Cənubi Koreya kəşfiyyatı təsdiq edib ki, Ukrayna Şimali Koreyanın iki hərbçisini əsir alıb və onların dindirilməsinə dair yeni təfərrüatları açıqlayıb.
Bu barədə “Yonhap” agentliyi yazır.
Cənubi Koreya kəşfiyyatına görə, dindirmə zamanı əsirlərdən biri Şimali Koreya hərbçiləri arasında Rusiyada “əhəmiyyətli” itkilərin olduğunu təsdiq edib.
“Biz şimali koreyalı əsirlər ilə bağlı məlumat mübadiləsini Ukraynanın kəşfiyyat orqanları ilə sıx əməkdaşlıq şəraitində davam etdirəcəyik” - deyə Cənubi Koreya kəşfiyyatı bildirib.
Qeyd olunub ki, yaralı hərbçilərin vəziyyəti kritik deyil.
Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, əsirlərdən biri yanvarın 9-da Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüləri tərəfindən əsir alınıb. Digərini isə Ukrayna silahlı qüvvələrinin desant əsgərləri ələ keçirib.
Əsirlərdən birinin üzərində başqa bir şəxsə aid, Rusiyada qeydiyyatdan keçmiş hərbi bilet aşkarlanıb. Həmin əsgərin sözlərinə görə, bu sənədi ötən ilin payızında alıb. O, bəzi Şimali Koreya bölmələrinin Rusiya qoşunları ilə bir həftəlik təlimlərdə iştirak etdiyini bildirib.
Eyni zamanda, əsir dindirmə zamanı Ukraynaya qarşı müharibəyə deyil, təlim məqsədilə göndərildiyini iddia edib.
Cənubi Koreya rəsmilərinin qiymətləndirmələrinə əsasən, Şimali Koreya Rusiyanın Ukraynaya qarşı müharibəsində dəstək üçün təxminən 11 000 hərbçi göndərib./musavat.com
*** 21:35
Kursk vilayətində Şimali Koreyadan olan hərbçilər Ukrayna ordusu tərəfindən əsir götürülüb.
Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında yazıb.
O, hərbi əsirlərdən birinin fotoşəkillərini və hərbi biletinin şəkillərini paylaşıb.
"Əsgərlərimiz Kursk bölgəsində Şimali Koreyadan olan hərbçiləri əsir götürüblər. Bu iki əsgər yaralı olsalar da, sağ qalıblar. Kiyevə aparılıblar", - Zelenski yazıb.