Əsas mövzuya keçməzdən öncə bir suala aydınlıq gətirək: narkoman kimdir? Əlbəttə, bütün cəmiyyətlərdə bu sualın bir cavabı var: gələcəyin cinayətkarı və “potensial ölü”!
İstənilən ölkədə narkotik istifadəçisi kriminogen fonu yüksəldən başlıca faktorlardan biridir. Potensial ölülər məsələsinə gəlincə isə, narkotik istifadəçiəri həm doza həddinin aşılması, həm də bir çox ağır, hətta sağalmaz xəstəliklərə yoluxmaqla geri dönülməz şəkildə ölümün pəncəsində asanlıqla həyatdan əllərini üzürlər.
Qeyri-rəsmi statistikaya görə, ölkəmizdə 280 minlə 300 min arasında narkotik istifadəçisi var. Respublika Narkoloji Mərkəzindən Stopnarkotik.az-a verilən məlumata görə isə, 2024-cü ilin iyun ayı üçün müalicə üçün narkoloji dispanserlərə müraciət edən ölkəmizdə qeydiyyatda olan narkomanların ümumi sayı 39 175 nəfər olub. Onlardan 38 258-i kişi, 917 nəfəri isə qadındır. Nəzərə alsaq ki, müalicəyə üz tutan narkomanların sayı təxminən onların ümumi sayının yeddidə birini təşkil edir, deməli, rəsmi olaraq 39 175 nəfər olan narkomanların qeyri-rəsmi sayı 274 225 nəfər təşkil edir. Bu baxımdan, 280 min rəqəminin heç də “göydən düşmədiyi” aydın olur.
Digər tərəfdən, ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Fox” televiziyasının efirində, “hər bir narkotik alverçisi orta hesabla 500 nəfəri öldürür” açıqlamasını da diqqətdən qaçırmaq olmaz. O bildirir ki, narkotik alverçiləri üçün ölüm cəzası tətbiq etmədən ABŞ-da narkotik epidemiyasının öhdəsindən gəlmək mümkün deyil. Bu səbəbdən, sabir prezident hesab edir ki, ölkədə narkomaniyanın qarşısını almağın yeganə yolu narkotik alverçiləri üçün ölüm hökmünün tətbiq edilməsidir.
Əslində, ABŞ istər ərazisi, istər əhalisinin sayı baxımından Azərbaycandan qat-qat böyük ölkə olsa da, narkotikin yayılma tezliyi demək olar ki, o qədər də fərqli deyil. Əksinə, Azərbaycanın əhalisi ABŞ-la müqayisədə çox az olsa da, narkomaniyanın ölkəmizə vurduğu zərər daha dərindir. Üstəlik, nəzərə almaq lazımdır ki, Azərbaycanın reabilitasiyada peşəkarlığı, imkanları ABŞ-la eyni səviyyədə deyil. Göz önünə alsaq ki, 39 175 nəfər sadəcə müalicə üçün narkoloji dispanserlərə müraciət edənlərin sayıdır və hələ bu, o demək deyil ki, həmin asılıların hamısı zəmanətli şəkildə sağlamlığına qovuşur. Odur ki, bu rəqəmi narkotiki tərgidib, sağlam həyata qayıdanların sayı kimi qəbul etmək olmaz. Həmçinin, bu sayı ölkənin insan resursundan əksilən rəqəm kimi də qəbul etmək lazımdır. Nəzər alsaq ki, orta statistik azərbaycanlı ailəsi iki uşağa sahib olmağı tərcih edir, ən elementar hesablama aparsaq, bu 78 350 uşaq edir. Bir az da uzağa gedib, narkotik asılılılarının 280-300 min arasında olduğunun fərz etsək, həmin bu narkomanlardan əmələ gəlməyən uşşaq sayı 560-600 min nəfər körpə vətəndaş edir. Deməli, Azərbacan təkcə narkotik asılılığı üzündən potensial 560-600 min vətəndaşını itirib.
Trampın dediyi, “hər bir narkotik alverçisi orta hesabla 500 nəfəri öldürür” sözü isə, şübhəsiz, bizim ölkə üçün də reallığa yaxındır. Məlumdur ki, Azərbaycan həbsxanalarındakı 28 200 nəfər məhbusun 10 200 nəfəri narkotiklə əlaqədar cəzaçəkmə müəssisələrində həbs cəzası çəkir. Əgər fərz etsək ki, bu 10 200 nəfər narkotik istifadəsinə görə yox, məhz narkotik satışına görə həbsə düşüb, yəni el dilində “bariqa”dır, onda onların satdığı insanların, eləcə də narkotikdən ölənlərin sayı fantastik rəqəm edir.
Əlbəttə, bu o demək deyil ki, bariqa ondan narkotik alanların qısa müddət ərzində ölümünə səbəb olur, amma bu rəqəmlər dəhşətli mənzərə yaradır. Hələ üstəlik, bariqalar hamısı həbsxanalarda deyil, onların əksəri azadlıqda “şıdırğı narkotik alverini edir”. Deməli, “bariqa”ların qurbanına çevrilən asılılar 300 000 rəqəmi ilə də yekunlaşmır, reallıqda bu göstərici daha çoxdur.
Başqa sözlə, nəslimiz get-gedə yox, sürətlə və iti addımlarla kəsilməyə doğru gedir. Əhalinin sağlam olan hissəsi onsuz da sosial problemlərin məngənəsində sıxılaraq ailə qura bilmir, quranlar yalnız limitli şəkildə uşağa sahib olur, ailələrin da çox hissəsi boşanmaların qurbanı olur. Digər tərəfdən isə 10 milyonluq limitli əhalisi olan ölkəmiz üçün təxmini 300 000 narkotik asılısı bizim üçün olduqca böyük rəqəmdir, hələ bu rəqəmin də doğruluq payının nə qədər olması sual altındadır. Hər bir halda məsələ fəlakətlidir. Hətta belə demək olar ki, doğruluq payı sual altında olsa da, ölkəmizdəki 300 min narkotik asılıslı potensial ölülərdir.
Asya ŞÜKÜROVA
Stopnarkotik.az