“Heç bir valideyn travmalarını sağaltmadan sağlam övlad yetişdirə bilməz” - PSİXOTERAPEVT

İnsan həyatında yaşanan və bəzən onun iradəsindən aslı olmayaraq baş verən hadisə və proseslər onun psixologiyasında müəyyən izlər buraxa bilir. Travma 1-44 yaş qrupunda ölən insanların əsas səbəbidir. Xərçəng və ürək damar xəstəliklərindən sonra üçüncü yerdə gəlir. “Travma” yunan sözü olub, “yara” mənasına gəlir.

Bu haqda klinik psixoloq, psixoterapevt, Dünya Yaddaş Olimpiadaları Federasiyasının üzvü Mirşahin Əlizadə bildirib. O deyir ki, “travma” başımıza gələn hadisələr deyil, başımıza gələn hadisələr nəticəsində zehnimizin çıxardığı nəticələrdir. Bu sualın cavabını isə tam dərk etmək üçün zehnin necə işlədiyini bilmək lazımdır:

“Biz dünyaya gəldiyimiz andan etibarən 5 duyğu üzvümüz vasitəsilə (görmə, eşitmə, iybilmə, dadbilmə, toxunma) ətraf mühitdən davamlı informasiyalar alırıq. Topladığımız bu informasiyalar zehnimizdə müəyyən kateqoriyalar üzrə qruplaşdırılır. Adətən bu kateqoriyalar - insanlar, hadisələr və vəziyyətlər olur. Bilirik ki, zehin iki hissədən ibarətdir: şüur və şüuraltı. Şüurlu zehin həyatımızın cəmi 5%-lik bir hissəsini idarə edir, saniyədə cəmi 40 bit informasiya emal edir. Şüuraltı zehin isə həyatımızın 95% hissəsini idarə edir və şüurlu zehindən düz 1 milyon dəfə daha sürətlə işləyir, yəni saniyədə 40 milyon bit informasiya emal edir.

Ətraf mühitdən topladığımız informasiyalar zehnimizdə əvvəllər bizə tanış olan insanlar, vəziyyətlər ya da hadisələrlə əlaqələndirildiyi zaman, şüuraltı zehnimiz həmin anda (keçmişində) qazandığı inancları sanki bir eynək kimi bizim gözümüzə taxır. Artıq biz məsələyə o eynəklə baxırıq. Bu inanclar isə ya bizi dəstəkləyən müsbət, ya da bizi əngəlləyən mənfi inanclar olur. İstənilən halda inanclar bir duyğu yaradır, biz həmin duyğuya uyğun davranışlar sərgiləyirik.

Hamımıza da məlumdur ki, insan həyatda nə edirsə, onun bəhrəsini görür. Yəni davranışlarımız kimliyimizi formalaşdırır. Ruh halımızdan sosial məsələlərə, özgüvənimizdən hətta fiziki sağlamlığımıza qədər, - hamısı performanslarımızın nəticəsidir (davranışdır). Nəticə etibarilə, bu ssenari dövr edir. Həyatımızda davamlı təkrarlanan hadisələr yaşanır. Eyni vəziyyətlər, eyni cür insanlar, eyni uğurlar, eyni uğursuzluqlar... İnsan bunların səbəbini şüurlu olaraq dərk edə bilmədikdə, mistik mənalar yükləməyə başlayır. Günahı “qara qüvvələrin”, fövqəltəbii hadisələrin üstünə atır. Ya da Karl Qustav Yunqun (Carl Gustav Yung) dediyi kimi; “Şüuraltının fərqində olmayan insan başına gələn hər şeyi taleh zənn edir”. Yəni nəticə etibarilə, biz, fərqində olmadan, avtomatik şəkildə şüuraltı inanclarımız tərəfindən idarə olunuruq və inanclarımızı indi çox məşhur bir ifadə olan “travmalar” adlandırırıq. Budur travma; “yaşadığımız həyat təcrübələri nəticəsində zehnimizin çıxardığı nəticələrin (inancların) səbəbi”. İş orasındadır ki, inanclarımız travmalardan daha çox həyatımıza təsir edir. Aradakı fərq ondan ibarətdir ki, travmaları birbaşa biz yaşayırıq, yəni öz təcrübə etdiyimiz hadisələr olur, inanclar isə təcrübəmizdən kənar, qulaqdan dolma bilgilər nəticəsində də yarana bilir...”

Klinik psixoloq qeyd edir ki, inanclarımız sonradan yarandığı üçün onları dəyişmək mümkündür: “Biz dünyaya gələndə heç bir inancımız olmur. Özgüvən, özdəyər, uğurlu olma inancı, ya da uğursuzluq qorxusu, hamısı sonradan yaranır. İnsan dünyaya gələndə cəmi 2 qorxu ilə doğulur: yüksək səs və yüksəklikdən yıxılmaq. Qalan hamısını sonradan öyrənir. Bu barədə ətraflı məlumat almaq istəyənlər 1920-ci ildə Amerikalı psixoloq Con Uotson (John Watson) tərəfindən aparılan “Balaca Albert təcrübəsi” (ing; Little Albert Experiment) ilə maraqlana bilərlər. İnanclarımızı dəyişmək üçün müxtəlif üsullar, terapiyalar mövcuddur. Mənim ən sevdiyim, həm öz həyatımda, həm də klinik fəaliyyətimdə istifadə etdiyim metod olan PSYCH-K® (say-ke oxunur) üsuldur.

“Psixanın açarı” mənasına gələn bu metod, həyatında qalıcı və dərin dəyişimlər etmək istəyənlər üçün idealdır. Həm elmidir, həm insanın öz daxili aləminə etdiyi mənəvi bir səyahətdir, həm də olduqca sadədir. Sizin illərlə narahat edən problemlərinizin, travmalarınızın mənbəyi olan şüuraltı inanclarınızı, stressinizi bir neçə dəqiqə ərzində asanlıqla dəyişdirməyinizi təmin edir. Özü də xatirələrə girmədən, yəni sizi incitmədən. Dünyaca məşhur hüceyrə bioloqu Dr. Brus Lipton “İnancın biologiyası” əsərində bundan bəhs edir. Üstəlik, tibbi bir metod olmadığı üçün, təhsiliniz nə olur olsun, hamı tərəfindən asanlıqla öyrənilə bilər”.

Mirşahin Əlizadə həmçinin vurğulayır ki, travmalar inanclarımızı, inanclarımız isə həyatımızın 95% hissəsini idarə etdiyinə görə, nə kimi rolu olduğunu artıq hər kəs təsəvvür edə bilər. Zehni və fiziki sağlamlığımızdan kariyeramıza, münasibətlərimizdən şəxsi gücümüzə qədər çox geniş təsir dairəsinə malikdir. Lakin hər şeyi də travmaların üstünə atmaq olmaz: İnsan həyatının məsuliyyətini dərk etməli, yaşam adlı bu səyahətdə sükanın arxasına özü keçməli, “qurban psixologiyası”ndan çıxmalıdır. Qədim yunan mifologiyasında “Sisifos” adlı bir şəxs olur. Tanrıları aldatdığına görə, sonsuza qədər bir qaya parçasını dağın zirvəsinə qədər itələyərək qaldırmaqla cəzalandırılır. Qaya isə hər dəfə zirvəyə çatdıqda, geriyə qayıdır… Bu mənasız proses, hər dəfə təkrarlanır... Ancaq bir müddətdən sonra Sisifos, artıq özünün bu absurd yaşamını qəbullanır və öhdəliyini etməyə davam edir. Onun bu absurd məsələni qəbullanması, tanrılar qarşısında Sisifosu daha da güclü edir. Çünki artıq qəbullanaraq mübarizə aparır, üsyan edərək deyil…

Odur ki, insan da yaşadıqlarına görə günahlandırmaq yerinə, həyatının öhdəliyini götürdükdə, xoşbəxt və mənalı yaşamış olur. Əsl güclü insan budur”.

**

M.Əlizadə onu da bildirdi ki, travmalarımızın bizim cəmiyyətimizə, insanların inkişafına olan təsirlərini, fəsadlarını müzakirə etmək yerinə, məhdudlaşdırıcı inanclarımızın mənbəyində dayanan səbəbləri sağaltmaq lazımdır: “Xüsusilə də gəncləri maarifləndirmək lazımdır, onlar bilsinlər ki, öyrəndiyimiz inançlar həyatımıza, sonrakı nəsillərə və gələcəyimizə necə təsir edir. Qeyri-sağlam psixologiyası olan insan sağlam düşüncəli insan yetişdirə bilməz. Travmalarını sağaltmamış valideyn sağlam övlad yetişdirə bilməz. Ona görə maariflənmə mütləqdir. Cəmiyyət ayrı-ayrı fərdlərin icmasından ibarətdir. Hərə özü ilə məşğul olub düzəlsə, cəmiyyət də düzələcək. Bir söz var: “Hamı cənnətə getmək istəyər, ancaq heç kəs ölmək istəməz”. Cəmiyyətin inkişafını istəyən insan, özünü inkişaf etdirməklə başlamalıdır”.

Müsahibimiz deyir ki, gənclərin ailə həyatında travmalar nəticəsində qazandıqları məhdudlaşdırıcı inancların çox rolu var: “Bunu iki hissəyə ayıra bilərik: evlilik öncəsi və evlilik sonrası. Klinik təcrübələrimə əsasən deyə bilərəm ki, evlilikdən əvvəl gənclər özgüvənsizlik, uşağa yaxşı tərbiyə vermək üçün özünü yetərsiz hiss etmə, ailəni təmin edəcək qədər maddi gücə sahib olmama qorxusu, qıtlıq təfəkkürü və s. hisslər yaşayırlar. Bunun üçün də ümumiyyətlə evlənmək istəmirlər. Travmatik yaralarını sağaltmaq barəsində fikirləşməyənlər, bunun fərqində olmayanlar isə, sadaladığımız problemlərlə ailə həyatı qurur, sonrasında çox ciddi problemlərlə rastlaşırlar. Bu hallar ailələrin dağılmasına, xəyanətlərə, konfliktlərə, qeyri-sağlam uşaqların dünyaya gəlməsinə və boşanmalara qədər aparıb çıxara bilir.

Cəmiyyət fərdlərin cəmindən ibarətdir. Ümumiyyətlə, insan təbiət etibarilə neqativ düşünməyə meyllidir. Çünki şüuraltı zehnin vəzifəsi insanı həyatda saxlamaqdır. Bu səbəbdən, təhlükələri dərhal görməlidir. Ona görə də radarlarımız daim neqativi tutmağa açıqdır. Digər bir səbəb isə, ailədən gələn mənfi düşüncələrdir. 0-6 yaş arası çevrəmizdə danışılanlar bizim “düşüncə genetikamızdır”. Biz düşüncələrimizi genlərimizlə deyil, uşaqlıqdan bəri ətrafımızda gördüyümüz, eşitdiklərimiz bilgilərlə qazanırıq.

İnsan, sahib olmadığı bir potensialı yarada bilməz. Biz maşın sürməyi, rəsm çəkməyi, musiqi ilə məşğul olmağı öyrənir, ya da xüsusi bir bacarığa yiyələniriksə, bunu mümkün olduğu üçün edirik. Mən düşünürəm ki, bizim cəmiyyət pessimist deyil, əksinə, şad günlərini çox yaxşı şəkildə qeyd etməyi bilən cəmiyyədir. Ola bilər ki, müəyyən mövzularda pessimist yanaşa bilərik, bu da həyatın təbii axışının bir hissəsidir. Müsbət düşünmək də, mənfi düşünmək də insan təbiətinə xas olan xüsusiyyətlərdir, hər şey hər zaman mükəmməl ola bilməz. Həyatın ləzzəti də burdadır. Onun hər anından zövq almaq. Bir gün gələcək, hamımız geriyə dönüb gəncliyimizə baxanda, bəlkə də yaşadığımız həyati qayğıları şirin xatirələr olaraq yada salacağıq.

Gözəl xalqımız, cəmiyyətimiz var, arzu edirəm ki daim balanslı yaşayaq; həm fiziki, həm zehni, həm də mənəvi olaraq…”

Aynurə MUSTAFAYEVA