KREML ÜÇÜN TRAMP MÜƏMMASI... - Yeni prezident Rusiyaya nə vəd edir?

ABŞ Prezidenti Donald Tramp səlahiyyətlərinin icrasına, gözlənildiyi kimi, radikal qərarlar verməklə başladı. Trampın dünyanın mövcud siyasi sistemində dönüşə səbəb ola biləcək addımları nə zaman atacağı isə irəlidəki günlərdə bəlli olacaq.

Məlumdur ki, dünyada bir çox qanlı münaqişə ocaqları var və həmin toqquşmalar içərisində Rusiya-Ukrayna müharibəsi Tampın gündəmində xüsusi önəm daşıyacaq. 

O, Vladimir Putinlə görüşəcəyini vurğulayaraq deyib: ”Zelenski razılıq əldə etmək istəyir. Mən bilmirəm, Putin bunu istəyir, ya yox. O, sövdələşməyə getməlidir. Mən düşünürəm ki, o, razılaşmaya getməməklə Rusiyanı məhv edir... Putinin işləri yaxşı getmir və bu, onu sevindirə bilməz”.

Trampın bu sözlərindən belə anlaşılır ki, əgər Putin müharibəni dayandırmazsa və sülh müqaviləsinə razılaşmazsa, məğlub olacaq və nəticədə Rusiyanın dağılması prosesi başlayacaq. Tramp dolayı yolla eyham vurur ki, baxın, Rusiyanın vəziyyəti yaxşı deyil və Putin çətin durumdadır, danışıqlarda mən deyən olmasa, rusların işi şuluqdur...

Deməli, Rusiya Prezidenti gerçəkliyi görməzdən gəlib illüziya qurarsa və ya mənasız blefləri davam etdirərsə, ABŞ Ukraynanı lazımi silahlarla təchiz etməklə yanaşı, həm də Rusiyanı ağır sanksiyalar ilğəyində boğacaq. Tramp inauqurasiyadan sonrakı açıqlamalarında bununla bağlı suala cavab verərkən bu ssenarini istisna etmədiyini açıq deyib.

Ukraynanın qalib gəlməsi üçün Bayden administrasiyasının gərəkən addımları atmadığını ABŞ-də yaxşı bilirlər. Qəribədir ki, Rusiya hakimiyyəti hələ də ultimativ dillə danışır və Ukraynadan Donetsk, Luqansk, Zaporojye, Xerson vilayətlərini, Krım yarımadasını istəyir, NATO-dan imtina etməsini, yalnız yüngül silahlarla silahlanmış 85 min nəfərlik ordu saxlamasını tələb edir. Bəlkə də ruslar işğal etdikləri əraziləri özlərində saxlamaq üçün bu cür sərt və qəbuledilməz şərtlər irəli sürürlər ki, sonradan hansısa xırda güzəştlərə getsinlər.

Təsəvvür edək ki, Putin atəşkəsə razılaşmadı və müharibə uzandı. O zaman nələr baş verəcək? Hesab edək ki, ruslar Ukraynada bir qədər də torpaq işğal etdilər və tutduqları şəhərləri viran qoydular, ukraynalılar isə canlı qüvvə itirsələr də ordularının döyüş qabiliyyətini qoruyub saxalya bildi. Nəticədə Kreml nə qazancaq ? Rusların canlı qüvvəsi tükənməzdirmi? Yoxsa, onların iqtisadiyyatı müharibənin yükünü daha üç il də çəkə bilər? Bəlkə, Çin Rusiyaya dəstəyə gələcək?

Rusiya hər gün 1000 nəfərdən artıq ölü və yaralı olaraq itki verir. Muzdlu əsgərlərin sayı qətiyyən tükənməz deyil və bu günə kimi Rusiya azı 800 mindən artıq əsgər itirib. Rusiyanın militarist iqtisadiyyatı mülki iqtisadiyyatı gec-tez iflic edəcək. Çinin Rusiyanı şəksiz dəstəkləyəcəyi isə Moskvanın uydurmasıdır. Hələ üstəlik, görəsən Trampın Baydendən fərqli olaraq, sanksiyaları dekorasiya üçün yox, öz təyinatına görə istifadə etməsindən sonra nələrin yaşanacağını Kremldə fikirləşirlərmi?

Rusiyanın müharibə strategiyası bəllidir: Sürünərək ərazi işğal etməklə rəqibini taqətdən salmaq. Bayden zamanı bu strategiya bəlkə də işə yarayardı, ancaq indi mahiyyət baxımından yeni mərhələyə qədəm qoyulur və şübhəsiz ki, şərtlər də fərqli olacaq. Kremldə düşünürlər ki, ABŞ-dəki “Dərin dövlət” müharibənin uzanmasını və Rusiyanın üstünlük qazanmasını istəyir, öz növbəsində Tramp da ümumi sxemdən kənara çıxmayacaq. Ona görə də bu strategiyanı davam etdirməyi vacib sayırlar.

Bəlkə, Kreml ilə ABŞ arasında hansısa gizli əlaqələr var və ona görə onlar bu cür arxayın danışırlar? Əlbəttə, o da ola bilər ki, rusları anlamadıqları oyunun içinə salıb, tarixin kandarına itələsinlər. SSRİ kimi nəhəngin məhz bu cür “böyrü üstə qoyulmasını” unutmayaq...

Hazırda müharibə ilə bağlı Rusiyanın qarşısında duran iki böyük problem var. Birincisi, sanksiyalardır. İkincisi isə Qərbin Ukraynaya göstərdiyi hərbi və maliyyə yardımlarıdır. İş ondadır ki, Qərb tərəfindən bunların hər ikisi lazım olandan aşağı səviyyədə yerinə yetirilib.

Son günlər Rusiya neftinin xaricə daşınmasında iştirak edən “kölgə tankerlər”ə tətbiq edilən sanksiyalar barəsində danışılır. Ümumiyyətlə, Rusiya neftini daşıya biləcək bu cür gəmilərin sayı 800-ə yaxındır. ABŞ tərəfindən isə təxminən 180 tankerə sanksiya qoyulub. Üç il ərzində baş verənlərdən aydın oldu ki, Qərb sanksiyaların pozulmasına göz yumub, yəni, dolayı yolla Rusiyanın maliyyə kanallarının kəsilməsini istəməyib.

Məlumdur ki, Qərb dünyası yardım etməsə, Ukrayna çox dözə bilməz. Bəs, əgər yuxarıda deylidiyi kimi sanksiyalar sərtləşdirilərsə və Ukraynaya güclü yardımlar edilərsə, Rusiyanın halı necə olacaq? Cavab bəllidir. Rusiya bir ölkə kimi taqətdən salınacaq, ordusu gücdən düşəcək və ağır məlubiyyətə uğrayacaq. Sonrakı proseslər isə ölkəni məhvə sürükləyəcək...

Rusiyanın Ümumi Daxili Məhsulundakı (ÜDM) hərbi xərcin payı dəfələrlə artıb və nəticədə iqtisadiyyatın mülki sektoru bərbad hala düşüb. Rusiya iqtisadiyyatının müharibəni sürdürmə limiti var. Doğrudur, hələlik həmin həddə çatmayıblar. Lakin faktlar göstərir ki, Rusiya iqtisadiyyatı maksimum hərbiləşdirilib və ölkə büdcəsi müharibə xərclərinin ödənilməsinə fokuslanıb. Əsas məsələ isə Vladimir Putinin müharibəyə necə pul tapmasıdır. Əgər Rusiyanın valyuta qazanmasına və kənardan texnologiya almasına qarşı qoyulmuş sanksiyalar işləyərsə, Rusiya iqtisadiyyatı bir ildən sonra müharibəni aparmaq iqtidarından məhrum olacaq. Digər tərəfdən, Ukrayna dron və raket zərbələrinin təsir gücünü dəfələrlə artırarsa, yeni situasiya yaranacaq.

Hazırda Rusiyada büdcədən müharibəyə nə qədər vəsaitin ayrılması tam məlum deyil. Çünki statistika dəqiq gösrəilmir. Bir çox tanınmış iqtisadçının fikrinə görə, göstərilən rəsmi məbləğ reallıqdan iki dəfə azdır. Hərbi zavodların üç növbəli və kəsintisiz işləməsini təmin etməkdən ötrü radikal addımlar atılır. Hökumət müəssisələri daxil borclanmaya məcbur edir. Dövlət büdcədən hərbi zavodlara pul ayırsa da, onun verilməsi prosesi ləngiyir və buna görə də zavodlar lazımi avadanlıqlar və məmulatlarla təchizatın yubanmaması üçün Rusiya banklarından imtiyazlı kreditlər götürmək məcburiyyətində qalırlar. Beləliklə, xüsusi “borc köpüyü” yaranır və durmadan şişir.

Büdcədən hərbi müəssisələrə ödənilən pulların həcmi ilə zavodların götürdüyü kreditlər arasında mütənasiblik getdikcə pozulur. Dövlət zavodlara pulu ödəyəndən sonra onlar banklarla hesablaşırlar və kreditin faizini yenə də dövlət ödəyir. Ortada yaxşıca korrupsiya karuseli fırlanır.

Bəllidir ki, hazırda hərbi sənayenin ümumi iqtisadiyyat üçün heç bir faydası yoxdur. Çünki istehsal olunan məhsul satışa yox, müharibəyə gedir və orada yanır. Rəsmi məlumata görə, Rusiya ÜDM-inin 8 faizi hərbi xərclərə yönəlir. Əsl həqiqətdə isə bu rəqəm daha yüksəkdir. Rusiya hökuməti müharibənin maliyyələşdirilməsi üçün çətin vəziyyətdən çıxış yolu kimi “Milli Rifah Fondu”na da əl atıb. Bu pullar “qara günlər” üçün saxlanılırdı. Yəqin, fikirləşiblər ki, elə bunun xərclənməsi üçün ən münasib zamandır, sonra işlər düzələr və fonda yenidən pul yığarıq.

Rusiyada hərbi zavodlarda işləyənlərə mülki sektorla müqayisədə üç-dörd dəfə yüksək məvacib veirirlər. İşləyənlərə yüksək maaş verilməsində məqsəd həm də əhali içərisində müharibənin tərəfdarlarının sayının artırılmasına xidmət edir. Həyatları boyu bu cür böyük pullar görməyən muzdlu döyüşçülər və fəhlələr Putinin və müharibənin alovlu tərəfdarına çevrilirlər. Təbii ki, bu prosesin ölkə üçün ziyanlı tərəfləri getdikcə şiddətlənir. Amma Kreml rəhbəri mülki əhalinin dərdini çəkməkdən çoxdan vaz keçib, onu yalnız müharibə maraqlandırır. Putin demişkən, “dvijuxa” olmayanda ruslar darıxırlar...

İqtisadçı ekspertlərin fikrinə görə, daxili kreditləşmə köpüyünün həcmi rekord həddə - 250 milyard dollara qədər yüksəlib. Rusiya hərb maşınının sükanı arxasındakılar nəyin bahasına olursa-olsun müharibəni pulla yemləməkdən ötrü əhalinin banklarda toplanmış əmənətlərinə də əl uzadıblar və sözügedən kreditlərin bir qismini zavodlara məhz həmin pullardan verirlər. Yoxsa, təkcə büdcə pulları ilə artan hərbi xərclərin ödənilməsi mümkün deyil. 

Ölkədəki banklarda 50 trilyon depozit rubl var və rəhbərlik gözünü ona dikib. Hələ ki, banklardakı əmanətlərdən rahat istifadə edə bilirlər, çünki dövlət zavodların kreditlərini bağlayandan sonra gec də olsa banklara yenidən pul axır. Həm də, daha çox pul çap etməklə pul kütləsini artırırlar. Daxili kreditləşmə prosesi şişdiyindən banklardakı mədaxil və məxaric balansı normadan artıq pozulur və vəziyyət getdikcə kritikləşir. Bəs, əgər əmanətçilər qəfildən kütləvi şəkildə pullarını banklardan çəkmək istəsələr necə olacaq? Yəqin, rəsmilər deyəcəklər ki, banklar iflas oldu.

Tarix göstərir ki, Rusiya hakimiyyətindən hər cür absurd hərəkət gözləmək olar. Kremldəkilər müharibəni pul tükənənə qədər aparıb, sonra atəşkəsdən danışacaqlar. Amma Tramp Ukraynanı Bayden kimi sözdə yox, əməldə dəstəkləyərsə,Rusiya ağır vəziyyətə düşəcək./azpolitika.info