Azərbaycanda noyabr ayında narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniyaya qarşı mübarizə çərçivəsində saxlanılan şəxslərin sayında ciddi azalma müşahid olunduğu haqda məlumat vermişdik. Daxili İşlər Nazirliyinin (DİN) gündəlik rəsmi açıqlamalarına istinadən yazmışdıq ki, ümumiyyətlə, son 3 ay ərzində mübarizə çərçivəsində saxlanılan şəxslərin sayında ciddi azalma var.
Belə ki, sentybarda narkoticarətlə məşğul olan 502 nəfərin qoluna qandal vurulmuşdusa, oktyabrda saxlanılanların sayı 389, noyabrda isə cəmi 254 nəfər olub. Əlavə etmişdik ki, noyabrda bu rəqəmin kifayət qədər aşağı olması ölkəmizdə GOP 29 kimi önəmli bir tədbirin keçirilməsi ilə bağlı ola bilərdi. Nəzərə alaq ki, nloyabrda bütün güc strukturları daha çox bu tədbirin təhlükəsiz başa çatmasına köklənmişdi. “Bu baxımdan, dekabrın statistikası bu haqda daha düzgün nəticəni ortaya qoya bilər ki, tezliklə araşdırmamızın nəticəsini oxucularımıza təqdim edəcəyik”, - deyə vurğulamışdıq.
Təəssüflə qeyd edirik ki, dekabrda aruzolunan nəticə əldə olunmayıb. Yəni əvvəlki 3 ayın göstəricisinə zidd olaraq, ötən ay narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniyaya qarşı mübarizə çərçivəsində saxlanılan şəxslərin sayında azalma deyil, əksinə xeyli artım müşahidə edilib. Belə ki, noyabrda 254 nəfər saxlanılmışdısa, DİN-in rəsmi açıqlamasına görə, dekabrda eyni səbəblərdən qoluna qandal vurulan şəxslərin sayı 287 nəfərə çatıb. Yəni ötən ay saxlanılanlardan 33 nəfər çox olub. Daha ətraflı aşağıdakı linkə daxil olaraq məlumat əldə edə bilərsiniz:
Bir daha qeyd edək ki, sentyabr, oktyabr və noyabr aylarında narkoticarətlə əlaqəda saxlanılan şəxslərin sayında azalma müşahid edilməsi xeyli ümidvericidir. Dekabrda 33 nəfər artıq saxlanılsa da, 2025-ci ilin ilk ayından etibarən statistik göstəricilərin azalmağa doğru yön alması arzuolunandır. Çünki bu rəqəmlərin real olaraq getdikcə azalması ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin artıq müsbət nəticə verdiyini ortaya qoyur.
Sonda isə qeyd edək ki, ölkəmizdə narkoticarətin dövriyyəsinin azalması birbaşa qaçaqmalçılıq yolu ilə daxil olan narkotik vasitələrin həcmi ilə bağlıdır. İlk baxışdan belə düşünmək olar ki, daxil olan narkotikin həcmi azaldığından, daxili bazarda da “alver zəifləyib”. Lakin, təəssüf ki, dekabr ayının statistik göstəricisi tamamilə fərqli mənzərəni ortaya qoyur...
Stopnarkotik.az
P.S. Dəyərli oxucularımıza xatırladaq ki, biz sadəcə DİN-in rəsmi açıqlamalarına istinadən yuxarıdakı qənaətə gəlmişik.