Həkim-psixiatr: “Bəzi insanlar ömür boyu psixiatrın nəzarətinə möhtac olur”
Stress və qorxu dedikdə gündəlik yaşadığımız hadisələr, aylar, illər ərzində keçirdiyimiz gərgin hisslər yada düşür. Bu hissləri keçirməyən, bu hal ilə tanış olmayan insan yoxdur. Normal vəziyyətdə ürək döyüntülərimiz 70-80 dəfə döyünürsə, stress və qorxu zamanı 120-160 arası dəyişir. Bu vəziyyətdə isə bir çox insanların halı kəskin dəyişərək, bəzi xəstəliklərlə də nəticələnə bilir.
Stress qan təzyiqinin qalxması, yaxud da enməsinin, iştahın artmasının və yaxud da azalmasının, yorgunluğun, yüksək aktivliyin, çox danışmanın, susmanın, depressiyanın ən birinci səbəbidir.
Bütün bunlardan xilas olmaq üçün həyata “başqa gözlə” baxmağı öyrənmək lazımdır. Stresslə mübarizə özünə təsirdən başlayır və insan özünün fiziki və emosional hisslərini cilovlamağı bacarmalıdır. Əks halda heç nə yaxşı nəticələnməz.
Stress və qorxu hisslərini yaşayan insanlar qorxulu kinolara, kriminala həsr olunmuş verilişlərə, qorxulu kitablara və s. əsla baxmamalıdırlar.
Qorxu və stressin fəsadları ilə bağlı həkim-psixiatr Abdulla Şıxlınski ilə söhbət etdik. Onun sözlərinə görə, hər qansı bir qəzaya, stressə və ya distress vəziyyətinə məruz qalan insanlarda baş verən hal stressə qarşı kəskin reaksiya adlanır. Bu, müxtəlif xəsləliklərin təsnifatında və adi dioqnastik təyinatlardada belə qeyd olunur. Yəni stress və distress vəziyyətinə kəskin reaksiya və yaxud da kəskin reaktiv vəziyyət deyilir. Hansısa bir hadisəyə və ya xoşagəlməz hadisələr silsiləsinə qarşı şəxsiyyətin reaksiyasına kəskin reaktiv vəziyyət deyilir. Bu halın əmələ gəlməsi üçün şəxsiyyətin özünün daxilində müəyyən zəmin olmalıdır. Əgər baş verən hadisə aviasiya qəzası, avtomobil qəzası, yaxın adamların itirilməsi və yaxud insan ona məxsus əmlakı itirirsə, müxtəlif zorakılığa məruz qalırsa, kriminal hadisələrdən, cinayətkarların əməllərindən əziyyət çəkirsə və s. bu kimi hallar onda kəskin reaktiv vəziyyət yaradır. Kəskin reaktiv vəziyyət öz təyinatına görə müəyyən ağır ruhi xəstəliklər səviyyəsində təsvir olunmasa da, bunları aradan qaldırmaq həddindən artıq çətindir.
Abdulla Şıxlınski deyir ki, bəzi ruhi xəstəliklərin gedişi çox ağır keçir, onlar ömür boyu insanın həyatına, yaşayışına maneçilik törədir: “Müəyyən qəzalar və yaxud da insanların başına gələn bədbəxt hadisələrin psixi və psixoloji nəticələrini aradan qaldırmaq həddindən artıq çətindir. Bəzən heç mümkün də olmur. Bəzi hallarda isə reaktiv vəziyyətə düşən insanlarda bu reaktiv vəziyyətin izləri ömrü boyu qalır və onlar məcbur olub həyatları boyu müəyyən dərmanlar qəbul edir, daim müalicə alırlar. Yəni bu hal elədə yüngül vəziyyət sayıla bilməz. Əksinə, bu, psixiatriyada təsadüf edilən ən ağır vəziyyətlərdən biridir. Bu reaktiv vəziyyətlərin əmələ gəlməsi üçün ən mühüm şərt ondan ibarətdir ki, şəxsiyyətin daxili maraqları ilə baş verən hadisə arasında nə qədər əlaqə var. Yəni insan var ki, baş verən hadisəyə münasibəti çox adi olur. İnsan da var ki, həmin hadisəyə çox güclü bir distress reaksiyası verir, onun nəinki psixi, həm də müəyyən başqa orqanlarında çox ciddi dəyişiklər əmələ gəlir. Əlbəttə, bunun hamısı şəxsiyyətin fərdi reaksiyasından çox asılıdır”.
Həkim-psixiatrın dediyinə görə, ümumiyyətlə, ən təhlükəli, ən xoşagəlməz, ən ağır keçən reaktiv vəziyyətlər o vaxt baş verir ki, insanın fiziki və ya psixi mövcudiyyətində təhlükə var: “Baş verən qəza zamanı insanda həm fiziki, həm də psixi mövcudiyyətində ağır təhlükə yaradır. Konkret biz təyyarə qəzasını götürsək, bura başqa faktorlar da qoşulur.
Həmişə öz adət etdiyini fikirləşmək üslubuna və adət etdiyi mental sxemlərə görə, insan ölümü adətən belə təsvir edir: Öz evində ölüm ayağındadır, ətrafında ona yaxın adamlar var, onlar onu son mənzilə yola salacaqlar.
Təyyarə, gəmi, avtomobil və s. müxtəlif qəzalar zamanı bu adət edilən fikirləşmək üslubu qəflətən itir. İnsan bu zaman başa düşür ki, onun adət etdiyi ölüm məsələsi vəziyyətə görə o fikirləşdiyi tərzdə olmayacaq. Təyyarə qəzasıdırsa, onun cəsədi tanınmaz vəziyyətə və yaxud da əzalarının hərəsi bir tərəfə düşə bilər. Belə vəziyyətdə insan bunu anlayır.
Gəmi qəzasında isə yenə insan başa düşür ki, onun cəsədi suyun altına batıb gedəcək. Çox vaxt da oradan onları tapmaq olmur.
İnsanların əksəriyyəti ölümü qorxu ilə qarşılayır. Amma müəyyən qədər yüngülləşdirici bir psixioloji məqam var. Bəzi adamlar fikirləşirlər ki, mən öləndə yanımda yaxınlarım olacaq, ölümümü heç hiss etməyəcəm, öləndən sonra da aparıb öz qaydasında dəfn edəcəklər. Bu fikirlər bütün insanlarda var, amma qəza bir anda bütün steriativliyi pozur. İnsan sanki başqa bir ölçü məkanına düşür. Artıq tam anlayır ki, ölümün başqa formaları da olur. Məhz həmin anda insan ölümün hər cür ola biləcəyini dərk edir.
İnsanlar təyyarəyə mindiyi zaman heç bilməzdilər ki, qəza olacaq. Qəza zamanında isə bilmirlər ki, kim sağ qalacaq, kim öləcək. Heç kəs bunu tam təsəvvür edə bilməz. Qəza təhlükəsi zamanı steriativlik itir və insan artıq içində olduğu vəziyyəti fikirləşməyə başlayır, dəhşətli vəziyyəti dərk edir”.
Abdulla Şıxlınski onu da vurğuladı ki, psixiatriyada, psixoterapiyada kəskin distress vəziyyətində reaktiv vəziyyət inkişaf etdiyi anlarda 3 mərhələ ayırd edilir: “Birinci, şok mərhələsidir. İnsan artıq özü üçün yəqin edir ki, əlac yoxdur, gəmidə, yaxud təyyarədə faciəli şəkildə öləcək. Və yaxud da ona qarşı olunan müəyyən zorakılığın qarşısını ala bilməyəcək, onu məhv edəcəklər. Bu anda insanda şok vəziyyət əmələ gəlir. Təsadüfi deyil ki, adi şəraitdə - həm psixoloji, həm fiziki cəhətdən güclü olan adamlar həmin vəziyyətdə çox qəribə şok vəziyyətinə düşürlər. Onlar balaca uşağı xatırladırlar. Uşaq itdən və yaxud da müəyyən heyvandan qorxan zaman necə panik halına düşüb ağlayırsa, onlarda da belə reaksiya əmələ gəlir.
Bir qrup adam adam da sakit görünsə də, daxilində təlatüm yaranır. Bu da belə bir şok əlamətidir.
Dindar insanlar dua oxumağa başlayır, adi insanlar isə hansı qüvvəyə inanırsa, o qüvvədən kömək istəyir. Belə bir xaotik psixotexnoloji vəziyyət əmələ gəlir.
Qəza vaxtı insan dərk edir ki, həyat nə imiş. Adi həyatda isə həyatın nə olduğunu heç kəs dərk etmir. Bu, təkcə psixoloji, psixotexnoloji vəziyyət deyil, eyni zamanda fəlsəfi məsələdir. Həyatın anlamını dərk etdiyi vaxtda ölümü də dərk edir. Biraz da yaşamaq istəyi gəlir. Təəssüf ki, çox hallarda insan həyatı dərk etdiyi zaman ölümlə üz-üzə olur.
İkincisi, psixoz mərhələsidir. Bu, ondan ibarətdir ki, artıq xırda və qeyri-müəyyən olsa da, çıxış yolunu tapmağa çalışırlar. Sanki ayılırlar və çıxış yolu axtarırlar. Belə adamlar qəza zamanı bir-birilərinə məshələt verməyə başlayırlar. Daha sonra sürücüyə və yaxud da bələdçilərə məsləhət verirlər. Hansı ki, özləri belə, ətraflı heç nə bilmirlər. Özlərini digərlərindən bilmiş göstərirlər. Belə insanlarda psixoz əmələ gəlir. Artıq onlar olduqları mühiti dərk etmirlər, real aləmi dəyişilmiş şəkildə dərk edirlər. Bu da reaktiv psixoz mərhələsidir.
Üçüncüsü, razılaşma mərhələsidir. Bu vəziyyətdə insan hələ sağdırsa, artıq o hər şeylə razılaşır, yəni “nə olar, olar” deyir. Məhz üçüncü mərhələdə insanlar birləşir. 2 adamın bir-biri ilə xoşu gəlmirdisə, 3-cü mərhələdə ölümü dərk etdikləri üçün birləşir, bir-birilərinə dəstək olurlar. Hər kəsdə ümumi psixi durum, düşüncə tərzi əmələ gəlir. Eyni kritik vəziyyətdə olan adamlarda ümumi düşüncə tərzi formalaşır. “Görək necə olacaq, nə olar, olar, əsas odur ki, biz bir yerdə olaq”, - deyə fikirləşirlər. Bu vəziyyətin başqa bir tərəfi də var. El arasında belə deyirlər, həmişə tək ölmək dəhşətlidir. Amma biləndə ki, səninlə yanaşı başqa adam da ölür, o zaman ölüm anında vəziyyət biraz yüngülləşir. Əslində isə burada həqiqət var. Psixiatriya elmi sübut edib ki, insan tək ölməyəcəyini dərk edirsə, bu zaman onun vəziyyəti bir qədər yüngülləşir. Odur ki, bu mərhələyə “razılaşma mərhələsi” deyilir”.
A.Şıxlınski əlavə etdi ki, qəzalar zamanı, kritik vəziyyətlərdə insanların psixikasında 3 səviyyədə dəyişiklik gedir: “Birincisi, emosional səviyyədir. Burada insanlar hansı emosianı keçirirlər: bəziləri qorxur, bəziləri ümid edir, bəziləri həyəcanlanır və s. Bunun hamısı emosional mərhələdir.
İkincisi, davranış səviyyəsidir. İnsanlar müxtəlif səviyyədə öz davranışları ilə kritik vəziyyətdə özlərini göstərirlər. İnsan var ki, qışqırır. Bir başqası gəzir. Elə insan da var ki, sakit oturub, bir nöqtəyə baxır. Adam da var ki, sadəcə kömək gözləyir.
Üçüncüsü, koqnitiv səviyyədir. Burada insanlar soyuqqanlı olurlar. Düşünür ki, artıq budur və öz taleyinin məntiqi nəticəsinə hazırlaşır. Bu hal hər adamda olmur. Bu, çox çətin bir vəziyyətdir. Öz taleyinin məntiqi nəticəsini görmək, ona sakit vəziyyətdə reaksiya vermək hər adamda olmur”.
Həkim-psixiatr onu da bildirdi ki, qəzadan sağ çıxan insanlara qarşı psixoterapevtik reabilitasion tədbirlər həyata keçirilməlidir: “Əlbəttə, çox ağır hallarda biz dərman vasitələrindən istifadə edirik. Yəni ruhi xəstələrin müalicəsi zamanı istifadə olunan dərman vasitələrindən istifadə olunur. Bir qədər yüngül hallarda psixoterapevtik vasitələrdən istifadə edirik. Buna başqa sözlə, psixo-texnoloji vasitələr də deyilir. Psixo-texnoloji vasitələrlə biz insanın artıq özündə olan, ehtiyatda olan psixi resuslarını inkişaf etdiririk. Müəyyən söhbətlərdir, müəyyən psixo-texnoloji əməliyyatlardır, bunlar dərmansız həyata keçirilir.
Bütün tədbirlərə baxmayaraq, bu məsələ çox vaxt uzanır. Yəni inasanlarda post-travmatik stress vəziyyəti inkişaf edə bilər. Baxmayaraq ki, onların yaxşı olması üçün bütün tədbirlər görülür. Xüsusən də həlak olmuş insanların qohumlarında post-travmatik vəziyyət inkişaf edir. Onun isə əsas əmaləti odur ki, insan vaxtaşırı olaraq həmin hadisəni yadına salır, qığılcım kimi beyində hadisələr yanır-sönür. Belə bir çətin vəziyyət olur. Bu vəziyyətdə insan ömür boyu psixiatrın nəzarətinə möhtac olur. Yəni bu insanlar əlil olur. Hətta xəstəliyin dərəcəsinə görə əlillik də təyin etmək olar. Çünki həmin xəstələr psixiatrdan asılı vəziyyətdə olurlar. Nəzarət olmadıqda isə, onlar heç bir fəaliyyət göstərə bilmirlər. Bu, kifayət qədər ağır bir vəziyyətdir”.
Jalə FAMİLQIZI