Gimnastlara qarşı zorakılıqda ittiham olunan Mariana Vasileva nazir müavini vəzifəsindən azad edildi

Gənclər və idman nazirinin müavinlərindən biri vəzifəsindən azad olunub.

Stopnarkotik.az apa-a istinadən xəbər verir ki, Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib.

Xatırladaq ki, ötən ayın sonunda Gimnastika Etikası Fondunun (GEF) İntizam Komissiyası Bədii Gimnastika üzrə Azərbaycan Milli Komandasının sabiq baş məşqçisi, hazırkı baş məşqçi, məşqçi və Azərbaycan Gimnastika Federasiyasına (AGF) sanksiya tətbiq edib.

GEF-in mətbuat xidməti məlumat yayıb ki, 2023-cü ildə gimnastlara qarşı AGF tərəfindən fiziki və psixoloji zorakılıq iddiası ilə ittiham irəli sürülüb. Bədii gimnastika üzrə Azərbaycan milli komandasının keçmiş baş məşqçisi, hazırda Azərbaycan gənclər və idman nazirinin müavini Mariana Vasileva 8 il müddətinə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsi altında keçirilən istənilən tədbirdən kənarlaşdırılıb. Ona ömürlük hər hansı federasiyada baş məşqçi vəzifəsi tutmaq qadağan edilib.