“Problemin kökü narkotik satışındadır…” – Narkoekspert Emil Maqalov: “Narkomaniya polisin işi deyil…” / II HİSSƏ

“O uşaqlara kriminal aləmin mənfi tərəflərini, neqativləri danışan, anladan yoxdur…”

“Məktəb uşaqları deyirlər ki, mən avtoritet olmaq istəyirəm. Deyirəm ki, ol, amma sən savadsız avtoritet tanıyırsan? Deyirlər, yox. Onsuz da, o uşaq dərslərini oxusa avtoritet olmaq fikrindən uzaqlaşacaq”

Dövlətimizi və cəmiyyətimizi qarabaqara izləyən, hər evə girmək potensialı olan, istənilən ailəni məhv edə biləcək, heç bir kəsin sığortalana bilmədiyi narkomaniya bəlası, əslində, qarşımızda duran ən ciddi problemlərdəndir. Ölkəmizdə “narkomaniya ocağı”nın söndürülməsi üçün bir sıra ekspertlər öz rəylərini səsləndirir, problemldən çıxış yolu axtarmağa dəstək olurlar.

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkoekspert Emil Maqalovla söhbətimizdə də məsələyə dərindən nəzərə salmağa, problemin həlli yollarını araşdırmağa çalışdıq.

(Əvvəli bu lindkə: “Narkotiklərin yaratdığı ən böyük problem yoluxucu xəstəliklərin yayılmasıdır”)

- Özəl reabilitasiya mərkəzlərindəki kimi?

- Bəli, amma reabilitasiya mərkəzlərində olanlar gedib tində, dalanda, gizlin yerlərdə olanlarla işləmir, onlar mərkəzə gələn, gətirilən aludəçilərlə işləyir. Demək istəyirəm ki, adı çəkilən "Zərərin azaldılması" layihəsində "autric işçilər" - “çöl işçiləri” qismində həmin keçmiş narkomanlar hazırkı narkotik istifadəçiləriylə işləyir, həm əməkhaqqı alır, həm əvvəlki “kruq”una girir, oradakı adamları “quyu”dan çıxarda bilir. Gətirib anonim olaraq - onların adları kodla olur - həm müayinələrə, müalicələrə göndərir, həm steril materiallar verir, həm vəkilə göndərir, narkoloqa göndərir, bir-birilərinə dəstək olurlar. Mən deyən variantda cəmiyyətə, dövlətə lazım olan, yaxud risk altında olan insanları tapmaq üçün “çöl işçiləri” işləyirlər.

- Emil bəy, deyirsiniz ki, narkomaniyanın qarşısını almaq çox çətindir. Çözüm yolları sadalayıb, çıxış yolları təklif edirsiniz. Amma bu variantlar nəticə ilə mübarizədir. Bəs problemin köklü həlli nədədir?

- Məsələ burasındadır ki, hamı problemin özünü danışır. Problemin kökü narkotik satışındadır. Biz onunla mübarizə apara bilmərik. Bütün dünya bununla mübarizə aparır, heç bir nəticə də yoxdur. Bu, bir zəncirdir. Amma mən sizə deyim ki, güc strukturları necə lazımdır işləyir və digər ölkələrdən qat-qat artıq işlər görür. Keçən il mən ekspert kimi Gürcüstan parlamentində onlayn çıxış etdim. Onların 2021-ci il ərzində tutduğu "bariqa" -narkotacir sayı 131 nəfərdir. Amma Gürcüstanda təkcə mən 131 nəfər narkotik satıcısını tanıyıram. Bizdə isə o 131 nəfər bir günə tutulur. Söhbət narkomandan getmir, narkotik satıcısından gedir.

Bir veriilişdə də polislə yaxşı mənada mübahisə apararaq bildirdim ki, narkomanı tutmaq sənin işin deyil, narkoman xəstədir, o Səhiyyə Nazirliyinə aiddir. Narkoman ya 400 manat cərimə olunacaq, ya iki ay həbsdə qalacaq, ya da müalicəyə göndərilməlidir ki, müalicəyə yer də yoxdur. Son 15 illik iş təcrübəmə əsasən deyə bilərəm ki, çıxış yolu bizdə olan pulsuz, təmənnasız və anonim "Zərərin azaldılması" layihəsində 30-40 QHT-nin işləməsidir.  

- Aludəçilər narkodispanserlərdə fiziki detoksikasiyadan keçirlər, amma bu yetərli deyil. Onlar mütləq psixoloji reabilitasiya da keçməlidirlər. Necə düşünürsünüz, bəlkə insanların narkotiklərə meyllənməsində psixoloji asılılıq, psixoloji zəiflik faktoru durur?

- Siz haradasa görmüsünüz ki, hər hansı bir təlimə tində duran, çətin tərbiyə olunan uşaqları (AUE) yığsınlar?

- Xeyr, görməmişəm.

- Mən də görməmişəm. Təlimin təşkilatçısına nə lazımdır - təlimin keçirildiyini göstərmək üçün uşaqların şəklini çəkdirsin, nümayiş etdirsin, "nağıl danışsın". Mən nə edirəm - mən məktəbə gedirəmsə birinci o məktəbin ətrafındakı vəziyyətə baxaraq, həmin “AUE” ("Арестантский Уклад Един" – Məhkumun həyat tərzi birdir – müəl.) - çətin tərbiyə olunan uşaqları seçirəm. Və “AUE” dilində də onlarla danışıram. Belə bir misal çəkim - məsələn, 11-ci sinif şagirdləri olan bir “AUE” qrupa yaxınlaşıram, onların içində də gözümçıxdıya saldıqları bir uşaq gedib haradansa narkotik tapıb, gəlib onların yanında oturaraq narkotiki ortaya qoyur, onu aralarına qəbul etməyən daha nüfuzlu uşaqlara "qaqaş, gəlin, çəkək" ifadələri ilə təklif edir. Mən də kənardan baş verənləri izləyirəm. Bu addımla narkotiki təklif edən uşaq həmin qrupa qoşulmağa çalışır. Uşaqlar çətənəni yandırıb bir-birinə ötürməyə başlayırlar, aralarında təklifə qoşulmaq istəməyəni də ikna edirlər. Qoşulmaq istəməyən də özünü sındırmaq istəmir. Beləliklə, kənarda qalmaq istəyəni də aralarına qatırlar, o da narkoman olur. Mən deyirəm ki, uşaqlar, sizi özlərinə qoşmaq üçün ortaya atdıqları şübhə söhbətinə uymayın, onları başa salın. Məktəb uşaqları deyirlər ki, mən avtoritet olmaq istəyirəm. Deyirəm ki, ol, amma sən savadsız avtoritet tanıyırsan? Deyirlər yox. Deyirəm görürsənmi, oxumaq lazımdır. Onsuz da, o uşaq dərslərini oxusa avtoritet olmaq fikrindən uzaqlaşacaq. Onların nə istədiyini, nəyə meylləndiyini öyrənmək üçün diskussiya aparıram. Onlar çox zəkalı uşaqlardır. Onlar elmə, fizikaya yönəldilsə alim olarlar. Onlardan biri mənə məlum olan hadisənin ən xırda təfərrüatlarını danışdı. Onlara kriminal aləmin mənfi tərəflərini, neqativləri danışan, anladan yoxdur. Onlar YouTube, TikTok kimi sosial platformalardan istifadə edir, filmlərə baxırlar, elə bilirlər ki, yaxşı oğlansansa, narkotikdən istifadə etməlisən. Başa salıram ki, yoldaşlarınızı narkotikdən istifadə etməməyə razı sala bilmirsənsə, buna gücünüz çatmırsa, get onun atasına, qardaşına de. Deyirlər ki, müəllim, biz “işverən” deyilik. Onları başa salıram ki, “işverən” nə deməkdir. Onlara dünya çempionunu misal çəkirəm. Hansı ki,o narkoman olub, QİÇS-dən dünyasını dəyişib. O zaman mən bu şəxsə kömək edə bilmədim. Bu insan o zaman müalicə olunurdu, sonra təzədən narkotikə başlayırdı. O vaxt bu günki narkotiklər yox idi. Amma bu gün narkotikə başladıqdan sonra dəfələrlə müalicə olunmaq şansı yoxdur. Bizim problem bu cür çətin tərbiyə olunan uşaqları təlimlərə dəvət etməməkdir.

Başqa misal çəkim - məni universitetə çağırmışdılar. Tədbirdə 200 nəfər uşaq var idi. İçəri girəndə qapının yanında bir xeyli sual verdilər, cavabladım. Tədbir zalında polis, nazirliyin şöbə rəisi, rektor, prorektor oturmuşdu, söhbət bitdikdən sonra hamı nağıl danışdı (boğazdan yuxarı sözlər), mən də təklif etdim ki, siz sual verin, cavablandırım. Tədbirdən əvvəl mənə sual verənlərdən birinə dedim ki, mənə bayaq sual verdiniz. Tələbə isə mənə qaba şəkildə dedi ki, mən sizə sual vermədim. Sonra tədbirdən çıxanda həmin gəncə dedim ki, niyə mənə o tərzdə cavab verdin? Gənc mənə dedi ki, siz elə söz dediniz ki, onlar elə bilər mən narkomanam. Gənclərə bu şəraiti yaratmaq lazımdır ki, sözünü danışsın, ürəyindən keçənləri səsləndirsin, bilmədiklərini öyrənsin ki, TikTokda, YouTube-da gördükləri səhvdir, yanlışdır. 25-30 yaşlı elə insanlar var, hələ də elə bilirlər ki, həyat TikTokda, sosial şəbəkələrdə göstərilən kimidir.

- Deməli problem bundadır ki, biz uşaqlarla, gənclərlə bağlantımızı qoparmışıq. Sovet zamanında məktəblər təlim-tərbiyə ocağı idi. Evdə tərbiyə verilməyən uşaq məktəbdə tərbiyə olunurdu…

- Valideynin özü də tərbiyəsiz, savadsız ola bilər… Yaxud normal valideyn işlədiyinə görə uşağı ilə çox vaxt keçirə və normal ünsiyyət qura bilmir. Uşağın həyatının 6-7 saatı məktəbdə keçir. Bunu kim diqqətə almalıdır - psixoloq. 29 və 49 məktəb psixoloquna onlayn təlim keçirirdik, şahidi oldum ki, vəziyyət çox acınacaqlıdır. Onların içində 3-4 nəfər savadlı psixoloq var idi. Elə bil onları mətbəxdən gətirib təlimdə oturtmuşdular. Bu cür psixoloqların məqsədi 200-300 manat əməkhaqqıdır. Onların işləmək üçün stimulu yoxdur ki, uşaqlarla işləsin.

İkincisi, 1000-2000 nəfər şagirdə bir psixoloq bəs etmir. Pandemiyadan əvvəl məni Moskvaya, oradan da Sverdlovska təlimlərə dəvət etmişdilər. Orada 200 şagirdə bir psixoloq var idi, həmin psixoloqlar da çox savadlı idilər. Çöldəki bütün narkotiklərdən xəbərləri var idi. Bizdə isə 1000 şagirdə bir “evdar qadın” düşür. Bununla dair Təhsil Nazirliyinə rəsmi müraciət etmişəm ki, heç olmasa 500 nəfər şagirdə bir psixoloq ayrılmalı və onlara təlim keçilməlidir. Üstəlik, təklif də etmişəm ki, bu təlimlərin saatı 300 manata keçildiyi halda mən bu təlimləri pulsuz, havayı keçirəm. Məndən başqa da Azərbaycanda kvalifikasiyalı ekspert yoxdur. Yəni bu xırdalıqlara qədər təklifləri irəli sürmüşəm ki, təki uşaqlara tətbiq edilsin. Bundan əlavə, heç olmasa meylli uşaqları aşkarlayıb, valideyninə deyə bilməsələr də bizə xəbər versinlər.

- Yəni vaxtında belə uşaqları düzgün yönəltsinlər ki, onlar narkotiklərə meyllənməsinlər.

- Bəli, bu problemin qarşısını tam almağın yeganə yolu həmin “AUE” uşaqları vaxtında düzgün yönəltməkdir.    

Söhbətləşdi: Asya ŞÜKÜROVA,

Stopnarkotik.az