"Yaşlı anamı da bu oyuna qoşdum, 26 min pul itirdik" - "WhatsApp" PİRAMİDASI

"Yardımlaşma kampaniyası” adı altında vətəndaşları aldadaraq onların külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Tənzilə Kərimovanın cinayət işi üzrə məhkəmədə zərərçəkmişlər dindirilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Könül Rəsulova dindirilib. 

Onun sözlərinə görə, Tənzilə Kərimovanı şəxsən tanımayıb:

"2022-ci ildə mənə dedilər ki belə bir oyun var. Əvvəlcə tərəddüd etdim. Mənə ilk olaraq Bilqeys xanım müraciət etdi. Müəyyən məbləğləri geri istəsəm də aşağılandım. Oyunda aktivlər qrupu yaradılmışdı. 26 min 500 manat mənə zərər dəyib. Əvvəlcə 150 qoyub 1500 manat götürdüm. Şirinlikləşib sonra yenidən pul qoydum. Lakin gördüm ki, mən düzgün yolda deyiləm. Yaşlı anamı da bu oyuna qoşdum". 

Zərərçəkmiş Akifə Mirzəyevə bildirib ki, sosial imkanı zəif olduğundan bu oyuna qoşulub:

"Xadimə işləyirəm. Rəfiqəm dedi ki, bir oyun var 500 manat qoyaq ayın sonu yaxşı pul götürəcəyik. Xeyrimizi götürməyə vaxt çatanda dedilər ki gözləyin. O vaxtdan bir manat da almamışam. 3 dəfəyə 500 manat qoymuşam". 

Zərərçəkmiş Aysel Şıxıyeva da bu oyunun qurbanına çevrildiyini deyib:

"2022-ci ildə qoşulub 500 manat qoydum. Ayın sonu isə 1000 manat götürdüm. Daha sonra 500 manatı 2, 3 və 5 qata bonus olaraq qoydum. Ümumilikdə 33 min manat qoydum. O pulu da tanışlardan borc almışdım. Daha sonra o pullardan xəbər çıxmadı". 

Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib. 

Qeyd edək ki, Tənzilə Kərimova 11 "WhatsApp" qrupu yaradıb. O, bu qruplar vasitəsi ilə vətəndaşları aldadaraq onların külli miqdarda pullarını ələ keçirib. Belə ki, o vətəndaşlara qarşı 1 milyon 232 min 559 manat ziyan vurub.

Cinayət işi üzrə 81 nəfər zərərçəkmiş var.

Tənzilə Kərimovanın barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb./lent.az