BAYDEN GEDƏN ƏRƏFƏDƏ ANKARAYA JEST ETDİ - Türkiyənin adı oradan çıxarıldı

ABŞ 2019-cu ildə “Barış Pınarı Hərəkatı”nın ardından Türkiyəyə qarşı haqsız tətbiq edilən sanksiyaları aradan qaldırıb.

Bu barədə bir neçə günə hakimiyyəti Donald Trampa təhvil verməyə hazırlaşan ABŞ Prezidenti Co Bayden Suriya ilə bağlı cari vəziyyətə dair əlavə düzəlişlərin yer aldığı 14142 saylı yeni fərman imzalayıb. 14 oktyabr 2019-cu ildə o dövrdəki prezident Donald Trampın imzası ilə yayımlanan 13894 saylı fərman yenilənib və əvvəlki mətndə Türkiyə ilə bağlı müəddalar oradan çıxarılıb.

Baydenin bu addımı, bunu uzun zamandır tələb edən Ankara üçün hüquqi baxımdan mühüm nailiyyət kimi qiymətləndirilib.

Konqresə göndərdiyi bildirişdə Bayden Suriya ilə bağlı vəziyyətin 2019-cu ildən bəri ciddi şəkildə dəyişdiyini və həmin fərmanda qeyd olunan Türkiyənin hərbi əməliyyatı ilə bağlı gündəmin geridə qaldığını vurğulayaraq aşağıdakı fikirləri bildirib:“Bu fərman 13894 saylı prezident fərmanında istinad edilən bəzi əməliyyatların 5 il əvvəl başa çatmış olduğunu nəzərə alaraq, həmin fərmanda minimum dəyişikliklər edir. Xüsusilə, yenilənmiş fərman çərçivəsində ABŞ Suriyada sülh və təhlükəsizliyi, sabitliyi və ya ərazi bütövlüyünü təhdid edən, ciddi insan hüquqları pozuntularına səbəb olan və ya belə fəaliyyətlərə bilavasitə və ya dolayısı ilə iştirak edən şəxslərə qarşı sanksiyalar tətbiq etmək hüququnu qoruyur”.

Türkiyə KİV-ləri yazır ki, Baydenin yeni fərmanı ilə ABŞ, Suriya ilə bağlı siyasət qərarlarını cari şərtlərə uyğun olaraq yenidən tənzimlədi və Suriyada sülh, təhlükəsizlik, sabitlik və ərazi bütövlüyünü təhdid edən şəxslərə sanksiya tətbiq etmək hüququnu saxladığını qeyd etdi.

Qeyd edək ki, o dövrdə ABŞ prezidenti Trampın imzası ilə 14 oktyabr 2019-cu ildə yayımlanan prezident fərmanında Türkiyənin Suriyaya yönəlmiş “Barış Pınarı Hərəkatı”na görə sanksiyalar nəzərdə tutulmuşdu.

Bu çərçivədə ABŞ rəhbərliyi Türkiyənin Milli Müdafiə Nazirliyi, Enerji və Təbii Sərvətlər Nazirliyi, Milli Müdafiə Naziri Hulusi Akar, Enerji və Təbii Sərvətlər Naziri Fatih Dönmez və Daxili İşlər Naziri Süleyman Soyluya qarşı sanksiya qərarı almışdı. Hərəkatın başa çatmasının ardından Tramp, 23 oktyabr 2019-cu ildə bu sanksiyaların ləğv edilməsini tapşırmışdı./azpolitika.info