Abxazlar Rusiyadan xilas olmağa çalışır?

Son vaxtlar Abxaziyada ortaya çıxan “müstəqillik” tələblərinin arxasında hansı maraqlar dayanır?

Ötən həftə regional miqyasda təlatümlü bir hadisə ilə yaddaqalan oldu – Abxaziyadakı iğtişaşlarla. Çaxnaşma Rusiya ilə investisiya sazişinə baxılması fonunda alovlandı. Sənəd noyabrın 15-də ratifikasiya edilməli idi. Amma məsələ Abxaziyanın yerli əhalisi, eləcə də müxalifəti tərəfindən birmənalı qarşılanmadı, hətta tam əksinə, neqativ şəkildə reaksiya ilə üzləşdi.  

Məsələni Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov belə qələmə verdi ki, bu sənədlə Abxaziya iqtisadiyyatına əlavə investisiyalar cəlb ediləcək. Ruslar kənd təsərrüfatının, istehsalatın, turizmin və rekreasiyanın inkişafına, eləcə də infrastruktur layihələrinə pul yatıra biləcəklər və bu Abxaziyaya iqtisadi rentabel gətirəcək.

Ancaq, dediyimiz kimi, hər kəs bu məlumatı birmənalı qəbul etmədi. Müxalifət hesab edir ki, hakimiyyət Abxaziya torpaqlarını rus iş adamlarına satmağa hazırlaşır. Müxalifətin liderlərindən biri, keçmiş Milli İqtisadiyyat naziri Adqur Ardzinba vəd verdi ki, "ratifikasiya edilməsi istənilən, oliqarxlara məhdudiyyətsiz imtiyazlar vermək və Abxaziyanı satmaq üçün yaşıl işıq yandırmaq istənilən bu saziş dayandırılacaq".

Noyabrın 11-də isə Abxaziya parlamenti Rusiya-Abxaziya sazişində haqqında söhbət gedən ölkədə çoxfunksiyalı komplekslərin statusunu tənzimləyən qanun qəbul etdi. Bundan sonra, Baş Prokurorluğun məlumatına görə, parlament binasının həyətində bir qrup şəxs deputatlardan birinə qarşı “qanunazidd hərəkətlər” edib. Nəticədə dörd nəfər - keçmiş parlament üzvləri Qarri Kokaya, Almasxan Ardzinba, Ramaz Cjopua, həmçinin müxalifət fəalı Ömər Smir saxlanılıb.

Ötən bazar ertəsi axşam saatlarında etirazçılar məhbusların azad edilməsini tələb etdilər və Dövlət Təhlükəsizlik Xidmətinin binasına soxulmağa cəhd etdilər. Onlar federal magistral yolu bağladılar və traktorlarla iki körpünü bağladılar, təkcə Rusiyanın cənubu ilə deyil, həm də tanınmamış respublikanın şərq hissəsi və Suxumi ilə əlaqəni kəsdilər.

Rusiya-Abxaz münasibətləri üzrə ekspert Anton Krivenyuk belə bir fikir səsləndirib ki, Rusiya Federasiyası ilə investisiya sazişi Abxaziya üçün böyük layihədir və bu, korrupsiyalaşmış oyun qaydalarından asılıdır. Onun sözlərinə görə, hər şey belə işləyir: “Bir rus Abxaziyaya gəlir, burada onun heç bir hüququ yoxdur və ona torpaq almaq təklif olunur, lakin böyük şərtlərlə. Məsələn, onu öz adınıza qeydiyyatdan keçirməmək, yerli qrupların ortaqlığına sərmayə qoymaq. Bütün bunlar bir çox şərtləri irəli sürür ki, bununla əcnəbi əldə etdiyi torpaqları və biznes aktivlərini itirə bilər. Abxaz cəmiyyətini bu qane edir. Onlar ruslardan pul almaq, sonra bu pulu onlara “atmaq” istəyirlər. Mən demirəm ki, ölkədə hamı belə işləyir, amma bu var. Ruslar isə, əksinə, yerli sakinləri nəzərə almadan Rusiya qanunlarına uyğun gəlib, burada hər şeyi almaq və işləmək istəyirlər. İndi bu iki tərəf arasında toqquşmalar var”.

Krivenyukun sözlərinə görə, müxalifət təkcə burada Rusiya biznesinin olması ilə razılaşmadığından deyil, hakimiyyətə gəlmək və abxaz resurslarının satışına nəzarəti ələ keçirməkdən ötrü çaxnaşma yaradır.

**

Amma məsələyə başqaprizmadan yanaşanlar da var. “Bir vaxtlar Rusiya Abxaziyanın müstəqilliyini tanıyıb”, deyən politoloq Nika Çitadze qeyd edir ki, “indi eyforiya keçib və Abxaz cəmiyyətində çoxları başa düşür ki, müstəqillikdən söhbət gedə bilməz. Gürcüstandan qoparaq bu bölgə ancaq başqa dövlətin nəzarəti altına keçib. Abxaziya büdcəsinin 70%-i Rusiya Federasiyasından transfertlər hesabına formalaşanda hansı müstəqillikdən danışmaq olar?”

“Burada başqa bir problem var”, deyən politoloq Gela Vaşadze, “Abxazlar yox olmaq təhlükəsi ilə üz-üzə olan kiçik xalqdır. Və açıq-aşkar görünür ki, Rusiya Federasiyası onların bir etnik qrup kimi qorunub saxlanmasında maraqlı deyil. Bu gün biz etnik müqaviməti özünü qorumaq uğrunda mübarizədə görürük. Ancaq başa düşmək lazımdır ki, geniş muxtariyyətə sahib olmaq və praktiki olaraq işğal altında olmaq mümkün deyil. Onlar simulyator yaradıb, uzun müddət bu dünyada yaşayıblar, amma indi sərt reallığa qayıdırlar”, sözləri ilə prosesə daha obyektiv raksursdan baxışını ortaya qoyur.

Amma necə deyərlər, sözümüzün canı başqadır. Xatırlayırsınızsa, Gürcüstandakı parlament seçkilərində “Gürcü arzusu”nun sponsoru Bidzina İvanişvili sevincək Rusiyanın Abxaziya və Cənubi Osetiyadan əl çəkməyə hazırlaşdığını və Kremlin bu iki subyektin Gürcüstanın tərkibinə qayıtmasına etiraz etmədiyini tribunadan elan etdi. Hərçənd, Rusiyanın XİN rəhbəri Lavrov sonradan bu söhbətin həqiqəti əks etdirmədiyini və təkzib xarakterli bəyanatlarla Bidzina İvanişvilinin yalanını ortaya çıxardığını göstərmiş oldu. Amma o zaman üçün məsələ açıq qaldı. Rusiyanın Abxaziyaya qarşı niyə “lütfkar”olduğu sual doğurur.

Hardasa bir il əvvəl - 5 oktyabr 2023-cü il tarixində Rusiyanın Gürcüstanın separatçı Abxaziya regionunun Qara dəniz sahilində daimi hərbi-dəniz bazası yaradılması haqqında saziş imzalaması xəbəri mediada yayılmışdı. Bunu Abxaziya lideri açıqlamışdı. Gürcüstan isə Abxaziyada Rusiya Hərbi Dəniz Qüvvələrinin yaradılması planları ilə bağlı xəbərləri “suverenliyin açıq şəkildə pozulması” adlandırmışdı. “Biz saziş imzalamışıq və yaxın gələcəkdə Oçamçira bölgəsində Rusiya Hərbi Dəniz Qüvvələrinin daimi bazası olacaq”, deyə “İzvestiya” qəzeti Abxaziya lideri Aslan Bjaniyanın sözlərindən sitat gətirirdi.

Bjaniyanın fikrincə, bu, həm Rusiyanın, həm də Abxaziyanın müdafiə qabiliyyətini artıracaqdı. O, bu barədə Rusiya prezidenti Vladimir Putinlə görüşdən bir gün sonra açıqlama vermışdi.

Moskvanın 2014-cü ildə Krımla birlikdə ilhaq etdiyi Sevastopolda yerləşən Rusiyanın Qara dəniz donanması 2022-ci ildə Ukraynaya müdaxilə başlayandan bəri Ukrayna qüvvələrinin dəfələrlə hücumlarına məruz qaldı. Məlumdur ki, Rusiya Abxaziyanın və Gürcüstanın digər separatçı regionu Cənubi Osetiyanın “müstəqilliyini” 2008-ci ilin avqust müharibəsindən sonra tanıyıb. “Reuters”in qeyd etdiyinə görə, Qərb Rusiyanı Abxaziya və Cənubi Osetiyanı ilhaq etməkdə günahlandırdı və 2009-cu ildə Oçamçirada Rusiya bazası haqqında danışılanda NATO bundan narahat olduğunu bildirdi.

Qara dəniz ölkələrindən üçü - Türkiyə, Bolqarıstan və Rumıniya NATO üzvüdür. Dünyanın əksər hissəsi Abxaziyanı Gürcüstanın bir hissəsi kimi tanıyır. Abxaziyanın müstəqilliyini Rusiyadan başqa yalnız Venesuela, Nikaraqua, Nauru və Suriya tanıyıb. Bjaniya ilə görüşdə Putin dəniz bazası haqqında heç nə deməsə də, bununla belə, Bjaniya “Rusiya tərəfinin təşəbbüsü ilə həyata keçirilən inteqrasiya proseslərində” iştirak etmək istədiyini bildirmişdi.

**

Sovet dövründə hərbi dəniz bazasının yerləşdiyi Oçamçiradakı Rusiya bazası xəbəri Kremlin Sevastopol üçün alternativ axtardığını, eləcə də Qara dəniz sahillərində hərbi mövcudluğunu Türkiyəyə doğru genişləndirdiyini göstərir. Xarici nəşrlər yazır ki, (The Wall Street Journal) Ukraynanın hücumları səbəbindən Rusiya Qara dəniz donanmasının böyük hissəsini ilhaq etdiyi Krımdakı əsas bazasından çıxarıb. Nəşr öz mənbələrinə və peyk şəkillərinə istinad etmişdi, onların həqiqiliyi dəniz ekspertləri tərəfindən təsdiqlənmişdi. Məlumata görə, Rusiya güclü gəmiləri, o cümlədən üç hücum sualtı qayığını və iki freqatını Sevastopoldan Rusiya və Krımın daha yaxşı müdafiəni təmin edən digər limanlarına köçürüb. Mütəxəssislərin fikrincə, gəmilər hələ də qanadlı raketlərlə  limanlar və elektrik şəbəkələri kimi mülki infrastrukturları vura biləcəklər. Ən azı 17 Rusiya gəmisi Sevastopoldan Novorossiyskə köçüb. Abxaziyada nəzərdə tutulan yeni bazanın yeri Novorossiyskdən 500 km cənub-şərqdə yerləşir.

“Wall Street Journal” yazır ki, Ukraynanın zərbələri artıq Ukrayna limanlarının dəniz blokadasını pozub, Rusiyanı Qara dənizin bəzi hissələrinə çıxışdan məhrum edib və Ukraynaya iqtisadi əhəmiyyətli taxıl daşımaları üçün yeni dəhliz açıb.

Kreml Abxaziyada Rusiya donanması üçün daimi baza tikmək planları barədə məlumatı təsdiqləməkdən imtina edib. “Bu barədə şərh verə bilmərəm. Bölmələrimizin, gəmilərimizin, bölmələrimizin yerləşdirilməsi ilə bağlı məsələlər Müdafiə Nazirliyinin səlahiyyətindədir”, deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Rusiyanın Abxaziyadakı dəniz bazası planlarına baxmayaraq, daimi baza nöqtəsi dəniz bazası üçün tam əvəz deyil və onun tikintisi müəyyən vaxt aparacaq. Rusiya Qara dəniz donanmasının böyük hissəsi Sevastopoldan Novorossiysk və Feodosiyaya hərəkət edir. Bütün bunlar birlikdə Rusiyanın Qara dənizdə donanmasını daha harada yerləşdirə biləcəyi barədə düşünməyə başladığını deməyə əsas verir və Krımda hiss etdiyi qeyri-müəyyənliyi ortaya qoyur. Bu qeyri-müəyyənlik Ukraynanın təkcə quruda deyil, dənizdə də strateji təşəbbüs əldə etdiyi bir vaxta təsadüf edir. Bundan əvvəl Ukrayna hakimiyyəti bəyan etmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin qarşısında duran vəzifələrdən biri Qara dəniz donanmasını Ukraynanın ərazi sularını tərk etməyə məcbur etməkdir. İndi bu vəzifə qismən tamamlanıb. İndi gəmilər ən azı 200 kilometr daha çox döyüş növbətçiliyinə keçid etməli olacaqlar. NATO-nun kəşfiyyat təyyarələrinin Qara dəniz bölgəsində daim xidmətdə olduğunu nəzərə alsaq, bu, çox güman ki, Qərbdəki tərəfdaşlarından məlumat alan ukraynalılara Rusiya hərbi gəmilərinin hazırlanması və niyyətlərini qiymətləndirmək üçün əlavə vaxt verəcək.

Rus gəmilərinin hərəkətində böyük rol oynayan üçüncü hal Sevastopolun dəniz bazası yerləşdirmək üçün ən əlverişli Qara dəniz körfəzi olmasıdır. Sevastopol körfəzi ilə müqayisədə (əslində, Sevastopol ərazisində bir neçə rahat körfəz var), Tsemesskaya naviqasiya, hava şəraiti, eləcə də ölçüsü baxımından daha mürəkkəbdir - mülki, ticarət və hərbi donanmaların infrastrukturunu ehtiva edir. Krımın ilhaqından əvvəl Rusiya bu körfəzdə hərbi dəniz bazası yaratmağı planlaşdırırdı, Ukrayna Sevastopol bazasında icarə müddətini uzatmaqdan imtina edərsə, bu, ehtiyat variant kimi qəbul edilirdi. Hətta müvafiq məqsədli proqram qəbul edildi, lakin gəmi təmiri obyektləri, anbarlar və donanma üçün zəruri olan digər obyektlərlə bərabər böyük infrastruktur qurmaq fiziki cəhətdən mümkün deyildi. Məsələn, Tsemes körfəzində quru dok yoxdur.

Buna görə də Qara Dəniz Donanmasının qüvvələrinin daha az inkişaf etmiş və daha böyük bazalar üzrə bölüşdürülməsi onun əməliyyatlarını xeyli çətinləşdirəcək. Baxmayaraq ki, Sevastopol bazasının infrastrukturu olmasa, Rusiya donanması üçün çox çətin olacaq və çox güman ki, ora hərbi gəmilər daxil olacaq.

Bütün sadalananlardan göründüyü kimi, Ukraynanın hücumları qarşısında işi çətinə düşən Rusiya Abxaziyanı Sevastopol və Novorossiysk əvəzinə istifadə edə bilmək üçün zəbt etmək fikrindədir. Təbii ki, bu vəziyyətdə Abxaziyanı Gürcüstana qaytarmaqdan söhbət gedə bilməz, bu, ağ yalandır.

Bəs, ərazisində hərbi dəniz bazası yerləşdirməyə hazırlaşan qondarma dövlətciyi Gürcüstana qaytaracağı şayiəsi Rusiyanın nəyinə lazım idi? Bəzi rus ekspertləri, daha dəqiq desək politoloq İlya Qraşenkov məsələni belə şərh edir ki, Rusiya nüfuz dairəsinin “boz zonasında” yerləşən bu az tanınan dövlət haqqında praktiki olaraq heç kim heç nə bilmir: “Ruslara yalnız orada naringilərin bitdiyi məlumdur, amma başqa nə olduğunu heç kim bilmir. Orada turizm daha geniş şəkildə inkişaf edə bilərdi, lakin buna bir sıra amillər mane olur ki, onlardan biri hazırkı çevriliş cəhdinə səbəb olub”. Yəni, sən demə, hazırkə çevriliş cəhdinin səbəbkarı abxazlardır.

Politoloq ifadə edir ki, əslində, “Rusiya ətrafında bir neçə belə "boz zona" var. Bura Abxaziya, Cənubi Osetiya və Dnestryanı daxildir. Müəyyən mənada belə zonalar Belarus kimi tanınan, lakin sanksiyaya məruz qalan dövlətlərdir. Xarici dövlətlərin tərkibində yalnız rus əhalisinin yaşadığı ərazilər var, məsələn, Qazaxıstanın şimalı. Əvvəllər belə ərazilər Ukraynanın şərqindəki bölgələr, daha sonra Rusiya Federasiyasının tərkibinə daxil olan qondarma Luqansk respublikası idi. Bununla belə, bu cür "boz sahələr" yaratmaq və saxlamaq təcrübəsi bir vaxtlar olduqca populyar idi. İndi onlarla nə edəcəyinizi düşünməyin vaxtı gəlibmi?”

“2020-ci ilə qədər bütün bu “boz zonalar” təkcə qidalanma obyekti deyil, həm də Rusiya ilə Avropa və Şərqin bir sıra ölkələri arasında əlverişli bufer idi”, deyən politoloqu belə bir sual düşündürür ki, “xarici dəstək olmadan de-fakto mövcud ola bilməyən bu dövlətlərə kim sahib çıxacaq?”

Abxaziyada rus rublu aşıb-daşmır, bunu sadə təbliğatçılar iddia edirlər. Sosial xidmətlər və “korrupsiya xərcləri”nə pul yetir, lakin bu, heç də bolluq mənbəyi deyil. ÜDM-in 80%-dən çoxu Abxaziya iqtisadiyyatının özündən gəlir, bu maliyyənin 70%-dən çoxu birbaşa və ya dolayı yolla turizmdən əldə edilən gəlirdir. Siyasi mübarizə əslində bu “mövzu” üstündə başladı. Hər şey - "Biz əcdadlarımızın torpağından əl çəkməyəcəyik" şüarı ilə meydana gəldi. Rusiya müəyyən qədər Abxaziyaya sponsorluq etdi və nəhayət, rəsmi olaraq ora getməyə qərar verdi. İndi yalnız abxazların özləri (yaxud belə pasport almışlar) Abxaziyada torpaq ala bilərlər, yəni hələ ki, torpaqların kütləvi alınması mümkün deyil. Qondarma Abxaziya hökuməti əsas resursunu tərəflərdən birinə (Rusiya və ya Gürcüstana) verərsə, müstəqilliyin unudula biləcəyini anlayaraq bu variantı dondurdu. Baxmayaraq ki, müstəqillik bəzi yerli elitalar üçün Rusiya Federasiyasından maliyyə axınından faydalanmaq üçün sadəcə bir fürsətdir. Yəni Bjaniya qondarma müstəqilliyi bəhanə edib, Rusiyadan pul çəkirdi. Amma artıq Ukrayna müharibəsində yıpranan Rusiyanın maliyyə gücü tükənir. Belə anlaşılır ki, “Gürcü arzusu”na Abxaziya və Cənubi Osetiyanı müharibəsiz qaytara biləcəyi vədi verməklə və bu vədlə Bidzina İvanişvilinin seçkiləri qazanmasına stavka edən Kreml bu iki subyektin maliyyələşdirilməsini, yəni saxlanmasını Gürcü hökumətinə həvalə, eyni zamanda özü üçün sərfəli olan Oçamçirada rus hərbi bazasını inşa etməklə, Krımdakı hərbi donanmanı buraya köçürərək, bir daşla bir neçə dovşan vurmaq fikrindədir. Kreml həm Abxaziya ilə Cənubi Osetiyanın “dolanışığını”  Gürcüstanını üstünə atmaq, həm də “Gürcü arzusu” hökumətinin dəstəyi ilə özünün hərbi dəniz bazası planını reallaşdırmaq istəyir.

Rus politoloq İlya Qraşenkov eləcə də hesab edir ki, Rusiya biznesinə qarşı müqavimət fonunda regionda güc qazanan dövlətlərin geosiyasi gözləri Abxaziyaya dikilib. “Söhbət ilk növbədə Azərbaycanda onsuz da ciddi təsirə malik olan, lakin daha az dost olan Gürcüstanda, hətta düşmən Ermənistanda da nüfuzunu tədricən artırmaq istəyən Türkiyədən gedir. Gürcüstanın özünün indi kifayət qədər öz problemləri var, ona görə də onlar daha çox Abxaziya böhranını izləyirlər, lakin hər an “proksi” kimi öz xidmətlərini təklif etməyə hazırdırlar” cümlələrini yazan ekspert Rusiyanın üzdə məcburi “mehriban” davrandığı Türkiyəyə arxa planda hansı mövqedə olduğunu üzə çıxarır. Təbii ki, Rusiya ilə Türkiyə ara-sıra baş tutan işbirliyinə baxmayaraq, “situativ” müttəfiqlər və “mehriban düşmənlərdir”.

Sonda isə deyək ki, Rusiyanın Cənubi Qafqazda – Azərbaycan və Ermənistanda gücünü saxlaması, qanunverici orqan olan parlamenti öz siyahısındakı şəxslərin təmsil etməsi, parlament seçkilərinə müdaxiləsi fonunda Abxaziyada baş verənlərə “Qərbin qisası” kimi də baxa bilərik. Təsadüfi deyil ki, Rusiya mediasında Abxaziyadakı hadisələri Qərb xüsusi xidmətlərinin oradakı QHT-lərin maliyyələşdirilməsi vasitəsi ilə baş verdiyini səsləndirirlər. Hələ ki, abxaz müxalifəti yeni seçkilərin keçirilməsinə qədər ölkəni vitse-prezident Qunbanın idarə etməsinə razılaşıb və tələb ediblər ki, güc nazirliklərinin rəhbərləri öz vəzifələrini tərk etməlidirlər.

Ülviyyə ŞÜKÜROVA