Gürcüstan üçün iki yol: ya Kremlin əsiri olmaq, ya da…

Rusiyanın diqtəsi ilə Gürcüstanda da Kremlin “şah əsəri” olan seçki saxtakarlığı oyunu səhnəyə qoyulacaqmı? 

Məlum olduğu kimi, 2024-cü ilin 26 oktyabrında Gürcüstanda parlament seçkiləri baş tutacaq. Beləliklə, payızın sərin bir ayı olan oktyabr Gürcüstanda çox alovlu keçəcək. “Gürcü arzusu”nun sponsoru Bidzina İvanaşvili seçkilərdə qələbə əldə etməyin zəmanəti kimi Rusiyanın guya Abxaziya və Cənubi Osetiyanı Gürcüstana geri qaytaracağı ümidini “satışa çıxardı”. Amma Rusiya XİN başçısı Lavrovun Gürcüstan rəsmilərinin bu məsələni səhv başa düşüdüyünə dair eyhamı Bidzina İvanaşvilinin “kələyini kəsdi”. İvanaşvili isə yenindən Gürücstanın ərazi bütövlüyünün bərpasından danışdı. O, Batumidə bir daha bəyan etdi ki, Gürcüstanın ərazi bütövlüyünün dinc bərpası hər an yarana bilər.

Sadəcə, nə hikmətdirsə, Bidzina “Milli Hərəkat”ın guya bu sülh prosesinə müdaxilə edəcəyini ortalığa atıb. “Bunu onların barışıq və sülh elanına isterik reaksiyası sübut edir. Bu təəccüblü deyil, çünki 2008-ci ildə kənardan gələn sifarişlə osetinlərlə və abxazlarla olan zəif inam tellərini kobud şəkildə kəsdilər, xalqlarımızı bir-birindən daha da uzaqlaşdırdılar və mövcud uçurumu dərinləşdirdilər”, - sözləri ilə İvanaşvili Gürücstanın başına gələn bəlaların Rusiyadan yox, Saakaşvili və onun partiyasının qərbmeylliliyindən qaynaqlandığını iddia edib. Bu da onun Rusiyanın dəstəyi ilə yanaşı, vətəndaşların səsini almaqdan ötrü Abxaziya və Cənubi Osetiyanın Gürcüstanın tərkibinə qayıdacağı ümidini alver predmetinə çevirməkdən belə çəkinmədiyini göstərir. İvanişvili əmin olduğunu bildirib ki, “bu boşluğu yalnız qarşılıqlı anlaşma, öz hərəkətlərini dərk etmək və bir-birinə əl uzatmaqla doldurmaq olar”.

Qısası, Gürcüstanda Qərb-Rusiya savaşının nəticəsini görməyə çox az qalıb. Hakim partiyanın Rusiyaya açıq rəğbət bəslədiyi və antidemokratik davranışlardan çəkinmədiyi səbəbindən ölkədə azad və ədalətli rəqabət gözləyənlər azdır. Hərçənd, Gürcüstan Mərkəzi Seçki Komissiyasının rəhbəri Giorgi Kalandarişvili, “Dairə və məntəqə seçki komissiyalarına tövsiyə edirəm ki, hər hansı seçki subyektinin müdafiəsi və ya əleyhinə hərəkət kimi qiymətləndirilə bilən hərəkətlərdən, o cümlədən sosial şəbəkələrdə şəxsi səhifələrdən partiya namizədlərinin siyasi kampaniyaları, təşviqat məqsədilə istifadə etməkdən çəkinsinlər”, - sözləri ilə tərəfləri siyasi neytrallığa çağırıb.

Əlbəttə, Rusiyanın diqtəsinin seçkilərdə hansı “sehrbazlığ”a gətirdiyini Azərbaycanda gördükdən sonar, Kremlin müdaxiləsinin Gürcüstandakı seçkilərdə də necə “bəhrələr verəcəyini” təxmin etmək çox da çətin deyil. Heç də səbəbsiz deyil ki, Tiflisdə siyasi atmosfer məşum dərəcədə gərginləşib və qütbləşib. Bu baxımdan, güman etmək oalr ki, oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri 1991-ci ildə Sovet İttifaqının küllərindən müstəqil dövlət kimi çıxan qonşu ölkə üçün ən mühüm seçki olacaq.

İlk baxışdan belə görünə bilər ki, Gürcüstanı iki cür gələcək gözləyir: hakim “Gürcü arzusu” partiyası hakimiyyətdə qalarsa, avtoritarizmə sürüklənmək və Rusiya ilə ittifaq. İkincisi, müxalifət hakimiyyətə gələrsə, demokratiya və Avropayönlü yol. Bununla belə, bu qara-ağ şəkil çox sadədir - həqiqət daha mürəkkəbdir.

Hədəfdə nə var?

2022-ci ilin fevralında Kremlin Ukraynada “xüsusi əməliyyat”a başlaması ilə Gürcüstan bir anda iki cinah arasında döyüş meydanına çevrildi: bir tərəfdən “Gürcü arzusu” ilə onun əleyhdarları arasında, digər tərəfdən isə hökumətin Rusiyalı himayədarları və Qərb müttəfiqləri arasında. Tiflisdə siyasi parçalanmanın dərəcəsi o qədər böyükdür ki, seçki kampaniyası zamanı iqtidar və müxalifət nümayəndələrinin televiziya, radio və ya digər KİV-də bir-biri ilə mübahisə etməsi adi hal alıb. Qarşılıqlı etimadın kölgəsi yoxdur. Müxalifətdə 1918-ci ildən 1921-ci ilə qədər ömrü çox az olan, sonra Sovet İttifaqı tərəfindən mənimsənilən müasir dövrün ilk müstəqil Gürcüstan dövlətinin taleyi ilə bağlı ağrılı xatirələr qalıb. Müxalifət indi ehtiyat edir ki, “Gürcü arzusu” hakimiyyəti əlində saxlayarsa, ölkə tamamilə Rusiyanın təsiri altına düşəcək, nəticədə öz qiymətli və kövrək demokratiyasını, vətəndaş azadlıqlarını itirəcək.

Şübhəsiz, bu nəticə Qərbin maraqlarına və nüfuzuna ağrılı zərbə olacaq. ABŞ və onun Avropadakı müttəfiqləri Gürcüstanın müstəqilliyini dəstəkləyirlər. Aİ hətta ona namizəd üzvlük statusu da verdi, baxmayaraq ki, “Gürcü arzusu” hökumətinin demokratiyadan geri çəkilməsi və hökumətin Rusiyanın qucağına girməsi səbəbindən proses dayanıb.

Rusiyanın Gürcüstandakı rolu

Moskva isə öz növbəsində Gürcüstanı postsovet sərhədlərində özünün qanuni təsir dairəsinin bir hissəsi hesab etməkdə davam edir. “Ruslar heç vaxt Gürcüstanı tərk etməyiblər, hətta fikirlərində belə”, - Tiflisdəki qərbli müşahidəçilərdən biri deyir.

2008-ci ildəki avqust müharibəsində Rusiya faktiki olaraq Gürcüstanın iki regionunu - Abxaziya və Cənubi Osetiyanı Tiflisin əlindən aldı və indi orada Rusiyanın 10 minə yaxın əsgər və təhlükəsizlik əməkdaşı-agenti var. Cənubi Osetiya Tiflisdən avtomobillə cəmi bir saatlıq məsafədədir. Hazırda Rusiyanın Gürcüstana hərbi müdaxiləsinin üzdə heç bir əlaməti yoxdur. Bununla belə, sözsüz ki, Tiflisdə qərbyönlü komanda hakimiyyətə gələcəyi təqdirdə Kremlin seçkinin nəticələrini qərəzsiz qəbul edəcəyini düşünmək olmaz. Hərçənd, “Gürüc arzusu”nun ölkənin iplərini əlində aldığı şəraitdə bunu təsəvvür etmək çətindir.

Vaşinqtondakı “Yeni Amerika Təhlükəsizliyi Mərkəzi” üçün yazdıqları məqalədə Nikolas Loker və Andrea Kendall-Taylor belə qeyd edirlər: “Gürcüstan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra bəlkə də ən çox indi rusiyapərəst hökumət özünə tam yer edib və bəzi hallarda “Gürcü arzusu” Moskvanın demokratiyanı sarsıtmaq cəhdlərində Putinin metodları üzrə hərəkət edir. Moskvanın başlıca məqsədi - rusiyayönlü qüvvələrin qalcılığını, sabitliyini təmin etməkdir, xüsusən də partiyanın qurucusu və faktiki lideri Bidzina İvanişvilinin”.

**

Demokratiyadakı uğursuzluqlar

Bununla belə, bu seçkiləri despotizmlə azadlıq arasında və ya Rusiya ilə Qərb arasında birbaşa rəqabət kimi qələmə vermək Gürcüstanın son 30 ildəki siyasi trayektoriyasının əsas xüsusiyyətlərini gözdən qaçırmaq deməkdir. “Stokholm Şərqi Avropa Araşdırmaları Mərkəzi” üçün şərhində Markus Qreyş “gülləni quşun gözündən vurur”. O, müstəqillik əldə etdikdən sonra Gürcüstanı təqib edən üç uzunmüddətli problemi müəyyənləşdirib: “Birinci problem dərin siyasi və sosial uçurumdur. İkincisi, bütün Gürcüstan hökumətlərinin gec-tez avtoritarizmə düşməsidir. Üçüncüsü, xalqın paradoksal olaraq həm Aİ-ni, həm də “Gürcü arzusu”nu eyni zamanda dəstəkləməsidir. Bu, Qərb liderlərini məyus edir və gürcülərin Aİ üzvlüyünün nə ilə nəticələnəcəyini yaxşı başa düşüb-düşməməsinə şübhə yaradır”.

1991-ci ildən bəri milli müstəqilliyin müdafiəçiləri və siyasi azadlığın müdafiəçiləri kimi fəaliyyətə başlayan bütün hökumətlər gec-tez korrupsiya və qanunun aliliyindən sui-istifadə ilə çirklənmiş avtokratiyanın dərin qüsurlu formalarına düşdülər. Bu, Gürcüstanın ilk post-kommunist prezidenti Zviad Qamsaxurdiyaya, bir vaxtlar Qərbdə Mixail Qorbaçovun dövründə SSRİ-nin uzaqgörən xarici işlər naziri kimi hörmət edilən Eduard Şevardnadzeyə, indi “dictator” kimi təlqin edilən islahatçı Mixail Saakaşviliyə, son olaraq isə Bidzina İvanişviliyə aiddir.

Müxalifətin zəif tərəfləri

“Saakaşvili dövrünün irsi Gürcüstanın dörd əsas müxalifət partiyası üçün ciddi problemdir”, deyə gürcü politoloq Bidzina Lebanidze izah edir. “Həm “Gürcü arzusu”nun, həm də müxalifətin əhalinin əksəriyyəti ilə əlaqəsi kəsilib və insanlar özlərini siyasi proseslərdən uzaq hiss edirlər”, - Lebanidze izah edir. Oxşar arqumentləri “Avropa Siyasət Təhlili Mərkəzi” üçün yazan Beka Çedia da deyir:

"Müxalifətin parçalanma ilə yanaşı, kimlik və özünüdərk problemi də var. Seçicilər üçün kiçik partiyalardan hansının hansı alyansın üzvü olduğunu və seçicilərə nə vəd etdiyini anlaması çətindir”, - deyə Çedia yazır.

Çedia, “Tiflisdə bir bitərəf analitik mənə dedi”, deyə yazır: "Qarşıdan gələn seçkilərə qərbyönlü və rusiyayönlü qüvvələrin qarşıdurması kimi baxmaq kifayət deyil. Paytaxtdan uzaqda yerləşən əyalətlərdə seçicilər də bunu bir növ Saakaşvili ilə İvanişvili arasında döyüş hesab edirlər. Başqa sözlə, Gürcüstan siyasətinin avtokratların arenası kimi imici qalmaqdadır”, - o, vurğulayıb.

Azad seçki şansları azdır

Sözsüz ki, Azərbaycana uzanan pəncələri kəsilməyən Rusiyanın diqtəsi ilə ölkəmizdə saxtakarlığın şah əsəri kimi ərsəyə gələn saxta seçkilərin bir versiyası da Gürcüstanda səhnəyə qoyulacaq. Çünki haraya çürük və vəhşi rus nəfəsi dəyirsə, nəticəni əvvəlcədən təxmin etmək olar.  

Gürcüstanda seçkilərlə bağlı ictimai rəy sorğuları ilə bağlı müstəqil ekspertlərdən birinin fikrincə, “Gürcü arzusu”nun şəxsi sorğusu onun 40%-dən çox səs toplamaq üçün mübarizə aparacağını göstərib. Lakin fakt budur ki, proporsional seçki sistemi ilə “Gürcü arzusu” hətta 37-38 faiz səslə də parlamentdəki yerlərin yarısından bir qədər çoxunu ala bilir. Əgər bir və ya bir neçə müxalifət partiyası beş faizlik baryeri keçməsəydi, hakim partiyaya çox faydalı olardı. “Gürcü arzusu”nun ölkənin seçki komissiyalarına təsirini, məhkəmə sisteminə nəzarəti, seçicilərin rüşvətxorluğunu və müxalifət fəallarının qorxudulmasını nəzərə alsaq, partiyanın qələbəsini təmin etmək üçün hansı oyunlara gedəcəyini təsəvvür etmək çətin deyil.

Gürcüstanın keçmiş səfiri və milli təhlükəsizlik üzrə mütəxəssis Şota Guineria deyib ki, “Rejim, dəstək müqabilində insanlara əfv, həbsdən vaxtından əvvəl azad edilmə və cərimələrin bağışlanması kimi imtiyazlar təklif etməklə seçicilərə təsir etmək üçün sistemli şəkildə dövlət resurslarından istifadə edib”.

Mərkəzi Seçki Komissiyasının və onun regional idarələrinin “öz əlaltıları” ilə doldurulması, seçici siyahılarının manipulyasiyası və bülletenlərin saxtalaşdırılması Gürcüstanda demokratik proseslərin və seçkilərin bütövlüyünü ciddi şəkildə pozub.

Mümkün nəticələr

Seçkilərin mümkün nəticələrinin siyahısında yaxşıdan ən dəhşətlisinə qədər bütün spektr var.

Gürcüstanda Polşa ssenarisi ən az ehtimaldır. Bir il əvvəl Varşavada mühafizəkarların və millətçilərin qeyri-liberal hökuməti keçmiş baş nazir Donald Tuskun rəhbərlik etdiyi müxalifətə seçkilərdə məğlub olmuşdu. Bəzi çətinliklərə baxmayaraq, Tusk və müttəfiqləri sülh yolu ilə vəzifələrinə qayıda bildilər. Gürcüstanda belə nəticə çətin görünür. Hakim partiya öz mövqeyindən əl çəkmək fikrində deyil, o dövlət hakimiyyətinin demək olar ki, bütün rıçaqlarını öz əlində cəmləyib və saxtakarlıq üçün bütün imkanlara malikdir. Spektrin əks ucunda Belarus ssenarisi var. 2020-ci ildə Minsk diktatoru Aleksandr Lukaşenkonun açıq-aşkar saxta prezident seçkilərində qalib gəldiyini bəyan etməsindən sonra kütləvi etirazlar başladı. Amma Lukaşenko rejimi nümayişçilərlə uğurla mübarizə apardı və bu gün Belarus da Putinin Rusiyası qədər “buxovlar içində azaddır”.

Üçüncü variant - serb ssenarisidir. Prezident Aleksandar Vucic və onun hakim partiyası Serbiyada keçirilən seçkilərdə müntəzəm olaraq qalib gəlir. Serbiya seçkilərini tam azad və ədalətli adlandırmaq olmaz, lakin Qərb hər zaman özünü yalnız Vuçiçi danlamaqla məhdudlaşdırır, çünki əsas məqsədi Serbiya ilə işgüzar münasibətləri saxlamaqda görür.

Qeyri-sabitlik və ya zorakılıq riski

Əgər “Gürcü arzusu” seçkilərdə vicdansızlıqla qalib gəlsə və ya uduzsa, lakin məğlubiyyətini etiraf etməkdən boyun qaçırsa, hakimiyyətə qarşı küçə etirazları mümkündür. Post-kommunist Gürcüstanın tarixi sürprizlərlə doludur. 2003-cü ildə korrupsiya və saxta seçkilərlə bağlı ictimai qəzəb o vaxtkı prezident Şevardnadzeni devirən nümayişlərə səbəb oldu. Şevardnadze istefa verməklə hadisələrin daha sonra adlandırılacağı kimi “Qızılgül İnqilabı”nın əsasən dinc şəraitdə baş tutmasını təmin etdi. Oktyabrın 26-dan sonra da eyni şey ola bilərmi? Temperament və motivasiya baxımından İvanişvili Şevardnadzedən çox fərqlənir. O, Rusiyada var-dövlət qazanan milyarderdir və Kreml onu açıq şəkildə dəstəkləyir. Seçkinin nəticəsi mübahisəli olsa, ABŞ və Avropa 2014-cü ildə Ukrayna Maydan inqilabı zamanı olduğu kimi, vasitəçilik rolunu oynamaq üçün müdaxilə edəcəklər.

Lakin bu hakimiyyət dəyişikliyi Ukraynanın yeni hökuməti və onun qərbli dostlarına baha başa gəldi - Rusiya Krımı ilhaq etdi, Donbassda separatçı üsyanı qızışdırdı və 2022-ci ildə ölkəyə qoşun yeritdi. Gürcüstan üçün bu versiyanın fərqli olacağı gözlənilmir. Amma bir tərəfdən də onsuz Rusiya Abxaziya və Cənubi Osetiyanı çoxdan ilhaq edib, hətta Cənubi Osetiyada Rusiya hərbi bazaları üçün torpaq verilməsi məsələsi gündəmdədir. Bir tərəfədn isə Abxaziya XİN Gürcüstanla danışıqlardan danışıb. Belə ki, oktyabrın 9-da Abxaziyanın XİN-də Transqafqazda təhlükəsizlik və sabitlik üzrə Beynəlxalq Cenevrə Müzakirələrinin həmsədrləri ilə görüş keçirilib. Danışıqlardan sonra Abxaziyanın xarici işlər nazirinin müavini Odissey Biqvava bəyan edib ki, Abxaziya ilə Gürcüstan arasında “güc tətbiq etməmək” haqqında sənədin razılaşdırılması və imzalanması Cenevrədə Transqafqazda təhlükəsizlik və sabitlik müzakirələrində əsas məsələyə çevrilməlidir. Bu məsələ ilə bağlı danışıqların növbəti raundu bu il noyabrın 5-dən 6-dək keçiriləcək. Məgər “güc tətbiq etməmək” haqda sənəd Tilflis ilə Suxumunin bərabərhüquqlu tərəflər səviyyəsinə gətirilməsinin etirafı deyil? Həm də bu müzakirə seçkilərdən sonraya salınıb ki, gürcü seçicilər üçün “yuxudan ayıldıcı şok effekti” rolu oynamasın.

Beləlikə, Gürcüstanın taleyi həll olunur. Qarşıda iki yol var: ya Kremlin pəncələrinin məngənəsində əsirlik, ya da gürcülərin Rusiyadan canını qurtararaq şəffaf seçkilərlə azadlığa qovuşması.

Ülviyyə ŞÜKÜROVA