Yaxın vaxtlarda Ukraynada müharibənin dayandırılması ilə bağlı yekun qərarın veriləcəyini gözləməyə dəyməz. Bununla belə, atəşkəs razılaşması mümkündür və bu, güclü mövqeyə malik olmaqla əldə edilməlidir.
Bunu ABŞ Dövlət katibi Entoni Blinken Amerika diplomatiyasının rəhbəri vəzifəsinin başa çatması münasibətilə “The New Yorker Radio Hour”a müsahibəsində deyib.
Blinkenin fikrincə, Ukraynada sülhə güc mövqeyindən - əvvəlcə Putinlə güclü çəkindirici vasitə kimi atəşkəs barədə razılıq əldə etməklə, sonra isə ələ keçirilən ərazilərin statusunu həll etməklə nail olmaq lazımdır: “Beləliklə, bu (razılığa nail olmaq – red.) güc mövqeyindən baş verməlidir, lakin kritik dərəcədə vacib olan bir şey də var. Həll yolu deyəndə, əslində, atəşkəsi nəzərdə tuturam, çünki yaxın vaxtlarda yekun həll olmayacaq. Bu o deməkdir ki, etibarlı bir çəkindirici qüvvə olmalıdır, çünki Putin istirahət etmək, yenidən silahlanmaq və nəhayət, yenidən hücum etmək üçün istənilən atəşkəsdən istifadə edəcək".
O əlavə edib ki, hazırda Rusiyanın nəzarətində olan ərazilərin statusu məsələsi “çox güman ki, uzun müddət həll olunmayacaq”.
Eyni zamanda, Dövlət Departamentinin hazırkı rəhbəri Prezident Volodimir Zelenskinin öz siyasətində Ukrayna xalqının əqidəsini əks etdirəcəyinə əmin olduğunu bildirib.
Xatırladaq ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp öncə müharibəni 24 saata başa çatdıracağını desə də, artıq bunun xeyli vaxt tələb etdiyini etitaf edib və məsələnin yaxın 6 ayda həll edilə biləcəyini deyib. Onun məsləhətçiləri də indi etiraf edirlər ki, müharibənin həlli bir neçə ay və ya daha çox vaxt aparacaq./azpolitika.info