə 3,5 metr hündürlüyündə beton divarlar qurmuşdu...