Bəşər Əsədin həyat yoldaşı Britaniya kəşfiyyatına işləyib? - MƏXFİ SƏNƏDLƏR AÇIQLANDI

Birləşmiş Krallıqda yerləşən "Declassified UK" nəşri Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin Britaniya kəşfiyyatı ilə əlaqəsinin olduğunu iddia edən çox sayda məxfi sənəd dərc edib.

Stopnarkotik.az-ın məlumatına əsasən, bu barədə Oxu.az "Sondakika.com"a istinadən xəbər verir.

Məlumata görə, sızdırılan sənədlər Londonda doğulan Əsma Əsədin ABŞ Milli Təhlükəsizlik Şurası və İngiltərənin MI5 kəşfiyyatı üçün agent kimi çalışdığını ortaya çıxarıb. Onun 1994-cü ildə İngiltərədə əks-kəşfiyyat fəaliyyətində iştirak etdiyi və MI5 rəsmiləri ilə görüşlər keçirdiyi iddia edilir.

Sənədlərin birincisində Əsma Əsədin Britaniya kəşfiyyatı ilə əlaqələrinə dair təfərrüat yer alır. Bildirilir ki, o, "Chesterfield Mayfair" hotelində Britaniyanın o dövrdə MI5 məxfi xidmətinin yüksəkvəzifəli əməkdaşı olan Eliza Manninqham-Buller ilə şəxsi görüş keçirib və görüşdə Bəşər Əsəd də iştirak edib. Həmçinin Əsma Əsədin atası Fəvaz Əl-Əxrasın Aktondakı evində keçirilən şəxsi görüşə qatıldığı da qeyd edilir. Bu görüşdə isə Britaniyanın həm hərbi, həm də mülki rəsmilərinin iştirak etdiyi, Suriya-İsrail münasibətləri və regional sülh danışıqlarının əsas müzakirə mövzusu olduğu vurğulanıb.

Sənədlərdə yer alan digər mühüm iddia isə Bəşər Əsədin İngiltərədə təhsil aldığı müddətdə fəaliyyətinin İngiltərə və Suriya kəşfiyyatı tərəfindən yaxından izlənilməsi ilə bağlı olub. Hesabatlarda Əsədin akademik işlərdən kənara çıxdığı, diqqətini siyasi məsələlərə yönəltdiyi və gələcək siyasi meyillərini qiymətləndirməyə çalışıldığı bildirilir.

Sənədlərdə bu görüşlərin zahirən sosial xarakter daşıdığı, lakin əslində siyasi məzmun ehtiva etdiyi nəzərə çatdırılır. İddialara görə, Bəşər Əsədin Suriya-İsrail münasibətləri və regional siyasət ilə bağlı fikirləri diqqətlə araşdırılıb və onun gələcəkdəki mümkün istiqamətləri haqqında məlumatlar toplanıb. Suriya kəşfiyyatına aid olduğu iddia edilən sənədlərdə o dövrün Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Əli İsa Dubanın imzası dayanır.

Xatırladaq ki, Suriyada silahlı müxalifət qüvvələrinin paytaxt Dəməşqə daxil olmasından sonra 61 illik Baas rejimi devrilib və Bəşər Əsəd həyat yoldaşı ilə birlikdə Rusiyaya qaçıb. Əvvəlcə döş xərçəngi olduğunu, son zamanlarda da limfoma (limfa xərçəngi) ilə mübarizə apardığını açıqlayan Əsma Əsədin, həmçinin Bəşər Əsəddən boşanmaq istədiyi ilə bağlı xəbərlər də yayılıb. Mövzu ilə bağlı açıqlama verən Kreml isə bu xəbərləri təkzib edib.