Ukraynaya qarşı işğalçılıq müharibəsinin başlanmasında və bu ölkənin hazırda düşdüyü ağır durumda yola salınan Bayden administrasiyasının apardığı qorxaq, ikiüzlü və riyakar siyasətin oynadığı rol danılmazdır.
Ukraynaya hərbi yardımın “dozalarla” verilməsi, bir neçə ay ümumiyyətlə verilməməsi, əsas qərarların verilməsində göstərilən qətiyyətsizlik, Kremllə aparılan ikibaşlı oyunlar və s. Bayden aministrasiyasının Ukrayna siyasətinin əsas elementləri oldu və bu gün gözlənilən danışıqlarda Ukraynanın zəif mövqedən çıxış etməsinə şərait yaratdı. Bu siyasətin aparıcı simalarından biri isə sözsüz ki, ABŞ Dövlət Departementinin artıq sabiq başçısı Entoni Blinken oldu.
ABŞ-nin xarici siyasətinə görə prezidentdən sonra əsas cavabdeh olan bu şəxs Cənubi Qafqaz regionu da daxil olmaqla, ikili standartlara söykənən, daha çox sülhə yox, münaqişələrin qızışdırlmasına gətirib çıxaran yarıtmaz və yaramaz siyasətilə tanındı.
Onun bu “bacarığı” Ukraynada bu gün yaranmış durumda da öz “sözünü” deyib. Ötən gün “The New York Times” qəzetində dərc olunan məqalə bunu bir daha təsdiqləyir. Qəzet öz mənbələrinə istinadla maraqlı məlumat paylaşıb. Məlum olur ki, 2022-ci ilin sonunda, yəni, Ukraynanın uğurlu əks-hücumu və Xarkov vilayətinin böyük hissəsinin azad edilməsindən, eləcə də rusların Xersondan sıxışdırılmasından sonra ABŞ Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli Kiyevə cəbhədəki uğurlarından istifadə edərək Moskva ilə danışıqlar aparmağı təklif edib. Lakin Dövlət katibi Entoni Blinken qətiyyətlə buna qarşı çıxıb. Qeyd olunur ki, Blinken bu zaman Ukraynanın strateji maraqlarından deyil, ABŞ administrasiyasının çirkin şəxsi maraqlarından çıxış edib. Belə ki, bundan öncə Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra ABŞ cəmiyyəti, eləcə də respublikaçılar bunu böyük fiasko, biabırçılıq kimi qəbul edərək Blinkenin istefasını tələb ediblər. Blinken isə bunun əvəzini Ukraynada, Ukrayna dövlətinin və xalqının itkiləri, əzabları hesabına çıxmaq istəyib. Qəzet yazır ki, buna görə də müharibənin başlanğıcında, xüsusilə də rus qoşunlarının Kiyev ətrafından, Xarkov və Xersondan qovulmasından sonra onun “uğur saatı” yetrişib: “Putin hələ Ukraynaya qarşı hücuma hazırlaşarkən Blinken Berlində çıxış edərək, prezidentlər Con Kennedi və Ronald Reyqanın sovet hakimiyyəti qarşısında necə dayandıqlarını xatırladıb və Birləşmiş Ştatların beynəlxalq sülh və təhlükəsizliyin rəhbər prinsiplərini bir daha müdafiə edəcəyini bəyan edib. Blinken ukraynalılara silah yardımı etməyə və ya Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə razılaşan 50-yə yaxın ölkədən ibarət koalisiya yaradaraq, müttəfiqləri və tərəfdaşları Ukraynanı dəstəkləməyə fəal şəkildə çağırıb”.
Nəşr qeyd edir ki, bununla yanaşı, Blinken Rusiya və Ukraynanın danışıqlara o qədər də meylli olmamasından istifadə edərək, münaqişənin bitməsinə deyil, uzanmasına yönələn addımlara üstünlük verib. Lakin Ukraynanı lazımi qədər silah-sursatla və iqtisadi yardımla təmin etməli olan ABŞ administrasiyası bunun əksini etməklə məşğul oldu. Qəzet qeyd edir ki, Blinken həmin aralarda özünü “sülhməramlı yox, hərbi strateq kimi apardı”. Qəzetin yazdığı kimi, nəticədə 2022-ci ilin sonunda general Mark Milli Ukrayna tərəfinə döyüş meydanındakı qələbələrindən istifadə edib, sərfəli sülh danışıqlarına başlamağı təklif edəndə, Blinken mübarizənin davam etdirilməsində israr etdi.
Blinkenin əsas fiqur olduğu ABŞ-nin Ukrayna siyasətinin əsas çirkinliyi də elə bundadır. Bir tərəfdən Ukraynanın ən uyğun və üstün şərtlərlə danışıqlara girməsini əngəlləmək, digər tərəfdən isə ona hərbi yardımı azaltmaq və təxminən 6 ay müddətində ümumiyyətlə dayandırmaq. Məlum olduğu kimi, məhz hərbi yardımın bir neçə ay dayandırılması nəticəsində Ukrayna cəbhədəki üstün mövqelərini itirməyə başladı, onun böyük əks-hücumu uğursuzluğa düçar oldu və Rusiya tədricən üstünlüyü ələ aldı. İndi isə Ukrayna 2022-ci ilin sonu ilə müqayisədə olduqca əlverişsiz mövqedədir və danışıqlara məcbur edilir. Həmin vaxtdan ötən iki ildən artıq zamanda isə işğala məruz qalan bu ölkə böyük sayda canlı qüvvə, peşəkar hərbçilərini və cəmiyyətin dayanıqlığını itirdi, vəziyyəti daha da pisləşdi.
Əlbəttə ki, zaman keçdikcə bütün gizlinlər aşkar olacaq və Bayden, Blinken kimi ikiüzlü, qorxaq və riyakar siyasətçilərin Ukraynada və dünyanın digər regionlarında yürütdükləri çirkin siyasətin detalları, məqsədləri daha çox aydınlaşacaq./azpolitika.info