Pərvanə Baxşəliyeva: “Dövlət istəsə bu sahəyə diqqət ayırıb, ölkədə narkomaniyanı, narkotik ticarətini sıfırlaya bilər”
“Bu gün narkotiki sosial şəbəkələrdə, gözəllik salonlarında, yəni çox əlçatan yerlərdə satırlar”
"Əvvəllər narkotik xaricdən gətirilirdi, daha baha idi, yəni hər kəs üçün əlçatan deyildi. Əsasən imkanlı, “elit təbəqə”nin uşaqları narkotik istifadə edirdi. Lakin bu gün narkotikin xaricdən gətirilməsini bir kənara qoyaq, artıq ölkəmizdə də hazırlanır ".
Bunu Stopnarkotik.az saytına açıqlamasında klinik psixoloq, təlimçi Pərvanə Baxşəliyeva bildirib. O deyir ki, hazırda narkomaniyanın geniş yayılmasının səbəblərindən biri narkotikin əlçatan olmasıdır: “İndi onun materialları, hazırlayan insanlar tapılır, keyfiyyətsiz formada da olsa istehsal edilir və çox ucuz qiymətə satılır. Bu səbəbdən də narkotik indi hər kəs üçün əlçatandır. Düşünün, bir şeyin ki, qiyməti 10 manatdır, deməli, onu əldə etmək elə də çətin deyil. Yəni hər kəs, ən aşağı təbəqənin insanı belə, bu məbləği ödəyib, istifadə edə bilir. Odur ki, ilk növbədə bu şeylərin qarşısı alınmalıdır, bu tip insanların fəaliyyəti dayandırılmalıdır.
Təəssüflər olsun ki, indi narkotikin satışı da geniş yayılıb. Əvvəllər onu hansısa insanlar vasitəsilə ələ etmək olurdu. Bu gün artıq sosial şəbəkələrdə, gözəllik salonlarında, yəni çox əlçatan yerlərdə satırlar. Düşünürəm ki, bu sahədə dövlət daha ciddi tədbir görməlidir. Yəni dövlət istəsə bu sahəyə diqqət, zaman ayırıb, qarşısını alar və ölkədə narkomaniyanı, narkotik ticarətini sıfırlaya bilər.
Əlbəttə, narkotikin satışını önləmək elə də asan məsələ deyil. Dövlət buna dəstək olmasa, fəsadları çox olacaq. Bilirsiniz, biz cəmiyyət olaraq hansı psixologiyaya sahibik: bir şeyə daha çox maraq, diqqət olarsa, o şeyin satışı, təbliği daha da artır. Bizim cəmiyyətdə insanlar o düşüncəyə sahibdir. Maraq o şeyin təbliğatını artırır. Bizdə narkotikə maraq göstərən yeniyetmə və gənclər ki var, bax, onları yetişdirməli, elə vəziyyətə gətirməliyik ki, bu şeyə maraqları azalsın. Beləliklə də, cəmiyyətdə narkotikə təlabat azalacaq.
Hamımız yaxşı bilirik ki, təlabat istehsal gətirir. Nəyə çox təlabat varsa, o istehsal olunur, satışı çoxalır. Tələb, maraq olmasa narkotikin satışı da azalar. Ona görə, biz ilk növbədə gənclərimizi yetişdirməliyik. Bu gün üçün əlimizdən o gələ bilər ki, yeniyetmə və gənclərimiz arasında maarifləndirmə aparaq, sağlam nəsil yetişdirək, onlar öz hürr iradələri ilə zərərli vərdişlərdən uzaq durmağı bacarsın. O zaman narkotikə də maraq olmayacaq, satışı azalacaq”.
Klinik psixoloq vurğuladı ki, narkomaniyanın yayılması cəmiyyətdə cinayətkarlığın artmasına da ciddi təsir göstərir: “Bilirsiniz ki, son illər ölkəmizdə ailə-məişət zəmnində cinayət hadisələrinin də sayı artıb. Bu da bizə digər ölkələrdən keçən bir şeydir. Artıq bu kimi cinayət hadisələri sanki “normallaşıb”, mən təəssüf hissi ilə deyirəm. Əlbəttə, bunlar arasında narkotik üstündə cinayətlərin sayı da az deyil. Doğrudur, deməzdim ki, birinci yerdə durur, amma narkotiklə əlaqədar cinayət faktların sayında artım müşahidə edildiyi danılmazdır. Xüsusilə də, ailə-məişət zəmnində olan cinayət faktlarının sayının artması daha çox narahatedicidir”.
Pərvanə Baxşəliyeva deyir ki, ölkəmizdə narkomaniyanın yayılmasının qarşısını almaq, yeniyetmə və gənclərimizi narkomaniyadan qorumaq üçün istər valideynlər, istər də yeniyetmələr arasında maarifləndirmə işləri gücləndirilməlidir: “Universitetlərdə, məktəblərdə tez-tez tədbirlər keçirilməlidir. Eyni zamanda, gənclərin ən çox cəlb olunduğu sahələrdə, bütün mədəniyyət qurumlarında vaxtaşırı maarifləndirmə işləri aparılmalıdır. Ancaq bu şəkildə həm valideynlər, həm də yeniyetmə və gənclər arasında maarifləndirmə işləri genişləndirilə bilər”.
Klinik psixoloq hesab edir ki, televiziyalar və media subyektləri ilə yanaşı, sosial şəbəkələr də bu istiqamətdə nəzarətə götürməlidir: “Hətta, sosial şəbəkələr yeniyetmələrin, gənclərin ən çox istifadə etdiyi platforma olduğu üçün maarifləndirmə işləri ordan genişləndirilməlidir".
Pərvanə Baxşəliyeva qeyd etdi ki, narkomaniyaya qarşı mübarizədə cəzaların sərtləşdirilməsi bəzi hallarda istənilən effekti vermir: “Təəssüflər olsun ki, narkotiklə, narkomaniya ilə bağlı cəza tədbirləri nə qədər sərtləşdirilsə də, bunun qarşısı alınmır. Tutaq ki, 4 nəfər arasında siqaretin təbliğatı aparılır. O 4 nəfərin hamısı siqaretdən imtina etməyəcək. Təbii ki, söhbət yeniyetmələrdən gedir. Hansı uşağın ki, psixologiyası güclüdür, maarifləndirilib, daha sağlam düşüncəyə sahibdir, həmin uşaq ondan imtina etməyi də biləcək. Hətta siqaretin qəbul olunması üçün digər fərdlər tərəfindən psixoloji şiddətə məruz qalmayacaq, bunun qarşısını ala biləcək.
Düşünürəm ki, kifayət qədər cəza üsulları var. Əgər indiyədək bunun qarşısını almayıbsa, əksinə, günbəgün bu işlər artıbsa, deməli, biz sağlam gənclər, sağlam yeniyetmələr böyütməliyik ki, özləri bu cür zərərli vərdişlərlə mübarizəni öyrənsinlər”.
Pərvanə Baxşəliyeva onu da dedi ki, ki, narkomaniyaya qarşı mübarizədə nüfuzlu insanların da dəstəyindən yararlanmaq lazımdır: “Bir çox tanınmış insan var ki, onları böyük izləyici kütləsi var. Onları da bu işə qoşmaq olar. Həmin şəxslər sağlam şəkildə narkotikin zərərləri, insan həyatına, beyinə necə təsir etməsi haqda təbliğat apara bilərlər. Çünki tanınmış insanların kütlə üzərində təsiri böyükdür. Bu səbəbdən, onların təbliğatının çox müsbət təsiri ola bilər”.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Stopnarkotik.az