Öz potensialını düzgün hesablamağı bacarmayan Rusiyanı irəlidə tənəzzül və çöküş sürprizləri gözləyir.
Suriya müxalifətinin formalaşdırdığı Suriya Müvəqqəti Hökuməti tərəfindən idarə olunan Suriye Milli Ordusunun (SMO) ölkənin ən böyük şəhəri Hələbi nəzarəti altına alması xeyli müddətdir səngimiş vətəndaş müharibəsini yenidən alovlandırdı. Bununla da eyni zamanda, Rusiya ordusu üçün faktiki ikinci cəbhə açılımış oldu.
Suriyadakı gərginliyin müvəqqəti dondurulmasına çalışan Rusiya Ukrayna ilə apardığı müharibədə demək olar ki, nüvə potensialından başqa bütün texniki imkanlarından maksimum istifadə edib. ABŞ və Böyük Britaniyanın Rusiyanın “qırmızı xətləri”ni mütəmadi olaraq tapdalamasına qarşı əlahiddə tədbir görəcəyini öncədən bəyan edən Rusiya Prezidenti Vladimir Putin “Oreşnik” adlandırdığı Qitələrarası Ballistik Raketinə adi başlıq taxaraq Ukraynanın Dnepr şəhərindəki “Yujmaş” zavoduna atdı. Bundan sonra Putin Qərbin cavabını gözləyirdi. Qərb isə bu təhdidə Putinin gözlədiyinin əksinə olaraq, təmkinli reaksiya verdi. Yəni, hər hansı qorxu, panika hiss edilmədi. Beləliklə, Putinə aydın oldu ki, əlində Qərbi qorxutmaq üçün yalnız taktiki nüvə silahı kartı qalır.
Şübhəsiz ki, Putin nüvə silahına əl atacağı təqdirdə hadisələrin xarakterinin kəskin dəyişəcəyini və hər şeyin Rusiyanın əleyhinə çevriləcəyini bilir. Ona görə də o, bəyan etdi ki, Ukraynanı elə konvensional silahlarla vuracaq. Lakin bu zərbələr öz gücünə görə az qala nüvə zərbəsindən də dəhşətli olacaq. Bununla da Rusiya Prezidenti “özünü sındırmadan”, manevrlərlə geriyə çəkildiyini göstərdi. Belə nəticə çıxır ki, bundan sonra da Rusiya durmadan Ukrayna şəhərlərinin dinc əhalisini müxtəlif tipli raketlərlə və dronlarla bombalayacaq. Ancaq bu, Rusiyanın müharibədə qələbə qazanması üçün çıxış yolu deyil.
Kreml Ukrayna çöllərində sürünərək ərazi tutmaq və rəqibi taqətdən salmaq taktikasını həyata keçirdiyi, massiv raket hücumu əməliyyatı apardığı bir vaxtda Suriyadakı silahlı müxalifətin blitskriq ilə ölkənin ən böyük şəhəri olan Hələbi tutması Moskvaya gözlənilməz zərbə oldu və ciddi başağrısı gətirdi.
Ukraynada çətin duruma düşən Putin Suriyadakı qüvvələrinin böyük hissəsini çəkib müharibəyə gətirmişdi. Bu da öz növbəsində Bəşər Əsəd əleyhdarları üçün əlverişli vəziyyət yaratmışdı. Ölkənin yarısına nəzarəti itirən Əsəd hazırda acınacaqlı vəziyyətə düşüb. Müxalifət gücləri yəqin ki, Dəməşqə doğru irəliləyəcəklər. Onlar Hələbdən cənubdakı Həma şəhərinə girsələr də, oradan çıxıblar. Çox güman ki, müxaliflər Əsədin xüsusi təyinatlılarını bu şəhər daxilində saxlamaq üçün taktiki gedişlər edirlər.
Ən maraqlı məqam isə müxalifət yaraqlılarının ölkənin qərbinə tərəf irəliləməyə başlamasıdır. İş ondadır ki, bu istiqamətdə Rusiyanın Himeymimdə Hava Kosmik bazası, Tartus limanında isə hərbi gəmiləri yerləşib.
Rusların indiyədək Bəşər Əsədi dəstəkləməsinin başlıca səbəbi hələ sovet dönəmindən Tartus limanında bazalaşan hərbi donanma ilə bağlıdır. Rusiya özünü böyük dövlət görmək istədiyindən Aralıq dənizi sahilində hərbi donanma saxlanmasını məqəsdəuyğun görür. Əgər Bəşər Əsəd yıxılarsa, Suriyada yeni bir dövr başlayacaq və hakimiyyətə keçəcək qüvvə Rusiyanı buralardan qovacaq. Əsədin məğlubiyyət ssenarisinin Kreml üçün acı nəticəsi belədir.
Ukraynada ağır döyüşlər keçirən Rusiya Suriyada Əsədi müdafiə etmək üçün görəsən bundan sonra hansı tədbirlər həyata keçirməyi planlayır? Ukraynada müharibə aparmadığı vaxtlarda Rusiyanın Suriyanı dəstkləməsi üçün yetərli imkanları vardı. İndi isə bu yoxdur.
Əgər Rusiya Əsəd ordusu ilə birlikdə Suriya müxalifət qüvvələrinə qarşı genişmiqyaslı hücum və ya müdafiə əməliyyatı təşkil edə bilməsə, vəziyyət kritikləşəcək. Ona görə də Putinin iki variantı qalır.
Birincisi, nəyin bahasına olursa olsun Əsədi qoruyub saxlamğa çalışacaqlar və nəticədə Rusiya hərbi texnika ilə yanaşı, xeyli sayda canlı qüvvə itkisi ilə üzləşəcək. Lakin indi artıq Putinin ixtiyarında “Vaqner” səviyyəsində döyüşə biləcək peşəkar özəl hərbi şirkət yoxdur. Rusiya ordusu Suriyada xeyli itki verib və bu uğursuzluq səbəbindən də Rusiya ordusunun Suriyadakı komandanı, general Sergey Kisilya istefaya göndərilib.
Hələlik Putin bütün mümkün imkanlarını səfərbər edib Əsəd ordusuna kömək edəcək. Amma bu dəfə 2015-2016-cı illərdəki kim olmayacaq, əksinə, müxalifət qüvvələri keçmişdən yaxşı dərs götürüblər və rusların taktikasını bilirlər.
Bundan əlavə, Vladimir Putin Suriyadakı qarşıdurmaya çoxlu pul da xərcləməlidir. Maliyyə problemləri içərisində çabalayan ölkə üçün bu, ağır yükdür. Həm də Əsəd ordusunun yüksək döyüş qabiliyyəti yoxdur. Öncədən görünən uğursuzluğa silah, canlı qüvvə sərf etməyin və pul yatırmağın mənasızlığını görən Putin dərhal ikinci varianta baş vurmaq məcburiyyətində qala bilər.
İkinci varantda isə Kreml rəhbərliyi Əsədi taleyin hökmünə buraxmaq qərarına gələcək. Bir daha təkrar edək ki, bu, yalnız ən kritik vəziyyətdə ola bilər. Ancaq Rusiyanın mərkəzi televiziya kanallarında təbliğatçıların verlişlərindən aydın olur ki, artıq bunun psixolji bazası hazırlanır. Kremldən təlimat alan rus təbliğatçıları və analitikləri deyirlər ki, Suriya hakimiyyəti gərək heç kimə arxayın olmayaydı, onların əvəzinə kimsə döyüşməyəcək. Digər tərəfdən isə Suriyanın Rusiya üçün elə də böyük geostrateji əhəmiyyət daşımadığnı vurğulamağa başlayıblar.
Beləliklə, Rusiya rəhbərliyi görsə ki, Suriya avantürası ona çox baha başa gəlir və bu, Ukraynadakı müharibəyə ciddi təsir edir, onlar Əsədi qoyub qaçacaqlar. Amma hələlik “müharibə dumanı” deyilən qeyri-müəyyənlik dövründəyik və prosesin aydın dinamikası yaxın zamanlarda bəlli olacaq.
Suriya müxalifət güclərinin gözlənilməz həmlələri qarşısında çaşqın duruma düşən Rusiya əsassız olaraq Türkiyəni ittiham edir. Ancaq maraqlıdır, necə olur ki, Rusiya öz təhlükəsizliyinin təminatı adlı yalan bəhanəni əsas gətirərək Ukraynaya açıq təcavüz etdiyi halda, Türkiyə qonşuluğunda baş verən və ona açıq təhdid, təhlükə yaradan duruma, milyonlarla qaçqının axışıb Türkiyəyə gəlməsinə tam biganə qalmalıdır? Əgər Türkiyə 2020-ci ilin martında təcili dövriyyəyə girməsəydi Rusiya Əsəd ordusu ilə birlikdə Hələbdə olduğu kimi dinc insanları kütləvi şəkildə məhv etməklə İdlibi də işğal edəcəkdi. Onda bu, Türkiyə üçün açıq, böyük təhlükə, təhdid olardı. Həm də rusların Ukraynada törətdiklərindən fərqli olaraq Türkiyə Suriyadakı silahlı müxalifəti açıq dəstəklədiyini bəyan etmir və orada türk əsgəri də yoxdur. Əlavə olaraq, necə olur ki, Rusiyanın özündən xeyli uzaqdakı Suriyaya ordu yeritmək hüququ var, amma Türkiyənin öz sərhədləri boyunca milli maraqlarına təhlükə törənməsinə qarşı adekvat tədbir görmək hüququ yoxdur?
Hər halda, görünən odur ki, Suriyada “burnu ovulmaqla” Moskva indiyə qədərki özbaşınalığın cavabını alacaq.
SSRİ Yaxın Şərqdə Suriyanı özü üçün xüsusi baza kimi istifadə edirdi, lakin Rusiyanın SSRİ olmağa çalışması tarixin çarxının geri döndərilməsinə cəhddən başqa bir şey deyil. Tarixdə belə cəhdlərin sonu fəlakətlə yekunlaşıb. Belə görünür ki, tarixin nəhəng çarxının işləmə mexanizmini anlamayan və öz potensialını düzgün hesablamağı bacarmayan Rusiyanı irəlidə tənəzzül və çöküş sürprizləri gözləyir./azpolitika.info