Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsinin bir neçə bəndi ilə təqsirləndirilən, 1990-cı il təvəllüdlü Nəcəfov Mustafa İlqar oğlunun məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Stopnarkotik.az "unikal"a istinadən xəbər verir ki, hakim təqsirləndirilən şəxsin anket məlumatlarını dəqiqləşdirib, məlum olub ki, Mustafa Nəcəfov bundan öncə də taksi sürüsünə qarşı quldurluq etdiyinə görə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Prosesin növbəti gedişində təqsirləndirilən şəxsin ittiham aktını almadığı məlum olub. Bu səbəbdən məhkəmə prosesinin hazırlıq iclası yanvar ayının 6-na kimi təxirə salınıb.
Cinayət işində zərərçəkmiş şəxs qismində Əkbərova Günay Mətləb qızı tanınıb.
Xatırladaq ki, məlum cinayət hadisəsi bu il iyulun 3-də Bakının Yasamal rayonu, Kənar Dairəvi yolda “Cherry” markalı avtomobilin dərəyə aşması nəticəsində qeydə alınıb. Belə ki, maşında olan 1982-ci il təvəllüdlü Günay Əkbərova ölmüş, 34 yaşlı sürücü Mustafa Nəcəfov isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilmişdi. İki həftədən çox davam edən araşdırmalar nəticəsində prokurorluq baş vermiş hadisənin qəza olmadığı qənaətinə gəlib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sözügedən hadisə ilə Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanıb.
“İbtidai istintaq zamanı Mustafa Nəcəfovun idarə etdiyi avtomobili qəsdən dərədən aşağı aşırması və nəticədə sərnişin Günay Ələkbərovanın hadisə yerində ölməsi, özünün isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib”, – Baş Prokurorluqdan bildirilib.
Mustafa Nəcəfov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.