II YAZI
(Birinci yazı ilə bu linkdə tanış ola bilərsiniz: AZƏRBAYCANDA NARKOMANLARIN SAYI AZALIR, YOXSA ARTIR? – Özəl reabilitasiya mərkəzlərinin statistik göstəriciləri...)
Stopnarkotik.az-da dünən dərc olunan “AZƏRBAYCANDA NARKOMANLARIN SAYI AZALIR, YOXSA ARTIR? – Özəl reabilitasiya mərkəzlərinin statistik göstəriciləri...” sərlövhəli yazımızda da qeyd etmişdik ki, 44 günlük Qarabağ savaşından sonra Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə yeni müstəviyə daşındı. Belə ki, artıq bir çox dövlət qurumları bu mübarizəyə cəlb olundu və belə demək olarsa, ölkədə narkotik mafiyasına qarşı “səfərbərlik elan edildi”. Bu baxımdan, təxminən son 4 il ərzində aparılan mübarizənin müsbət nəticə verib-vermədiyi hər bir vətəndaşımızı düşündürən sualdır. Çünki ölkəmizdə heç kim “ağ ölüm”dən sığortalanmayıb və artıq “pandemiya” səviyyəsinə çatan bu bəla bir gün gözlənilmədən hər birimizin “qapısını döyə bilər”. Odur ki, vətəndaşlarımız tezliklə Azərbaycanda narkomaniyanın “kökünün kəsilməsini” arzu etməklə yanaşı, bu istiqamətdə göstərilən fəaliyyəti də diqqətlə izləyirlər.
Əlbəttə, narkomaniyanın artıb-azalması bilavasitə ölkəmizə daxil olan narkotik vasitələrin həcmindən asılıdır. Yəni nə qədər çox narkotik daxil olarsa, “qara bazar”da qiymətlər də bir o qədər aşağı, narkotik isə hər kəs üçün “əlçatan” olar. Lakin təəssüflə qeyd edirik ki, xüsusilə də 2024-cü ildə Azərbaycana daxil olan narkotik vasitələrin həcmi ilə bağlı statistik göstəricilər real mənzərəni əks etdirmir. Bu haqda ötən yazımızda geniş məlumat verdiyimiz üçün yenidən bu mövzuya qayıtmağa ehtiyac duymuruq. Üstəlik, ölkədə narkomanların rəsmi statistikası ilə (46 min nəfər) real sayı (300 min nəfər) arasında ən azı 6-7 dəfə fərq olduğundan, aşkar olunan narkotik vasitələrin dəqiq həcmini müəyyən etmək də bizim üçün çətindir. Doğrudur, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası bu barədə mütəmadi hesabatlar dərc edir. Amma, yuxarıda da qeyd etdiyimiz kimi, adətən rəsmi statistika gerçək rəqəmlərdən 6-7 dəfə aşağı göstərildiyindən, biz bu göstəricilərə istinad edib, ölkədə narkomanların sayının azalıb-azalmadığını müəyyən edə bilmərik.
Son illərin rəsmi statistik rəqəmlərini müqayisə etdikdə isə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının heabatlarında Azərbaycana daxil olan narkotik vasitələrin sayının hər il artdığı əks olunur. Hansı ki, bu haqda Stopnarkotik.az-da dəfələrlə təhlil yazısı dərc etmişik. Bu gün isə mövzumuz ölkəmizə daxil olan narkotik vasitələrin həcminin deyil, ümumilikdə narkomanların sayının artıb-azalmasını müəyyən etmək olduğundan, bu məsələ ətrafında araşdırma aparmağa çalışdıq. Gəldiyimiz qənaət isə budur ki, bu haqda dəqiq statistikanı ölkədə fəaliyyət göstərən özəl reabilitasiya mərkəzləri arasında sorğu keçirməklə müəyyən etmək mümkündür. Buyurun, mərkəz rəhbərlərinin açıqlamaları ilə tanış olun.
Stopnarkotik.az-a danışan “Güvən” Reabilitasiya Mərkəzinin rəhbəri İlqar Ağayev bildirir ki, ümumi götürdükdə, sağalmaq üçün rəhbərlik etdiyi mərkəzə müraciət edənlərin sayı azalıb. Lakin, onun fikrincə, bu, yalnız ölkəmizdə narkomanlarının sayının azalması ilə bağlı deyil: “Bunun səbəblərindən biri odur ki, Azərbaycanda reabilitasiya mərkəzlərinin sayı çoxalıb. Reabilitasiyanı yeni bitirmiş insanlar uğur əldə etmək istəyirlər, yeni mərkəzlər açırlar”.
Bununla belə, İ.Ağayev deyir ki, reabilitasiya mərkəzlərinin bir çoxu heç də istənilən nəticəni vermir: “Həmin reabilitasiyaların nəticələri də elə olur ki, əksər pasiyentlər yenidən istifadəyə qayıtmalı olur. Təbii ki, yenidən istifadəyə qayıdanlar ümumilikdə reabilitasiyaların adına xələl gətirir. Mən əminliklə deyirəm ki, bu gün digərləri ilə müqayisədə, yaxşı nəticələri olan mərkəzlərdən biri də “Güvən” Reabilitasiya Mərkəzidir. Amma əksər reabilitasiya mərkəzlərinin müsbət nəticələri azdır. Ona görə, oraya müraciət edən insanlar çıxandan sonra yenidən istifadəyə qayıda bilirlər. Bu isə birmənalı olaraq reabilitasiya mərkəzləri haqda mənfi rəy formalaşdırır”.
Mərkəz rəhbəri vurğuladı ki, ümulikdə, ölkəmizdə narkomanların sayında azalma müşahidə olunur: “Narkomanların sayında azalma var, amma müraciət edən iqromanların sayında artım kifayət qədərdir. Bilirsiniz ki, iqromaniyadan əziyyət çəkən insanların inkanları çox olur, bir müddət özlərini asılı kimi qəbul etmirlər. Lakin bizm mesajımız cəmiyyətə çox yayıldıqca onlardan müraciət edənlərin sayı artır.
Sağalma sayına gəlincə isə, əlbəttə, inkişaf var. Biz illərlə bu işin içində olduğumuza görə, təcrübəmiz artır, sağalma sayımız da, inkişafımız da dəyişir. Əvvəllər reabilitasiyaya gələn 20 nəfərdən 7-si, 10-u sağalırdısa, indi sağalma nəticələrimizi ən azı 50-60 faizə çatdıra bilmişik”.
İlqar Ağayev sonda onu da deydi ki, özəl reabilitasiya mərkəzləri sərbəst fəaliyyət göstərir və heç bir rəsmi qurum tərəfindən müdaxilə olunmur: “Dövlət tərəfindən hər hansı bir maneə yoxdur. Amma qiymətlər çox ucuzlaşıb. Yenə də deyirəm, hansısa şəxslər ata-ana hesabına reabilitasiya mərkəzləri açırlar, düşünürlər ki, elə ayıq qalmağım üçün bu mərkəzi işlədim. Onlar üçün qiymət fərqi yoxdur”.
“Həyat naminə” Reabilitasiya Mərkəzinin rəhbəri Kənan Hacıyev saytımıza bildirdi ki, müalicə üçün rəhbərlik etdiyi mərkəzə müraciət edənlərin sayı azalıb: “Bunun səbəbi qeyri-peşəkar reabilitasiyaların sayının çox olmasıdır. Təəssüf ki, onların ücbatından cəmiyyətdə reabilitasiyalara inam, etibar qalmayıb”.
Sağalma faizinə gəlincə isə, K.Hacıyev dedi ki, müsbət göstərici 20 faiz civarındadır: “Ümumiyətlə, mərkəz daxilində olan proqram 100 faizdən 20 faiz nəticə verir”.
“Müraciət edən 160 nəfərdən 125-i sağlam həyat tərzi sürür”
“Start” Reabilitasiya Mərkəzinin rəhbəri Cavid Tağıyev bildirir ki, sağalmağa gələnlərin sayının artması-azalması nisbidir: “Onların özləri sağalmağa gəlmək istəmir, özlərini aldadırlar, bəraət qazandırırlar. Onları sağalmaq üçün gətirənlər valideyinlər olmalıdır. Amma valideynləri də aldadırlar ki, yaxşıyam, dərman atıram. Bir çox hallarda əvəzləndirmə edirlər. Bir çox hallarda deyirlər ki, narkotik istifadə etmirəm ki, içki içirəm. Burada da özlərini aldadırlar. Bu kimi hallarda valideynlər dərhal mərkəzə müraciət etməlidirlər.
Sağalma faizinə gəlincə, “12 addım” proqramı ilə nəinki bizim mərkəzdə, respublikamızdakı bütün mərkəzlərdə fəaliyyət göz qabağındadır. Bundan əvvəlki dövrlərə baxanda, indi ayılanların sayı qənaətbəxşdir. Bizim mərkəzimizdə 160-dan çox insan müalicə alıb. Hal-hazırda onun 125-i sağlam həyat tərzi sürür”.
“Yeni sabah” Reabilitasiya Mərkəzinin rəhbəri Rəfi Rəfibəyli də deyir ki, son 5-6 ay ərzində mərkəzə müraciət edənlərin sayında azalma var: “Məncə, bu, onunla bağlıdır ki, həm narkotik istifadə edənlərin sayı azalıb, həm də reabilitasiya mərkəzlərinin sayında artım var. Ümumiyyətlə, müraciətləri 100 faiz nisbəti ilə götürsək, onların 70 faizini narkomaniya, 25 faizini alkoqolizm, 5 faizini də qumar asılılığı təşkil edir.
Sağalma faizinə gəldikdə isə, bu, təxminən, 60 faizdir. Bunlar isə deyilənlərə düzgün əməl olunduqda ayıq qalanlardır. Ayıq qala bilməyənlərin də əksəriyyəti o şəxslərdir ki, reabilitasiya dövrünü keçdikdən sonra deyilən tövsiyələrə əməl etmirlər, pul sərhədi, emosional münasibətlər, avtomobil və digər sərhədləri gözləmirlər”.
“Son 6 ay ərzində reabilitasiya mərkəzinə muraciət eldənlərin sayı azalıb”
“Qurtuluş” Reabilitasiya Mərkəzinin proqram rəhbəri Məmmədrza Qafarov da bildirdi ki, son 6 ay ərzində reabilitasiya mərkəzinə muraciət eldənlərin sayı azalıb: “Amma son vaxtlar biz daha təhlükəli problemlə üzləşmişik. Bu da odur ki, mərc və qumar oyunları asılılarının sayı artır. Son vaxtlar ən cox bununla bağlı muraciətlər var və sırf bu problemdən əziyyət çəkən qardaşlar ücün ayrı korpus açmışıq.
Onu da deyim ki, mən bu asılılığa dair “krizis psixologiyası”na baglı sırf qumardan və mərc oyunlardan əziyət cəkən şəxslər ücün ayrıca bir mualicə metodikası hazırladım...
Ümümilikdə, fəaliyyət göstərdiyi 4 il müddətində “Qurtuluş” Reabilitasiya və Sosial Adaptasiya Mərkəzi 9 aydan bir fərqli statististika göstərir. Çünki 9 aydan bir mühit dəyişilir, şəxslər mualicəni bitirirlər və onların yerinə başqa asılılar qəlir. 6 ay stasionar mualicə olunur, 3 ay da sosial adaptasiya prosesi nəticəsində - ümümi 9 ay ərzində onlar post-abstinens sindromundan azad olurlar. Elə olub ki, 9 aya 90%-ə yaxin nəticə göstərmişik, yəni 90% ayıq qalıb. Elə də olub ki, sağalma faizi 70% olub. Amma 70%-dən aşağı düşməyib”.
Hazırladı: Asya ŞÜKÜROVA
Stopnarkotik.az
Redaksiyadan: Mövzu ilə bağlı araşdırmamız davam edir.