Ölkəmizdə təkrar cinayətkarlıq halları durmadan artır – SON AYLARIN MƏNZƏRƏSİ... / STATİSTİKA

Azərbaycanda cinayətkarlıq hallarının artması ilə yanaşı, təkrar cinayətkarlığın günbəgün çoxalması da ciddi narahatçılıq doğurur. Xüsusilə məktəblilər arasında cinayətkarlığın və cinayətə meylliliyin artması daha da üzücüdür. Çünki millətimizin və dövlətimizin gələcəyi məhz yeniyetmələrdən, gənclərdən asılıdır.

Lakin çox təəssüflə qeyd edirik ki, cəmiyyətimizdə bu sahədə ümumi mənzərə heç də ürəkaçan deyil. Əksinə, ölkədə cinayətkarlıq, paralel olaraq da təkrar cinayətkarlıq faktları durmadan artmaqdadır.

Artıq xucularımıza da məlum olduğu kimi, Stopnarkotik.az saytı hər ay ölkəmizdə narkotiklə əlaqəli həbslərin statistikasını aparmaqla yanaşı, cinayət faktlarını da diqqətdən qaçırmır. Belə ki, ay ərzində hazırladığımız hesabat xarakterli yazımızda rəsmi mənbələrin açıqladığı təkrar cinayətkarlıq faktları ilə bağlı da oxucularımıza məlumat verməkdəyik. Əlbəttə, rəsmi məlumatlar gerçək reallığı tam olaraq əks etdirmir. Hətta ekspertlər bu rəqəmlərin 5-7 dəfə az göstərildiyini iddia edirlər. Amma bizim, sayt olaraq, ölkədə baş verən bütün cinayət, yaxud təkrar cinayətkarlıq halları haqda ümumi məlumat əldə etmək imkanımız məhdud olduğundan, sadəcə rəsmi rəqəmlərə istinad etməyə məcburuq.

Beləliklə, oxucularımızın diqqətinə çatdıraq ki, 2024-ci ilin sonuncu ayında – dekabrda ölkəmizdə ümumilikdə 48 təkrar cinayətkarlıq faktı qeydə alınıb. Bunun 8-i narkotiklə, 40-ı isə digər cinayətlərlə bağlı olub. Bu faktlarla aşağıdakı linkə daxil olaraq, tanış ola bilərsiniz:

 

**

Xatırladaq ki, noyabr ayında 38 təkrar cinayətkarlıq faktı qeydə alınıb. Bunun 8-i narkotiklə, 30-u isə digər cinayətlərlə əlaqəli faktlar olub. Daha ətraflı aşağıdakı linkdə:

 

Göründüyü kimi, əslində, təkrar cinayətkarlıq faktı ilə bağlı son ayların statistikası cəmiyyətimizi təhdid edən çox ciddi problemlərin xəbərçisi hesab oluna bilər. Bu, ən azı onu deməyə əsas verir ki, hazırda ölkə həbsxanaları heç də məhbusları islah etmir, əksinə, belə demək mümkündürsə, yeni-yeni kriminal ünsürlər yetişdirərək, topluma ixrac edir.

Onu da nəzərə alsaq ki, açıqladığımız rəqəmlər sadəcə Stopnarkotik.az saytının aşkarladığı məlumatlardır və əməkdaşlarımızın diqqətindən qaçan, eləcə də mətbuata açıqlanmayan faktlar daha çoxdur, deməli, ölkədə təkrara cinayətkarlığın cəmiyyətimiz üçün ciddi problemə çevrildiyi şübhəsizdir.

Stopnarkotik.az